Premyer-liqanın 14-cü turunda Zirə Olimpiya İdman Kompleksində keçirilən "Zirə" - "Səbail" oyununun 86-cı dəqiqəsində meydan sahiblərinin futbolçusu Moiz Adileu zədələnərək yerə uzandı.

Rekord. az xəbər verir ki, "dənizçilər"in kapitanı Rahid Əmirquliyev bunu simulyasiya kimi qiymətləndirərək hakimə şikayət edəndə, Rəşad Sadıqov ona səsləndi:"Yekə oğlansan, get öz işinlə məşğul".

Bundan sonra ikili arasında mübahisə başladı. Sadıqov bu olaya belə aydınlıq gətirdi:

"Rahid birinci bizə etiraz etdi. Mən də dedim ki, sənin bizim skamyaya dönüb nəsə deməyin düzgün deyil. Rahidlə 15-20 ilin dostuyuq. Başqa bir şey ola bilməz. Etiraza gəlincə, müzakirə edirik də. O da olmaz?"


Əmirquliyevin hadisəylə bağlı fikri isə belə oldu:
 

"Mən meydana girərkən Elmir Tağıyev yerdə qalmışdı. Bu zaman Rəşadla köməkçisi Eltun Yaqublu mənə dedi ki, “Rahid, bunlar nə qədər yıxılırlar? Onlara de, dursunlar”. Mən də rəqibin oyunçusu yıxılarkən onlara dönüb “indi özünüz deyin, sizin oyunçu yıxılıb, qalxsın ayağa. Bayaq mənə deyirdiz” söylədim. Sadıqov mənə “işinlə məşğul ol” demədi. “Bizə söz atırsan? Yekə oğlansan” söylədi. Başqa bir şey olmadı, böyüdüləcək nəsə yoxdu”. ("Futbol plus")