“Neftçi” Misli Premyer Liqasının 29-cu turunda 26 aprel, saat 19:00-da “Qarabağ”ı qəbul edəcək.


Rekord.az xəbər verir ki, oyuna böyük marağı nəzərə alaraq, hər iki klub azarkeşlərinin təhlükəsizliyinin yüksək şəkildə təmin olunması və matç zamanı azarkeşlər arasında yarana biləcək mümkün arzuolunmaz halların qarşısını almaq məqsədilə müvafiq preventiv tədbirlərin görülməsi planlaşdırılır.


“Palms Sports Arena”da keçiriləcək görüşdə Ağdam təmsilçisinin azarkeşləri üçün “Qərb 2” sektoru ayrılacaq. Onlar biletlərini oyun günü – aprelin 26-sı saat 12.00-dan etibarən stadionun “Qarabağ” azarkeşləri üçün xüsusi ayrılmış kassasından əldə edə bilərlər.


Təhlükəsizlik məqsədi ilə arenanın “Neftçi” azarkeşləri üçün nəzərdə tutulan sektorlarına “Qarabağ” klubunun formasını, şarfını və ya digər rəmzlərini daşıyan azarkeşlərin buraxılmasının qarşısı alınacaq.


“Neftçi” PFK olaraq azarkeşlərin təhlükəsizliyi və oyunun insidentsiz keçməsi üçün nəzərdə tutulan bu tədbirlərin anlayışla qarşılanacağına inanırıq.