Tovuzda yeni futbol akademiyasının açılışından sonra qərb təmilçisininn növbəti mövsüm birinci diviziondan elitaya yüksələcək iki klubdan biri olacağına dair fikirlər daha tez-tez səslənməyə başladı. Çoxlarının fikrincə, akademiyanın açılması “Turan Tovuz”un premyer-liqada çıxış etməsi yönündə əsas maneələrdən biri olan aşağı yaş qrupu üzrə komandaların yaradılması probleminin həlli deməkdi. Ancaq qərb təmsilçisinin icraçı direktoru Nadir Nəbiyevlə söhbətdə məlum oldu ki, heç də hər şey mediada, sosial şəbəkələrdə deyilən kimi deyil. Onun sözlərinə görə, bu gün üçün AFFA-dan maliyyələşən klubun həllini gözləyən başqa problemləri də var.

 


- AFFA-nın son konfransında səslənən fikirlərdən və Tovuzda yeni futbol akademiyasının açılışından sonra mediada, sosial şəbəkələrdə “Turan Tovuz”un növbəti mövsümdən elitada çıxış edəcəyini yazanların sayı artıb. Klubun icraçı direktoru kimi sizin bu məsələyə münasibətini bilmək maraqlı olardı. Sizə yuxarı instansiyalardan “hazırlaşın” göstərişi verilib?
- Düzü, son vaxtlar, xüsusilə də bazanın açılışından sonra futbol ictimaiyyəti arasında belə fikir formalaşıb ki, artıq “Turan Tovuz”un premyer-liqada çıxış edəcəyi dəqiqləşib. Ancaq bu haqda bizə heç bir şey deyilməyib. Düzdü, yaxşı xəbərdi, ürəkaçan söz-söhbətdi, lakin yenə deyirəm ki, bizə rəsmi şəkildə heç bir yerdən bununla bağlı heç nə deyilməyib.
- Sizə elə gəlmir ki, AFFA-nın belə planı varsa, bəribaşdan sizə xəbərdarlıq olunmalıdı. Ən azı lisenziyalaşdırmanın tələbləri üzrə çatışmazlıqları aradan qaldırmaq üçün...
- Əslində “Turan Tovuz” lisenziyalaşdırmanın maliyyə meyarı istisna olmaqla, qalanlarına cavab verir. Bizim yeganə çatışmazlığımız bu tələbi yerinə yetirə bilməməklə bağlıdı.
- Heç kimə sirr deyil ki, bu gün üçün klub AFFA-dan maliyyələşir. Bəs yerli icra strukturları, tovuzlu iş adamları niyə kluba sahib çıxmaq istəmirlər? Nə vaxta kimi Tovuz təmsilçisi ələbaxan olacaq? Axı Tovuzda futbola maraq yüksək səviyyədədi...
- Mənəvi cəhətdən kömək edənlər var (gülür), ancaq maddi planda yardım edən yoxdu. Düzdü, bəzi yoldaşlar var ki, az da olsa, kluba yardım edir, ancaq bu o deyil. Qeyd etdiyiniz kimi, bu gün komanda məhz AFFA-nın köməyi sayəsində ayaqüstədi, birinci divizionda çıxış edir. Premyer-liqada çıxış edəcəyimiz təqdirdə, heç şübhəsiz, AFFA-nın ayırdığı maliyyə bizə bəs olmayacaq. Sözün düzü, bu məbləğ heç divizion üçün də çatmır. Özünüz də görürüsüz ki, infrastruktur yenilənib, xərclər artıb. Burda çalışan əməkdaşların sayı yetərincə artıb. Onlara da klub olaraq biz baxmalıyıq, əməkhaqqı ödəməliyik. Bir sözlə, çətinliyimiz çoxdu. Mütləq əlavə maliyyə qaynağı olmalıdı.
- Tovuzda imkanlı iş adamları, böyük şirkətlər var. Onlarla danışıq aparıb kluba sponorluq etməyə razı salmaq bu qədər çətindi?
- Son vaxtlar bu yöndə kimlərləsə danışığımız olmayıb. Son bir ildə pandemiyaya görə hamı əziyyət çəkir. Ancaq komanda birinci divizionda çempion olanda bu yöndə müəyyən müzakirələrimiz olub. Bir neçə nəfərlə danışıq apardıq. Kömək etmək istəyənlər var, ancaq onların ayırdığı vəsaitlə komanda yalnız birinci divizonda çıxış edə bilər. Biz də kənardan, mətbuatdan eşitmişik ki, kimlərsə komandaya maliyyə ayırmaq istəyir. Lakin bu günə kimi kimsə bu mövzuda bizimlə əlaqə saxlamayıb, ismarıc göndərməyib.
- Fərz edək ki, maliyyə problemləriniz hansısa yolla həll olundu və “Turan Tovuz” növbəti mövsümdən elitada çıxış edəsi oldu. Yerli oyunçulara güvənəcəksiz, yoxsa siz də legioner dəvət etməyi düşünürsüz?
- Bu gün üçün dəqiqləşməyən məsələdən danışmaq bir qədər çətindi. Fərziyyə ilə danışsaq, hamımız bilirik ki, hazırda səviyyəli yerli oyunçu baxımından qıtlıq yaşanır. Komandanı formalaşdırmaq üçün onun özəyi olmalıdı. Subyektiv fikrimi sizə bildirəcəm. Yeni nəsil gələnə kimi ilk vaxtlar çalışmaq lazımdı ki, kənarda oynayan tovuzlu futbolçuları cəlb edək. Təbii ki, söhbət başqa klublarla müqaviləsi bitməyən oyunçulardan getmir. Biz ancaq azad transfer hüququ olan futbolçuların xıdmətindən yararlana bilərik. Lazım olan qədər yerli oyunçu tapa bilməyəcəyimiz halda məcburiyyətdən legioner dəvət etmək olar. Ancaq ilk növbədə istərdik ki, komanda yerlilərdən ibarət olsun. Gənclərlə təcrübəlilərin vəhdətindən qurulmuş komanda görmək istərdik. Təkrarçılıq olsa da, bir daha deyim ki, biz hələ olmayan şeydən danışırıq.
- Bu yaxınlarda Tovuzda müasir tələblərə cavab verən bazanın açılışı oldu. Rayonun icra başçısı Məmməd Məmmədov, AFFA prezidenti Rövnəq Abdullayev və icraçı vitse-prezident Elxan Məmmədov açılış mərasimində iştırak etdi. Ancaq nədənsə arenada işıqlandırma sisteminin və tablonun olmaması heç kimi narahat etmədi. Bəlkə də rəsmilər bunu bilirlər, ancaq bu çatışmazlığa göz yummağı lazım bildilər. Siz necə düşünürsüz?
- Tablo ilə bağlı bir şey deyə bilmərəm. Ancaq arenanın işıqlandırılması ilə bağlı müəyyən avadanlıqlar lazımdı ki, o da sifariş olunub. Həmin avadanlığın nə vaxt gələcəyini bilmirəm. Amma onu deyə bilərəm ki, yaxın vaxtda bu məsələ həllini tapacaq. Bu elə məsələdi ki, bütün xırdalıqlar nəzərə alınmalıdı. Ərazi böyük olduğundan generatorun, tənzimləyicinin gücü mütləq dəqiqliklə hesablanıb təchizatçıya bildirilməlidi ki, sabah hansısa problem yaşanmasın. Komanda elitaya yüksələcəyi halda yəqin tablo problemi də həll olunacaq. Bunsuz premyer-liqada oynamaq mümkün deyil. Onu da vurğulayım ki, işıqlandırma sistemi ilə bağlı stadionun yaxınlığında yeni yarımstansiyanın quraşdırlması planlaşdırılıb. Həmin yarımstansiyanın ancaq arenaya xidmət göstərməsi nəzərdə tutulur.
- Sizinlə söhbətdə Tovuz Futbol Akademiyasına kimin rəhbərlik edəcəyinə də toxunmaq istərdik. “Futbol+” olaraq, etibarlı mənbəyə istinadla akademiyaya Adil Şükürovun rəhbərlik edəcəyini xəbər vermişdik. Ancaq siz bugünlərdə mətbuata verdiyiniz açıqlamada bu xəbəri inkar etmisiz və bildirmisiz ki, belə söhbət yoxdu...
- Yox, mən elə açıqlama verməmişəm. Demişəm ki, bəzi mütəxəssislərlə danışığımız olub ki, Adil Şükürov da onların arasındadı. Konkret deməmişəm ki, Şükürov olmayacaq. Namizədlərin hər biri ilə görüşüb, müzakirələr aparmışıq, iş planları ilə tanış olmuşuq. Onlar bizdən nə istədiyimizi soruşüblar. Biz onlara şərtlərimiz bildirmişik. Yəni qərar verməmiş yüz ölçüb, bir biçməliyik. Hələ ki Adil bəylə müqavilə bağlamamışıq. Belə olsaydı, rəsmi açıqlama verərdik.
- Akademiyaya kadr seçimi klubun səlahiyyətində olacaq, yoxsa bu məsələ AFFA tərəfindən tənzimlənəcək?
- Bu məsələ ilə bağlı indiyə kimi AFFA-dan heç kim işimizə qarışmayıb. Bizə deyilməyib ki, bu adamı işə götürün və yaxud filankəsi işdən azad edin. Bu gün akademiyaya əlaqələndirici axtarırırqsa, bunu da özümüz edirik. Komanda premyer-liqada oynayarsa, gələcəkdə necə olacağını deyə bilmərəm. Yenə hər şey premyer-liqanın üstünə gəlir. Bildiyim qədər bu kimi məsələlər AFFA İcraiyyə Komitəsinin martda keçirilən iclaslarında müzakirə olunur və qərar verilir. Martda qərar verilsə ki, “Turan Tovuz” yeni mövsümdən elitada çıxış edəcək, o halda işimizi buna uyğun quracağıq. Onu da bildirim ki, biz istəyirik idman pinsiplərinə də riayət edək. Komanda birinci divizionda ilk iki yerdən birini tutsun ki, sabah başqa söz-söhbət olmasın.
- Bu gün tovuzlu futbol veteranları klubda və ya akademiyada işlə təmin olunubmu?
- Veteranlarımızın müəyyən qismi işlə təmin olunub. Karyerasını başa vurub məşqçi kateqoriyası alan sabiq futbolçularımızı işlə təmin edirik. İnşallah, martda bizdə C kateqoriyası üçün seminar olmalıdı. Kateqoriyası olmayan, ancaq işləmək istəyən veteranlara da özümüz dəvət göndərmişik ki, gəlib oxusunlar. Əllərində lazımi sertifikat olacağı halda işləməyənləri belə işlə təmin etməyə çalışacağıq. Sizə onu deyim ki, elə veteranlarımız var, heç futbol sahəsində çalışmaq istəmirlər. Onlara zorla iş təklif etmək nə dərəcədə düzdü?
- Siz “Turan Tovuz”un icraçı direktoru olmaqla yanaşı, Qərb Regionel Futbol Federasiyasının prezidentisiz. Prezident kürsüsünə oturandan sonra Qərb bölgəsi üçün hansı işləri görmüsüz və ya görmək fikrindəsiz?
- Qərb Regional Futbol Federasiyasının rəhbəri kimi AFFA-dan xahiş etdim ki, bu bölgədə məşqçi kursları təşkil olunsun. Tovuzu çıxmaq şərti ilə, bölgənin başqa rayonlarında, demək olar ki, kateqoriyası olan məşqçi yoxdu. Assosiasiya rəhbərliyi də sağ olsun, xahişimi nəzərə aldı və martda bölgədə seminar təşkil edəcək. Həmin kurslarda Qazaxdan, Şəmkirdən, Ağstafadan olan və hazırda uşaq futbolunda çalışan məşqçilər iştirak edəcək. Oxumaq, gələcəkdə daha yüksək mərtəbələrə çatmaq istəyənlərə müraciət etmişəm və bildirmişəm ki, kurslarda iştirak edə bilərlər. Mən iki ildi bu posta təyinat almışam. Son bir ildə pandemiya üzündən heç bir iş görə bilməmişəm ki, bu da başadüşüləndi. Ancaq çalışıram ki, bölgədə futbolun inkişafına yardım edim. ("Futbol plus")