Derbiyə Vernidub damğasını vurdu.


Ötən matçdakı səhvlərin heç birini təkrarlamadı, doğru, dəqiq müdaxilələrlə fərqi ortaya qoydu. 


İlk məqam öz prinsiplərindən bir matçlıq imtina edərək komandanı arxaya çəkməsi idi. Bu gün 1:5-lik matçdakı hücuma qaçan, pressinq etməyə çalışan, ancaq bununla da müdafiədə boşluqlar verən "Neftçi"ni görmədik. Nəinki Azərbaycanda, artıq bütün Avropada bilirlər ki, "Qarbağ"a qarşı bu cür oynamaq özünəqəsddir. Ukraynalı mütəxəssis də bunu gördü, səhvini anladı və hər şeyi dəyişdi.


Start heyət və sonrakı əvəzetmələr doğru edilmişdi. Oyun ərzində təkbətək mübarizələrdə kobuda yaxın, çox sərt müdaxilələrlə "Qarabağ"ın həm əks-hücumlarının qarşısının alınması, həm də ümumilikdə sürətinin aşağı salınması diqqətdən yayınmadı. Bu cür top gəzdirən, sürətli pas trafikinə əsaslanan oyunu olan komandalara qarşı bu cür çıxış ən doğru yoldur. Nəticəsini də gördük. Belə hallarda, oyunun hakiminin performansı ön plana çıxır ki, budəfəki əla idarəçilik matçda futboldan başqa şeyləri danışmağa imkan vermədi. 


"Neftçi" oyun ərzində cəmi 8-10 dəqiqə konsentrasiya problemi yaşadı ki, məhz bu məqamda qonaqlar fərqləndilər. Həm fiziki olaraq eniş vardı, həm də əvəzetmələrdən meydana daxil olan oyunçular gedişata tam uyğunlaşana qədər vaxt keçməli idi. Üstəlik, "Qarabağ"ın təzyiqi artmışdı, xüsusilə sol cinahda daha effektiv görünürdülər. Son oyunlarda yaxşı oynamayan Falaye Sakonu boş buraxdığı cinah keçidinin qolla nəticələnməsi təbii görünürdü. 


Bundan sonra həm yorulan, həm də rahatlayan, həm də ehtiyat qüvvəsi az olduğundan başqa planı da olmayan "Qarabağ" bir qədər sakitləşdi. Vernidub isə əksinə, Rezabala müdaxiləsiylə qələbə niyyətini ortaya qoydu. Və bu da nəticəsini verdi. 


Məntiqli, ədalətli nəticə idi. Mövsümün bitməsini gözləyən, həm fiziki, həm də psixoloji yorulan futbolçulardan ibarət "Qarabağ"ın bundan artığına sadəcə gücü çatmadı. "Neftçi" isə həm ağıllı, həm də əzmkar futbolunun əvəzini əldə edərək layiqli qələbə qazandı. 


Və bu qələbədə əsas imza Yuri Vernidubundur. Bu adam öz komandasını, bu komanda da öz məşqçisini tapıb. 5 mövsümdən və 4 gün əvvəlki 1:5-lik ağır məğlubiyyətdən sonra "Neftçi"ni toparlamaq, bu cür nöqtəni qoymaq ancaq yüksək məşqçilik səviyyəsinə işarədir. Sadəcə, bravo!


Bu mövsümün son nəticəsindən asılı olmayaraq gələn il daha güclü, daha iddialı "Neftçi" görəcəyik. Buna şübhəm yoxdur. Daha güclü "Neftçi" isə daha güclü çempionat, daha böyük futbol deməkdir. Səbrsizliklə gözləyirik!