Samir Abasov üçün mövsümün sınağı
- 22 İyn 2024 11:22
- 1287
Uğursuzluğa görə “Neftçi”dən ayrılan Miodraq Bojoviç bu yaxınlarda verdiyi müsahibəsində ötən günləri xatırlayıb. “Neftçi”ni Azərbaycanın beşincisi edən əcnəbi mütəxəssis “ağ-qaralar”la uğur qazana bilməməsinə bərabət qazandırmağa çalışıb. Bunun üçün gətirdiyi arqumentlərdən biri də “Sumqayıt”la “Neftçi”nin qarşılaşmasında hakim idarəçiliyi olub.
Bojoviçin həmkarımız Həbiblə söhbətindən bir sitata baxaq: “Sumqayıt”la “Neftçi Arena”dakı oyunumuzu yada salın. Hakimlər “Sumqayıt”a çox kömək etdilər və həmin matçda bizi yerə gömdülər”. Sözügedən qarşılaşma hamımızın yadındadır. Elçin Məsiyevin idarəçilik etdiyi, amma ədaləti qoruya bilmədiyi həmin oyunda “Sumqayıt”ın xeyrinə bir çox hakim səhvlərinə yol vermişdi. Bojoviç də onu nəzərdə tutur, bir növ həmin oyundan özü üçün qalxan düzəldir. Xatırladım ki, Elçin Məsiyevin “Sumqayıt”ın “12-ci oyunçu”suna çevrildiyi qarşılaşma 1:1 hesabıyla yekunlaşmışdı. “Neftçi” aprelin 7-də keçirilən oyunda “Sumqayıt”a qalib gələ bilsəydi, “ağ-qaralar” mövsümü 58 xalla başa vuracaqdı, “gənclik şəhəri”nin təmsilçisinin isə 56 xalı olacaqdı. Bu isə o demək idi ki, UEFA Konfrans Liqasına “Sumqayıt” yox, “Neftçi” getməliydi.
Belə olan halda Bojoviç də “Neftçi”dəki işini davam etdirəcəkdi, indi “ağ-qaralar” sonu görünməyən qaranlıq tuneldə olmayacaqdı. Ümumiyyətlə, ötən mövsüm “Sumqayıt”a hakimlərin kömək etməsiylə bağlı iddialar bitib-tükənmək bilmədi. Mövsüm ərzində dəfələrlə hakimlər “Sumqayıt”ın lehinə, onun rəqiblərinin əleyhinə mübahisəli qərarlar qəbul etdilər. Düzdür, bu səhvlərin məqsədli şəkildə edildiyi, yoxsa təsadüfən belə alındığı hamımız üçün qaranlıqdır. Bunu bir hakimlər bilir, bir də göydəki Allah. Amma həmin səhvlərin olduğu danlılmaz faktdır. Bu səhvlərin ardıcıl olması da “hakimlər “Sumqayıt”a kömək edir” iddialarının yaranmasına səbəb oldu. Əlbəttə ki, bütün bunlar ehtimaldır. Futbolda xal ehtimallara, hakim səhvlərinə görə yox, 90 dəqiqənin sonunda qeydə alınan nəticəyə görə verilir. Həmin nəticə də odur ki, “Sumqayıt” Azərbaycanı avrokuboklarda təmsil etmək üçün lazım olan xalı toplayıb, adını iştirakçılar sırasına yazdırıb.
Artıq “Sumqayıt”ın rəqibi də məlumdur. Avrokuboklarda təkcə “gənclik şəhəri”ni yox, bütövlükdə Azərbaycanı təmsil edəcək komanda ilk uğuru qazanmaq üçün Macarıstan “Fehervar”ını üstələməlidir. 83 yaşlı “Fehervar” “Debretsen” və yaxud “Ferentsvaroş” qədər olmasa da, ölkəsinin güclülərindən sayılır. Elə bu rəqibin iki il bundan əvvəl “Qəbələ” ilə qarşılaşmalarını da xatırlayır. Doğma meydanda “Qəbələ”ni 4:1 hesabıyla məğlub edən macarlar Qəbələdəki 1:2 hesablı yenilgiyə rəğmən turu keçməyi bacarmışdılar. Deməli, “Fehervar”ı Azərbaycan komandaları üçün çətin rəqib hesab edə bilərik. Üstəlik, “Sumqayıt”ın avrokuboklardakı əvvəlki çıxışı ürəkaçan nəsə vəd etmir.
Bütün bunları yazmaqla azarkeşləri bədbinliyi səsləmək istəmirəm. Diqqət çəkmək istədiyim məqam Samir Abasovla bağlıdır. Abasov ölkənin gənc və iddialı məşqçilərindəndir. Onun bu mövsüm “Sumqayıt”dakı işi də alqışalayiqdir. Amma əsl sınaq yeri Avropa səhnəsidir. Orda layiqli çıxış etməklə, sumqayıtlı azarkeşləri sevindirməklə təriflərə daha çox layiq olmaq mümkündür. Elə mövsüm ərzində davam edən hakimlərlə bağlı iddialara da son qoymaq olar. Yetər ki, “Sumqayıt” avrokuboklarda kiçik də olsa, uğur qazansın. Bir sözlə, Samir Abasovun əsl sınağı qarşıdadır. Uğur olsun!