"Mahir Emrelinin "Dinamo"dakı durumunun pis olduğunu düşünmürəm. O, məşq etməli və öz şansını gözləməlidi".

Rekord.az xəbər verir ki bu sözləri sportal.az saytına açıqlamasında "Neftçi"nin sabiq futbolçusu Tomislav Vişeviç deyib.

Vaxtı ilə Azərbaycana legioner həyatı yaşamaq üçün gəlmiş ilk xorvatiyalı futbolçulardan olan Vişeviç "Neftçi" və "Olimpik"(Bakı) klublarında oynayıb. 41 yaşlı mütəxəssis "Dinamo" forması geyinən Mahir Emrelinin Zaqreb klubundakı performansını, durumunu şərh edib. Vişeviçin fikrincə millimizin hücumçusu oynamasa da, "Dinamo"nu tərk etməməlidi: "Mahir "Dinamo"nu tərk etməməlidi. Bunun zamanı deyil. Çünki bildiyim qədərilə həm Bruno Petkoviç, həm də Mislav Orsiçə görə kluba çox yaxşı təkliflər gəlib. Böyük ehtimalla "Dinamo" onları satacaq. Mahir üçün çox yaxşı şans yarana bilər. Məncə, bir müddət də gözləsə, hər şey onun üçün daha yaxşı alınacaq. Ümidvaram ki, Mahir "Dinamo"da əsas heyət üzvünə çevriləcək".