21 yaşadək futbolçulardan ibarət milli komandanın martın 24-dən 29-na kimi Bakıda təlim-məşq toplanışı oldu. Baş məşqçi Milan Obrodoviç bu müddət ərzində 26 futbolçunun xidmətindən yararlandı. U-21 dörd yoxlama oyunu keçirdi ki, hər birinin nəticəsi ilə tanışsız. Həmin qarşılaşmalarda qeydə alınan hesablardan bəhs etməyəcəyik.


Toplanış ərəfəsində serbiyalı mütəxəssisin təəccübünə səbəb olan hadisə yaşanıb. Gəlin, problemi Milan Obradoviçin dilindən eşidək: “Toplanışa bir çox oyunçuları həm taktiki, həm fiziki hazırlaşdırmaq üçün dəvət etmişdim. Müxtəlif komandalardan 26 futbolçu dəvət olunmuşdu. Onlar arasında “Turan Tovuz”un üzvü Elçin Qasımov da var idi. Novruz bayramından iki gün öncə mənimlə danışmaq istədi. Bildirdi ki, bayramı ailəsi ilə qeyd etmək istəyir. Bunun üçün icazə istədi. Mən də öz növbəmdə bildirdim ki, bura milli komandadı və nəyəsə məcburiyyət yoxdu. Buna görə də ona icazə verdim. “Qarabağ”la oyundan sonra dedi ki, əzələsində problem var. 3 ay öncə yaranmış bir zədədi. Qeyd etdi ki, əzələsində yenidən problem yaranıb, bu səbəbdən məşq edə bilməyəcək. Evə getmək üçün icazə istədi, mən də razılıq verdim. Milli komandanın düşərgəsini zədə üzündən tərk etdi. Ciddi zədə olduğunu bildirdi. Hətta həkim nəzarətindən keçdi. Bundan sonra bizimlə məşq etmədi. Sonra daha maraqlı hadisə baş verdi. Martın 27-də o, klubunun heyətində U-17 yığmasına qarşı matçda meydana çıxıb. Hətta qol da vurub. Başa düşmürəm ki, onun zədəsi necə oldu? Ailəvi problemlərini necə həll etdi? Bunların hamısını mənə, həkimə, milli komandanın rəsmisinə bildirmişdi. Onun problemləri mənə maraqlı deyil. Lakin belə məqamları xoşlamıram. 2 il yarımdı burda çalışıram. Milli komandada belə problemlə heç vaxt qarşılaşmamışdım. Bütün futbolçular dəvətimi qəbul ediblər və istənilən səviyyədə mübarizə aparıblar. Onlar milli formada mübarizə aparmaqdan qürur duyublar, sona qədər döyüşüblər. Düzdü, bəzən məşqlərə gecikənlər də olub. Amma oyunlarda can qoyublar. Birinci dəfə görürəm ki, futbolçu millidən öz klubu üçün imtina edir. Özü də yoldaşlıq görüşünə görə. Düşünürəm ki, klubu ona çox böyük basqı edib ki, millinin düşərgəsini tərk etsin. “Turan Tovuz” çox yaxşı komandadı. Amma bunu heç vaxt anlayışla qarşılamayacam. Kimsə buna haqq qazandıra bilər. Amma milli komandadan imtina edib, klubun yoldaşlıq görüşündə meydana çıxmaq ağlasığmaz hadisədi”.


Serbiyalı mütəxəssis bir sıra klublardan narazlığını da gizlətmədi: “Bəzən 1-ci divizionda çıxış edən komandalardan mənə zənglər gəlir ki, onların milliyə dəvət etdiyim futbolçularını geri verim. Digərləri isə narazılıq edir ki, niyə klubumdan oyunçu çağırmırsan? Və ya bəziləri şikayət edir ki, niyə 10 futbolçumu milliyə dəvət etmisən? Bunu heç vaxt anlaya bilməyəcəm. Belə şeyləri heç vaxt dəstəkləmirəm və qəbul etmirəm. Serbiyada da məşqçi, millinin çalışdırıcısı da olmuşam, indi də Azərbaycan üçün çalışıram. Amma heç vaxt belə şey görməmişəm. Karyeram ərzində belə şeylərə heç vaxt fikir verməmişəm və bir daha bu cür hadisələrin yaşanmasına razı olmayacam. Oyunçu xoşuma gəlirsə, onu milliyə layiq bilirəmsə, dəvət edəcəm. Yığmaya çağrılmaq hər futbolçu üçün qürur olmalıdı. Klublar da bunu mütləq anlamalıdılar. Birinci divizion U-21 yığmasının əsas bazasıdı. Burda çıxış edən istənilən futbolçunu yığmaya dəvət edə bilərəm”. ("Futbol plus")