“Sabah”ın amerikalı basketbolçusu Cerri Bleyks FIBA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu seçilib.


Rekord.az xəbər verir ki, 28 yaşlı basketbolçu FIBA-nın azarkeşlər arasında keçirdiyi səsvermədə 52 faiz səslə birinci olub.


Bleyks bu ada “Sabah”ın Türkiyənin “Trabzonspor” klubunu 91:72 hesabı ilə məğlub etdiyi qarşılaşmadakı çıxışından sonra layiq görülüb. O, meydanda keçirdiyi 29 dəqiqə ərzində 17 xal, doqquz məhsuldar ötürmə və dörd ribaundla yadda qalıb. Amerikalı basketbolçu görüşü 28 effektivlik reytinqi ilə başa vurub.


Bu qələbə sayəsində “Sabah” FIBA Çempionlar Liqasının qrup mərhələsində ikinci uğurunu qazanıb.


Qeyd edək ki, daha əvvəl Bakı klubunun digər basketbolçusu Frenki Fidler də azarkeşlərin səsverməsinə əsasən həftənin ən yaxşı oyunçusu seçilmişdi.