AFFA U-15 Qızlar Liqasında 2024/2025-ci illər mövsümünə yekun vurulub.


Rekord.az xəbər verir ki, Bayıl stadionunda üçüncü yer uğrunda oyun və final görüşü keçirilib.


Bürünc mükafat uğrunda matçda “Araz-Naxçıvan” üzərində 4:0 hesablı qələbə qazanan “Şəfa” kollektivi yarışı üçüncü sırada tamamlayıb.


Ardından final qarşılaşmasında “Təhsil” və “Ulduz” kollektivləri üz-üzə gəliblər. Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında 4:3 hesablı qələbə qazanan “Təhsil” çempion olub. “Ulduz” isə gümüş medallara yiyələnib.


Oyundan sonra ilk üç yerin sahibləri medallar və diplomlarla təltif olunublar. Həmçinin fərdi nominasiyalar üzrə qaliblər bəlli olub. “Ulduz”un futbolçusu Rəbiyyə Əhməd mövsümün ən yaxşı oyunçusu, “Təhsil”in üzvü Aylin Quluzadə ən yaxşı qapıçısı seçilib. Mövsüm ərzində 19 qol vuran “Ulduz”un oyunçusu Könül Hüseynova isə ən məhsuldar futbolçuya verilən mükafata sahib olub.


Mükafatları AFFA-nın Qadın Futbolu Departamentinin rəisi Əminə Həsənova, 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Həbib Ağayev və 15 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Gülənbər Qasımova təqdim ediblər.