
Rəşad Sadıqovun qrafikdən gileylənməsinin əsası var?
- 18 Mar 2021 17:00
- 775
Yığmamızın DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində bu ay üç oyun keçirəcəyindən xəbərdarsız.
Rekord.az xəbər verir ki, Canni de Byazinn çalışdırdığı komanda martın 24-də səfərdə Portuqaliya, 3 gün sonra Macarıstanda Qətər ilə qarşılaşacaq.
Martın 30-da isə Serbiyanı qonaq edəcəyik. İtalyan mütəxəssis yığmanın seçmə mərhələ oyunlarına daha yaxşı hazırlaşması üçün premyer-liqanın təqvimində dəyişiklik edilməsini istəmişdi. Çempionatın təşkilinə cavabdehlik daşıyan qurum da yığmanın mənafeyini nəzərə alaraq, təqvimə yenidən əl gəzdirdi, komandaların bir qədər sıx qrafiklə meydana çıxmasını lazım bildi. İlk turlarda bu dəyişiklik narazılıq doğurmasa da, 19-cu turda “Zirə”nin baş məşqçisi Rəşad Sadıqovla “Sumqayıt”ın çalışdırıcısı Ayxan Abbasov 4-5 gündən bir meydana çıxmağın komandalarının çıxışına təsir göstərdiyini qabartdılar. Xüsusilə də Sadıqovun təqvimdən narazılığı söylədiklərindən açıq-aşkar hiss olundu: “Futbolçularımızın aldığı zədələr həqiqətən də fiziki hazırlıqla bağlı deyil. Bizdə baxırsan ki, yıxılır, çiyni çıxır, bu gün Klesio qaçdığı yerdə ayaq biləyi burxuldu. Sıx qrafiklə oynamaq çətindi. Yanvarda bizim proqramımız dəyişdi. Gərək bu qrafik tərtib olunanda həm milli, həm də klublar nəzərə alınsın. Sıx qrafikdə heyətimiz kasad olduğu üçün oynamaq çətindi. Ağabala zədədən qayıtmışdı, onu qorxa-qorxa oynadıram. Şikayət etmirəm, ancaq çalışacağıq ki, bu vəziyyətdən çıxaq”.
“Qartallar”ın baş məşqçisinin oyunsonrası mətbuat konfransında söylədiklərindən belə çıxır ki, PFL yığmanın mənafeyini düşünüb təqvimdə dəyişiklik edəndə klubların mövqeyini öyrənməyib. Əks halda nə qədər də “şikayət etmirəm” desə də, Rəşad bəyin təqvimdən narazı qaldığı açıq-aşkar hiss olunur.
Bəs PFL dəyişikliyə gedəndə klub məşqçilərinin fikrini öyrənib? Dəyişikliyə onların münasibəti necə olub? Bu suallara cavab tapmaq üçün qurumun Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasovla danışdıq: “Filip Pahtman, Davit Volkov, eləcə də Klesio Bauk “Zirə” ilə yanaşı, premyer-liqamız üçün də vacib oyunçulardı. Adını çəkdiyim futbolçular həqiqətən də çempionata rəng qatırlar. Təəssüf ki, onlar bəxtsiz şəkildə zədə alıblar. Bunu fiziki yükləmə ilə yox, sadəcə, təsadüfi və bəxtsiz zədələr kimi qiymətləndirə bilərik. O ki qaldı sıx qrafik məsələsinə, hazırda “Zirə”nin baş məşqçisi olan Rəşad Sadıqov son 10 ildə bu sıx qrafiki çox ciddi şəkildə hiss edib. Həm çempionatda, həm də avrokuboklarda müntəzəm iştirak 3-4 gündən bir oyun deməkdi. Sadıqov bu işin tam mərkəzində olub. Onun fikirləri ilə razıyam ki, avrokubok iştirakçılarını çıxmaqla bundan öncəki yaxın illərdə başqa komandalar üçün belə sıx qrafik olmayıb. Amma bu sıx qrafik dediyimiz hər beş gündən bir oyuna çıxmaqdı. Beynəlxalq miqyasda, eləcə də bizim Əsasnamədə qarşılaşmalar arasında 48 saatlıq zaman kəsiyi olanda oynamaq üçün hansısa problem qalmamalıdı. Bu məsələnin nəzəri və qayda tərəfidi. Amma praktiki tərəfdən baxanda zədələr, cəzalar və başqa gözlənilməz hadisələr təsir edə bilər. Digər tərəfdən, COVID-19 pandemiyası elə çətinliklər yaratmışdı ki, biz çempionata heç vaxt olmadığı kimi gec başladıq, dekabrda məhz yoluxmalar olduğu üçün təxirə getməli olduq. Elə bir period idi ki, uzunmüddətli nələrsə etmək çox çətin idi. Çünki necə olacağını tam əminliklə bilmək olmurdu. Şükür ki, bu gün komandalarımızda sırf koronavirusla bağlı problem yoxdu. Dekabrda dəyişikliklər edilərkən bir neçə baş məşqçi, klub nümayəndələri videokonfransda iştirak edib. Martda müvafiq dəyişikliklər edilməzdən öncə bütün baş məşqçilərlə şəxsən özüm bir neçə dəfə danışıb, müvafiq variantlar üzərində müzakirə aparmışam. Çünki təqvim dəyişərkən ilk növbədə baş məşqçinin planı dəyişir və mən bunu gözəl başa düşdüyümdən onlarla fikir mübadiləsi aparmışam”.
Elgiz bəy pandemiyanın da təqvimə çox ciddi təsir göstərdiyini vurğuladı: “Razıyam ki, mövsümün əvvəlində tərtib olunan təqvimə mümkün qədər az müdaxilə olmalıdı. Pandemiyadan əvvəlki mövsümə nəzər salsaz, görərsiz ki, milli komandamız da planauyğun hazırlıq keçib, təqvim isə avrokuboklardakı oyunlara görə maksimum 1 gün dəyişib ki, bu da Əsasnamədə qeyd olunub. Amma dediyim kimi, bu mövsum pandemiya bizə xeyli çətinliklər yaratdı və bütün bunlar lokal yox, beynəlxalq məsələdi ki, bizə də təsir edib. Bunun fonunda düşünürəm ki, AFFA, PFL və klublar olaraq, ortaq məxrəc tapa bilmişik. Hazırda klublarımızda yoluxma yoxdu, çempionat və kubok oyunları davam edir. Martdakı dəyişikliklə bağlı konkret danışmalı olsam, düşünürəm ki, məşqçilərin də fikirləri dinlənilməklə ən uyğun variantın üzərində dayanmışıq. Aşağı-yuxarı hər bir baş məşqçi bu dəyişikliyə razılaşıb. Bir məsələni də unutmayaq ki, milli komandamızın qarşıda vacib 3 oyunu var. Çempionatın keçirilməsinin əsas səbəblərindən biri isə məhz milli üçün baza formalaşdırmaqdı. Ümid edirəm ki, yığma daha çox məşq günü qazanmaqla oyunlara daha yaxşı hazırlaşa biləcək. Beş gündən bir oynamağın indi müəyyən çətinliklər gətirdiyini bilirəm. Həm də ümid edirəm ki, bu beşgünlük oyunlar avrokuboklar üçün baza yaratmış olacaq. Klublarımız növbəti mövsümdə Çempionlar Liqası və Konfrans Liqasında üç gündən bir oynamağa hazır olub, Azərbaycanı layiqincə təmsil edəcəklər”.("Futbol plus" qəzeti)