
Ötən həftə “Neftçi”, bu həftə “Turan Tovuz”...
- 11:26
- 135
Yeni mövsümdə qələbəyə həsrət qalan “Neftçi” Premyer Liqanın 4-cü turunda “Sabah”ı qəbul etdi və 90 dəqiqə ərzində qapılara qol vurulmadı. Qolsuz başa çatan qarşılaşmadan sonra “Neftçi” rəsmi “Feysbuk” səhifəsindən video paylaşdı. Başlığına da “1 epizod, 2 qayda pozuntusu, 0 penalti” yazılmışdı.
Söhbət İnqilab Məmmədovun tərəddüd etdiyi epizoddan gedirdi. “Sabah”ın futbolçusu Andrey Santos “Neftçi”nin hücumu zamanı əvvəlcə rəqibinə açıq ayaqla müdaxilə etmiş, yerə yıxılarkən isə əliylə topun qarşısını kəsmişdi. Məmmədov əvvəlcə “nöqtə”ni işarə etsə də, sonradan VAR-ın çağırışıtla monitora baxmağa getdi və qərarını dəyişdi. “Neftçi” də bu epizodu paylaşmaqla eyni epizodda iki dəfə qaydanın pozulduğuna işarə vurdu, penalti təyin edilməməsini hakimlərin “Sabah”a yardım etməsi kimi qiymətləndirdi.
Beşinci turda “Sabah” doğma meydanda “Turan Tovuz”u qəbul edirdi. Bu qarşılaşmada ədaləti qoruyan Rəvan Həmzəzadə idi. Masazırdakı qarşılaşmada da VAR-ın müdaxiləsinə ehtiyac yarandı. Birinci hissədə qonaqlar qol vurdular. Amma epizoda VAR-da baxıldı və oyundan kənar vəziyyət qeydə alındı. “Turan Tovuz” bundan başqa Kahim Parrisin Aleksandro Serranonun dizinə zərbə vurduğu epizodla bağlı da narazılığını ifadə edib. Onlar da “Neftçi” kimi “Feysbuk”dan video paylaşıb və belə yazıblar: “2 qərar, 0 ədalət, - 3 xal”.
Mən İnqilab Məmmədovun və Rəvan Həmzəzadənin, eləcə də onların VAR-da oturan həmkarlarının doğru, yaxud da yanlış qərar verdiklərini müzakirəyə çıxarmaq istəmirəm. Onsuz da hakim qərarları yetərincə incələnir, müxtəlif vasitələrlə mütəxəssislər mübahisəli epizodlara öz şərhlərini verirlər. Bəzən də hərə özünə sərf edən şəkildə şərh verir ki, bu da öz yerində. Mənim diqqət çəkmək istədiyim məqam başqadır. Heç beşinci tur tamamlanmayıb, artıq hakimlikə bağlı narazılıqlar sıralanır. Videoçarxlar hazırlanır, AFFA-nın və hakimlərimizin ünvanına atmacalar səslənir. Heç də yaxşı hal deyil. Turlar irəlilədikcə, mübarizə qızışdıqca biz nələrə şahidlik edəcəyik?
Özü də bu cür narazılıqların əsasən “Sabah”la oyunlardan sonra baş qaldırması, mübahisəli epizodlarda adətən bu komandanın xeyrinə qərarlar çıxarılması heç də xoş görüntü deyil. “Sabah”a rəhbərlik edənlərin AFFA-da da söz sahibi olması onların hakimlər üzərində də hökmranlıq etməsi, ədalət təmsilçilərinin təzyiq altında meydana çıxması barədə də şübhələrə yol açıb. Ötən mövsüm Azərbaycan Kubokunun yarımfinalındakı “Neftçi” – “Sabah” oyununda səhv buraxan Rauf Allahverdiyevin bir göz qırpımında hakimlikdən uzaqlaşdırılması da bu şübhələri gücləndirir. Məşhur təmsildə deyildiyi kimi, hakimlərimizin “dərisi soyulan yoldaşlarının” taleyini yaşamaq, “çörək pullarını” itirmək istəmirlər. Belə bir qorxu da həm onların meydandakı hərəkətlərinə mane olur, həm də şübhələrə və söz-söhbətlərə yol açır.
İmanımı yandırıb, “Sabah” rəhbərliyini və hakimlərimizi ittiham etmək istəmirəm. Amma ortada acı bir gerçəklik var ki, onunla da hesablaşmalıyıq. “Sabah” rəhbərliyi də, hakimlərimiz də bu cür şübhələrə yol açacaq hərəkətlərə yol verməməlidilər. AFFA isə söz-söhbəti yatırmaq, şübhələrə son qoymaq üçün Rauf Allahverdiyevi geri çağırıb, ona yeni bir şans verməlidir. Hər halda, nələrisə dəyişmək lazımdır. Yoxsa “Neftçi” ilə “Turan Tovuz”un şikayətlərinə digərləri də qoşulacaq.
Yazar haqqında
