"Sumqayıt"a yeyib-içməyə gələnlər
- 2023-09-27 13:00
- 715
"Sumqayıt" mövsümün əvvəlində və mövsümün startından sonra xeyli sayda legioner futbolçu transfer etdi. Abi Dosso, İsa Sulimani, Kristian Velinovski, Roi Keyhat, Oktava Manteka, Mossi Tresor, Kasimir Ninqa, Erik Sorqa. Adları çəkilən 8 legionerdən başqa, düçərgədə ötən mövsümdən transfer edilən Masimo Murata da var. Amma böyük təəssüflə qeyd etməliyik ki, komanda hələ ki, bu legionerlərin faydasını görmür. Geridə qalan 7 turda "Sumqayıt" rəqib qapılarına elə bu sayda qol vurub. Maraqlıdır ki, yeni transferlərdən cəmi iki nəfər bu qollarda iştirak edib: Erik Sorqa və İsa Sulimani. Qalan 5 qolu yerli futbolçular vurub. Sulimaninin müdafiəçi olduğunu, Sorqanın isə yeganə qolu ilk turda "Səbail"ə penaltidən vurduğunu nəzərə alsaq, yeni transfer olunan və ön xətdə yer alan əcnəbilərin işi konkret fəaliyyətsizlik deməkdir. Velinovski, Keyhat, Manteka, Tresor, Ninqa, elə Sorqanın özü, bunlar görəsən bura niyə gəlib, yaxud gətirilib? Bunlara hər ay bu qədər pullar niyə verilir? Bu futbolçuların bura gəlişində səbəbkar olan şəxslər hansı məsuliyyəti daşıdıqlarını bilirlərmi? Yayda ön xətdə 6 yeni legioner alan klub 3 turdu niyə rəqib qapılarına qol vura bilmir? Yoxsa həmin futbolçular və onları bura gətirənlər elə bilir ki, bura oynamağa yox, yeyib-içməyə, gəzib əylənməyə gəliblər? Düşünürəm ki, "Sumqayıt"ın prezidenti Riad Rəfiyev, eləcə də klubun baş məşqçisi Samir Abasov, transferlərə cavabdeh olan digər şəxslər də bu haqda yaxşı-yaxşı düşünməlidir. Əks halda hər tur komandanı turnir cədvəlində daha da dibə aparacaq...
Anar XANLAROV