Stas Pokatilov: "Qazaxıstanla Azərbaycan vəziyyət eynidir, hər zaman nəticə gözləyirlər"
- 09 Okt 2026 23:46
- 65
"Sabah"ın kapitanı Stas Pokatilov "Neftçi" ilə qarşılaşmadan (0:0) sonra "Rekord.az"-a müsahibə verib. O, həm bu matç, həm "Slaviya" qarşılaşması, həm də millisindəki çıxışı barədə sualları cavablandırıb:
- Bugünkü oyunu necə qiymətləndirirsiniz? Oyunun sonlarında etdiyiniz seyvin komandanı məğlubiyyətdən xilas etdiyini demək olar...
- Oyun çətin keçdi. Xüsusilə də beynəlxalq fasilədən sonra. Hələlik oyun tonusumuz çatışmır və komandamız tədricən optimal formasını bərpa edir. Düşünürəm ki, bu fasilə bir qədər tempimizi aşağı saldı və qələbə ritmimizi pozdu. Amma eybi yoxdur. Ümumiyyətlə, «Neftçi»də də vəziyyət oxşardır. Əlbəttə, bəzi məqamlarda top hissiyatımızın çatışmadığı hiss olunurdu. Bundan əlavə, meydanın vəziyyəti də pis idi. Halbuki əvvəlki oyunlarda meydança əla vəziyyətdə idi.
- Siz komandanın kapitanısınız və qarşıda sizi Çempionlar Liqasında «Slaviya»ya qarşı oyun gözləyir. Komandanı belə bir oyuna necə kökləyirsiniz? Əlbəttə, əsas tapşırıqlar və göstərişlər baş məşqçidən gəlir. Ancaq kapitan və demək olar ki, komandanın təcrübəli oyunçularından biri kimi siz də komanda yoldaşlarınıza dəstək olur və onları ruhlandırırsınızmı? Axı hər kəs yeni vəziyyətlərə fərqli şəkildə uyğunlaşır və komandanın əksər üzvləri üçün bu, Çempionlar Liqasında debüt deməkdir.
- Mən də elə onlar kimi debütantam! (Gülür.) Zarafat bir yana, xüsusi göstərişlərim və ya fərdi yanaşmam yoxdur. Bütün oyunlara eyni qaydada məşq edir və hazırlaşırıq. Sadəcə, oyun günü həm paltardəyişmə otağında, həm də birbaşa stadionda kapitan kimi bir neçə ruhlandırıcı söz deyirəm. Ümumiyyətlə, hər şey bundan ibarətdir.
- Sonuncu sualım millidəki çıxışınızla bağlı olacaq. Uzun müddət milliyə dəvət almadığınızı nəzərə alsaq, öz çıxışınızı necə qiymətləndirirsiniz?
- Hesab edirəm ki, çıxışım pis olmadı. Komandanın nəticəsinin belə olması təəssüf doğurur. Daha yaxşı nəticələr əldə etmək istəyirdik və müəyyən mənada azarkeşləri məyus etdiyimizi anlayırıq. Bunu özümüz də çox yaxşı başa düşürük. Lakin bunun bir sıra obyektiv səbəbləri var.
Komandanın başına yeni baş məşqçi gəlib və hələlik qarşılıqlı anlaşma və komanda oyunu baxımından çatışmazlıqlarımız var. Düşünürəm ki, bu, normaldır. Yeni baş məşqçi gəldikdə tələblər dəyişir və hər şeyin dərhal alınması mümkün olmur.
Qazaxıstanda hər zaman nəticə gözləyirlər. Düşünürəm ki, Azərbaycanda da vəziyyət eynidir. Hazırda öz potensialımızdan aşağı səviyyədə çıxış etdik.
Elşən Əskərov, "Rekord.az"