Derbi barədə şərh
- 21:49
- 48
Təki bütün 0:0-lar belə olsun.
Əla idi.
Derbi ab-havası hiss olundu. Favorit "Sabah" sayılsa da, "Neftçi" geri çəkilmədi, rəqibindən qorxmadı. Nəticədə son çempionla hazırkı liderin meydançanın bütün nöqtələrində mübarizəsinə şahidlik etdik.
Əslində, qollar da ola bilərdi. Hər iki hissənin əvvəli və sonlarında komanda qol epizodları əldə etdilər. Yararlana bilməmələri müxtəlif səbəblərdən oldu: bəzisində texniki bacarıq çatmadı, bəzisində təcrübə, bəzisində isə qapıçılar əla oynadılar.
Ümumilikdə, təbii ki, "Sabah" daha hazırlıqlı və səviyyəcə daha yaxşı görünürdü. "Slaviya" ilə ÇL matçı öncəsində milli fasilə vaxtı bir yerdə görmədiyi heyəti sınamaq üçün son şans olduğundan, Dambrauskas əsas heyətin böyük hissəsini meydana buraxmışdı. Mikels, İsayev və Raxmonaliyev isə "B variantı" idi. Həm bu oyunçuları çox riskə atılmamalı idi, həm də adətən 60-65-ci dəqiqədən sonra yorulan "Neftçi"nin bu zəif nöqtəsindən istifadə etmək planının bir hissəsi idi. Plan işləyə bilərdi. Bu üçlü meydana çıxandan sonra masazırlılar (hələ ki) ön xətdə daha aktiv göründülər, nisbətən daha yaxşı pressinq edərək bəzi epizodlar əldə edə bildilər. Ancaq "Sabah"ın oyunçuları da dəmirdən deyil, onlar da yorula bilirlər, həm də vacib matç öncəsində sona yaxın riskə getməməyi də üstün tutdular.
"Neftçi" isə döyüşkənlik göstərdi. Çempion qarşısında 90 dəqiqə geri çəkilmədilər, əksinə xarakter nümayiş etdirdilər. Hətta 86-cı dəqiqədə Ribeyronun yerə yıxılmasından sonra hakim həkimləri meydana dəvət edəndə komanda yoldaşları buna etiraz etdilər, həkimə "gəlmə" işarəsi verərək, oyunu tez bərpa etməyə tələsdilər. Bu, "ağ-qaralar"ın qələbə istəyini aşkar göstərən bir epizod idi. Bu istəklə 7-8 dəqiqəni hücumda keçirən "Neftçi" qələbə qolunu da vurmağa yaxınlaşdı. Ancaq Pokatilovun gözəl seyvi buna mane oldu.
Qeyd etdiyimiz kimi, qol olmasa da matç ərzində keyfiyyətli, sürətli və gərgin bir qarşılaşma izlədik. Bu hesab liqanın sonrakı gedişatına müsbət təsir göstərəcək. Göründü ki, "Sabah" da məğlubedilməz deyil, "Neftçi" də iddiasından əl çəkməyəcək.
Əladır. Ardı gəlsin!