"Sumqayıt" azarkeşlərindən yeni layihə: Fan klub rəhbəri bizə danışdı
- 30 Sen 2024 15:00
- 153
"Sumqayıt" azarkeşləri Azərbaycan futbolunda bir ilkə imza atıb.
Rekord.az xəbər verir ki, Misli Premyer Liqasının 8-ci turunda keçirilmiş "Neftçi" ilə matçdan etibarən hər turda komandanın bir üzvü fanatlar tərəfindən "oyunun ən yaxşısı" seçilərək təltif olunacaq.
"Neftçi" ilə oyunun ən yaxşısı seçilən Mehdi Cənnətovun hədiyyəsi dünən baş tutmuş bərpa məşqində futbolçuya təqdim olunub. Bəs bu təşəbbüs hardan yarandı, kim irəli sürdü, bununla bağlı saytımıza açıqlamasında "Kimyaçılar" fan klubunun rəhbəri Sənan Mirzəyev məlumat verib: "Neftçi" ilə oyun öncəsi azarkeşlərlə baş məşqçimiz Samir Abasov arasında görüş keçirdik.Həmin görüşdə təkliflə çıxış etdim ki, bundan sonra nəticədən asılı olmayaraq, hər oyun azarkeşlərimiz arasında matçın ən yaxşısını seçək. Samir müəllim də təklifimi bəyəndi və dəstəkləti. İlk olaraq "Neftçi" ilə oyundan sonra bu ilki gerçəkləşdirdik və azarkeşlərimiz Mehdi Cənnətovu "ən yaxşı" seçdi. Azarkeşlər adından Sumqayıtın simvolu olan "Göyərçin"i qapıçımıza təqdim etdik".