“Belə hallarda qələbə qazanmaq çətindir” - Rəşad Sadıqov
- 20:40
- 41
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 7-ci turunda “Şamaxı”ya qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 1:1 hesablı heç-heçə barədə bunları söyləyib:
“Oyun çox ağır keçdi. Üç həftə idi ki, bu matça hazırlaşırdıq. Futbolçulara daim deyirdik ki, qarşılaşma gərgin və yorucu olacaq. Elə də oldu. Birinci hissə bizim üçün yaxşı keçdi, amma əlverişli epizodlardan istifadə edə bilmədik. İkinci hissədə rəqib uzaq məsafədən zərbə ilə qol vurdu. Buna qol epizodu demək də çətindir. Bundan sonra hesabı bərabərləşdirdik, yaxşı hücumlarımız oldu. Təəssüf ki, ikinci qolu vura bilmədik. Belə ciddi çətinliklər yaşadığımız dövrdə hətta bir xal qazanmaq da asan deyildi. Xoşbəxtlikdən, heç olmasa, bir xal əldə etdik.
Fasilənin əsas faydası zədəli futbolçularımızla bağlı idi. Təəssüf ki, bəzi oyunçularımız zədələndi. İssa Cibrilla milli komandada zədə aldı. Quima da zədələndi. Georgi Papunaşvilinin iki həftə qızdırması oldu. Problemlər bir-birinin üzərinə gəlir. Onlar haqqında nə qədər çox danışırıqsa, sanki sayı da bir o qədər artır.
Papunaşvili cəmi bir məşq keçirmişdi. Eren Aydın da elə. İmkanım olsaydı, onları meydana buraxmazdım. Leqbo üçün də bu, zədədən sonra ilk oyun idi. Meydana o mövqeyə buraxmağa futbolçumuz yox idi. Bu tendensiya davam edir. Qapımıza bir zərbə vuruldu və qol oldu. Belə hallarda qələbə qazanmaq çətindir.
Əlimizdən heç nə gəlmir. Qalan sağlam futbolçularla nəsə etməyə çalışacağıq. Məcburən oyun sistemini dəyişirik, başqa variantlar düşünürük. Leqbonu sol cinah müdafiəçisi, Bayere Lueni isə hücumçu kimi nəzərdən keçirirdik. Amma futbolçu çatışmazlığına görə Leqbonu irəli çəkməli olduq”.