"Sumqayıt" etiraz edir: "Artıq neçənci dəfədir ki, hakimlər bizə qarşı belə yanlış qərarlar verirlər"
- 13:52
- 62
Dünən baş tutan "Sumqayıt" - "Qarabağ" matçı hər nə qədər gözəl atmosferdə, maraqlı idman mübarizəsi və əsl bayram ab-havasında keçsə də, təəssüf ki, oyundan sonra təkcə futbol yox, həm də hakimlərin yanlış qərarları müzakirə olundu.
"Rekord az" xəvər verir ki, qarşılaşmanın baş hakimi Fərid Hacıyevin oyun zamanı bir neçə epizodda verdiyi qərarlar azarkeşlər və futbol ictimaiyyəti tərəfindən birmənalı qarşılanmadı.
Məsələ ilə əlaqədar "Sumqayıt"ın hansısa addımlar atıb-atmayacağı ilə bağlı klubun mətbuat katibi Zaur Xudiyevlə əlaqə saxladıq. Klub rəsmisi bildirdi ki, sözügedən oyundakı hakim qərarları haqqında AFFA-ya şikayət edəcəklər:
"Könül istərdi ki, bu gün gözəl oyundan, atmosferdən, futbol bayramından danışaq, amma təəssüf ki, bir neçə dəfə olduğu kimi, bu dəfə də "Sumqayıt"ın matçında bizim əleyhimizə verilən növbəti yanlış hakim qərarlarını müzakirə edirik. Artıq neçənci dəfədir ki, hakimlər "Sumqayıt"a qarşı belə yanlış qərarlar verirlər. Bilmirəm, bu bəlkə də daha güclü olan tərəfi qoruma instinktidir, ya nədir, amma fakt budur ki, nə "Qarabağ"ın belə yanlış qərarlarla gələn köməyə ehtiyacı var, nə də başqa digər komandanın. Hakim müəyyən epizodlarda ədalətli qərar versə, hər iki tərəf də var gücü ilə oynayar, meydanda əsl futbol şousu olar. Təsadüfi deyil ki, bütün mövsüm boyu hakimlərdən danışmaq istəməyən, bu barədə fikir bildirməyən baş məşqçimiz Saşa İliç belə ilk dəfə narazılığını dilə gətirdi. Biz klub olaraq bütün bunların təsadüfi olduğunu düşünmürük. İstər qarşılamanın 11-ci dəqiqəsində Emanuel Addainin Ramalinqoma aşkar şəkildə kobud oyunu zamanı verilməyən qırmızı vərəqə, istərsə də 59-cu dəqiqədə Rayan Senhadcinin adi ikili mübarizə zamanı gördüyü ikinci sarı və dolayısı ilə qırmızı vərəqə bizə qarşı birbaşa hakim qərəzidir. Bu kimi hallarla dəfələrlə üzləşən tərəf olaraq AFFA-ya öz şikayətimizi bildirəcəyik. Gəlin, nəzərə alaq ki, belə qərarlar bizim aylarla, illərlə çəkdiyimiz əziyyətlərimizi heçə endirir. Təsəvvür edin ki, o qədər azarkeş toplayırıq, meydanda yaxşı atmosfer yaradırıq, əvəzində hansısa hakimin yanlış, qərəzli qərarı insanları futboldan soyudur, küskünlük yaradır. Bu, futbola investisiya qoymaq istəyən sponsorları da bu sahədən uzaqlaşdırır".