“Qarabağ”ın hücumçusu Ramil Şeydayev Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Bakıda Yunanıstanın “Olimpiakos” komandasına qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bölüşüb.

Rekord.az xəbər verir ki, o, bu gün keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“İlk oyunda biz qalib gəldiyimiz üçün rəqib revanş almaq istəyir. Bu səbəbdən bizə çətin olacaq. Amma nəticənin bizim xeyrimizə olacağına ümid edirəm. Sabah bütün azarkeşləri tribunada gözləyirik”.

Şeydayev “Olimpiakos”a vurduğun qoldan sonra çılğın formadakı sevincini də şərh edib: “Bunun səbəbi tribunalarda məhz yunan azarkeşlərin olması deyildi. Sadəcə, sevindim. Deməzdim ki, emosiya partlayışı idi. Bilərəkdən etməmişdim. Adi qol sevincim idi”.

Sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Olimpiakos” matçına saat 20:45-də start veriləcək.