"Yuventus"un və Portuqaliya millisinin ulduzu Kriştianu Ronaldo 3 qat dünya çempionu Pelenin rəsmi oyunlardakı qol rekordunu qırmasına münasibət bildirib.

Rekord.az xəbər verir ki, 36 yaşlı hücumçu bu barədə instaqram hesabında yazıb.

Karyerasında 770-ci qola imza atan forvard ona dəstək olan hər kəsə təşəkkür edib: "Peşəkar karyeramda 700-ci qolu vurduqdan sonra ilk sözlərim birbaşa Peleyə ünvanlanır.

Dünyada onun oyunları, hədəfləri, və qazandığı uğurlar haqqında hekayələri dinləyərək böyüməyən futbolçu yoxdur. Mən də istisna deyiləm.

Bu səbəbdən, Pelenin rekordunu üstələdiyim üçün qürur duyuram. Madeyrada uşaq olarkən bunu xəyal belə edə bilmirdim".

Ronaldu komanda yoldaşlarına, rəqiblərinə, azarkeşlərə və hər kəsdən əvvəl ailəsinə, yaxın dostlarına təşəkkür edib:

"İndi növbəti matçları səbrsizliklə gözləyirəm. Növbəti rekordlar və kuboklar. Mənə inanın, bu hekayə hələ bitməyib. Gələcəkdə "Yuventus"la və Portuqaliya yığması ilə qazanacağım çox şey var".

Ronaldo A Seriyasının XXVII turunda "Kalyari"ni 3:1 hesabı ilə yendikləri görüşdə het-trik edib. 3 qat dünya çempionu Pele rəsmi matçlarda 767 dəfə fərqlənib.

Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində martın 24-də İtaliyadakı "Yuventus" stadionunda Portuqaliya ilə üz-üzə gələcək. Ronaldonun növbəti rəsmi görüşü məhz yığmamıza qarşı ola bilər.