"Qarabağ" çətin səfərdə
- 10:18
- 42
"Qarabağ"ın günüdür.
Bu gün Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində "Qarabağ" səfərdə Kiyev "Dinamo"su ilə qarşılaşır. Matç Ukraynanın məlum durumuna görə Polşanın Lüblin şəhərində keçiriləcək.
Oyunun afişası böyükdür, dünənin bu gün ilə baş-baş gəlməsidir. Sovet futbol tarixinin ən güclü komandası, son illərdə postsovet məkanının ən güclü komandasına qarşı oynayacaq. Ad olaraq möhtəşəm matçdır. Amma "Dinamo"nun sadəcə adı qalıb, tarixinin heç kölgəsi də deyil. "Qarabağ" isə ötənilki fantastik çıxışdan sonra yenilənmə mərhələsini keçir, tam gücü və formasını hələ bərpa etməyib. Kimin üstün gələcəyini görmək çox maraqlı olacaq.
Reallıq həqiqətən də "Dinamo" uzun illərdir adına layiq çıxış etmir, ona yaxın da düşmür. Ötən mövsüm Ukrayna liqasında yalnız 4-cü pilləni tuta biliblər, Avroliqanın ilk təsnifatında "Universitatya Krayova"nı iki qolsuz matçın sonunda penallarda keçiblər, sonra isə PAOK-a hər iki matçda məğlub olaraq KL-ə düşüblər. Heyətləri super deyil, üstəlik, psixoloji olaraq çox dağınıqdırlar. Baş məşqçi İqor Kostyuk da "çemodanı hazır" vəziyyətdədir, hər an qovula bilər. Azarkeşlər bu işin an məsələsi olduğunu, bunun elə "Qarabağ"la matçlarda baş verə biləcəyini düşünürlər.
Bir şey dəqiqdir ki, avrokubokların istənilən mərhələsində rəqib ciddiyə alınmalıdır. Onlar Ukrayna təmsilçisidirlər, bizə yuxarıdan-aşağı baxıb "biz kimləri yenmişik, bunlar kimdir ki" deyəcəklərsə, yanacaqlar. "Qarabağ" hələ tam forma yığmadan belə kiyevliləri darmadağın edəcək gücdədir. Qurban Qurbanovun yetirmələri Sofiyadakı tempi bu dəfə də ortaya qoysalar, "Dinamo"nun şansı yoxdur. Cütün aşkar güclü tərəfi məhz bizik. Digər tərəfdən, bunu bilə-bilə "əvvəlki "Dinamo" deyil" deyib meydana çıxsaq, problem yaşaya bilərik. Ona görə də matça da, rəqibə də ciddi və hörmətlə yanaşmaq lazımdır. Necə ki, Hoca bunun oyunöncəsi mətbuat konfransında etdi. Deməli, belə səhvə yol verilməyəcək.
Turun taleyini "Qarabağ" həll edəcək. Kiyev təmsilçisi oyun planında xüsusi heç nə ilə fərqlənmir. Klassik 4-2-3-1 üzərində oyun qurur, cinahlardan aktiv istifadə edərək təhlükə yaratmağa çalışırlar, duruma görə mərkəzdən də bəxtlərini sınaya bilirlər. Amma taktiki intizam problemləri var. Planı sabit həyata keçirə bilmirlər, oyun ərzində kökdən tez-tez düşərək sadə səhvlərlə yadda qalır, bu səbəbdən çətinliklər yaşayırlar. "Qarabağ" isə bu baxımdan güclü komandadır. Fiziki, təbii aritmiyadan başqa "köhlən atlar"ın matç zamanı belə enişli-yoxuşlu oyunu olmur, kollektiv öz planını doğru və sabit yerinə yetirir. Qarşılaşmanın da, turun da müqəddəratını məhz ağdamlıların hazırlıq səviyyəsi, matçlar zamanı yaradılan şanslardan necə istifadə edib-etməməsi həll edəcək. "Dinamo" sadəcə şansını gözləyəcək. Biz imkan versək keçəcəklər, verməsək keçməyəcəklər. Hər şey bu qədər sadədir.
Bəzi suallar var. Məsələn, Savonun yerində kim oynayacaq? Musa oynayacaq, elə də olmalıdır. Sefas hücumçu deyil, ora öyrəşməyib, orada Qurbanlı qədər effektiv ola bilməz, çünki ampluaca uyğun gəlmir. Sonra uyğunlaşacaq, yaxşı oynayacaq, qollar vuracaq, bu sonranın söhbəti olacaq. Komandanın bitiricilik problemi var və Musaya şans verilməlidir.
Sofiyadakı 120 dəqiqə bir neçə oyunçunu çox yormuş və baş məşqçinin dediyi kimi mikrozədələrə gətirib-çıxartmışdı. Ona görə də start heyətdə dəyişikliklər ola bilər. Ən çox qorxulan Yankoviçdir, penaltini vurandan sonra ayağını çəkdiyi görünürdü. Digərləri də var, qərarı məşqçi verəcək. Böyük ehtimalla, komanda oyuna 2-3 fərqli adla başlayacaq və duruma görə davranacaq.
"Qarabağ" rəqibindən daha yaxşı komandadır və qələbəyə yaxın tərəfdir. Təmsilçimizin son illərdəki oyun təcrübəsi ona iddialı olmağa, meydanda 1 nömrə kimi çıxış etməyə imkan verir. İnanmaq olar ki, ağdamlılar elə ilk matçdaca bunu sübut edəcək və Bakıya komfort üstünlüklə qayıdacaqlar.
İrəli, "Qarabağ"!