Solnada yazılan strategiya
- 20 Noy 2024 10:24
- 310
Azərbaycan millisi İsveçin Solna şəhərində keçirilən qarşılaşmada meydan sahiblərinə 0:6 hesabıyla uduzub. Bundan əvvəl Qəbələdəki oyunda estonların qapısına yol tapa bilməmişdik, məğlubiyyətə bərabər sayılan heç-heçəylə barışmışdıq. Biz bu nəticələrlə həm də C Liqasındakı yerimizi itirib, “cırtdanlar”ın arasına yuvarlandıq. Avropanın ortabab yığmaları İsveçlə Slovakiya estonlarla birləşib bizə yerimizi göstərdilər.
Bütün bunlar normal hadisələrdir. Futbol ədalətli oyundur, bu oyuna necə yanaşırsansa, o da bu yanaşmanın cavabını meydandakı nəticələrlə sənə qaytarır. AFFA uzun müddətdir ki, Azərbaycanda futbolun inkişafının imitasiyası ilə məşğul olur. Əcnəbi mütəxəssislər bir-birini əvəzləyir, “milliləşdirilən” futbolçuların sayını-hesabını itirmişik. Nəticələr isə dəyişmir ki, dəyişmir. Biabırçı məğlubiyyətlər alın yazımıza çevrilib, Azərbaycanın bütün yığmaları Avropada “qapazaltına”, “asan yemə” çevrilib.
Dünənki 0:6-dan sonra Fernandu Santuş məsuliyyəti öz üzərinə götürüb, özünü günahkar elan edib. Ondan az sonra Mahir Emreli də günahkar olduqlarını dilə gətirib. Sözsüz ki, hər birinin günahı var. Birinin baş məşqçi kimi, digərinin futbolçu kimi. Amma ən əsas günahkar AFFA-dır. Sağda-solda hədəf axtarıb, əsas hədəfdən yayınmamalıyıq. Futbolçuları əla salmaqla, aşağılamaqla heç nə əldə etməyəcəyik. Onların bacardıqları budur, bundan artığı əllərindən və ayaqlarından gəlmir. O qədər məğlub olublar ki, artıq bu cür məğlubiyyətlər adi hala çevrilib, həyat tərzidir. AFFA o suala cavab verməlidir ki, nə üçün bizim futbolumuz bu vəziyyətdədir? Nə soyuqqanlı qapıçımız var, nə etibarlı müdafiəçimiz. Tapşırığının öhdəsindən gəlməyi bacaran yarımmüdafiəçimiz, rəqib qapısı qarşısında özünü itirməyəcək, “çərçivə”ni iki dənə görməyəcək, hədəfi düzgün nişan ala biləcək hücumçumuz da yoxdur.
Əvəzində Almaniyadan Berti Foqtsu, İtaliyadan Canni De Byazini, Xorvatiyadan Robert Prosineçkini, Portuqaliyadan Fernandu Santuşu milyonlarla xərc çəkib, Azərbaycana gətiririk. Adı ağır, xərci çox əcnəbi çalışdırıcıların əlindən-ayağından iş gəlməyən futbolçularla nəticə qazanacağına özümüzü inandırıb, bir-birimizi aldadırıq. Yazının əvvəlində qeyd etdiyim kimi, futbolun ədaləti də şapalağı ağzımızın üstündən vurur, Avropanın fərqli stadionlarında böyük hesabla məğlub oluruq.
Mən çox təəssüf edirəm ki, AFFA-nın rəhbərliyi dəyişsə də, futbola yanaşma və baxış dəyişmədi. Buna da uyğun olaraq da nəticələr yaxşılaşmadı, əksinə, daha da pisləşdi. Belçikada oturanlara Azərbaycan futbolu üçün strategiya yazdırmağa ehtiyac yoxdu. Hər şey göz qabağındadır. Estonlar Qəbələdə həmin strategiyanın yeni səhifəsini yazmışdılar, dünən də Solnada AFFA-nın gözünün açılması üçün yeni bir səhifə yazıldı. İsrafçılığa son qoymaq, Santuşu da evinə yola salmaq lazımdır. Zərərin yarısından dönün, çağırın azərbayacanlı futbol adamlarını, mütəxəssislərini. Onların səsini eşidin, sözlərini dinləyin. Başqa strategiyaya ehtiyac yoxdur.