Birinci dövrənin son turunda “Sabah”ın “Kəpəz”i səfərdə böyük hesabla (0:5) məğlub etməsi Maşallah Əhmədova çox pis təsir edib.

Əslən gəncəli olan, hazırda AFFA nümayəndəsi kimi çempionat oyunlarına təyinat alan veteran futbolçu doğma şəhərini təmsil edən klubun hazırkı duruma düşməsində birbaşa klubun icraçı direktoru İlqar Nadirlini ittiham etdi: "Ölkənin ikinci ən böyük şəhərinin təmsilçisini nə günə qoyublar?! Bu il bu klubun 55 illiyidi. Belə məğlubiyyətlər “Kəpəz”in adına yaraşmır. Bilirsiz, komanda niyə bu gündədi? Çünki idarəetmə zəifdi, struktur düzgün qurulmayıb. Tarixi ənənəsi olan Gəncə futbolunu futbolla yaxından-uzaqdan əlaqəsi olmayan İlqar Nadiri kimi gəncə etibar ediblər. Kimdi bu İlqar, kimin adamıdı? Gah deyirlər, onu ora Elxan Məmmədov təyin edib, gah deyirlər, icra başçısının adamıdı. Belə biabırçılıq olmaz. Məndə olan məlumata görə, ayda 12 min manat maaş alır, yaxınlarını da klubda işlə təmin edib. Yaşar Vahabzadəni günahkar çıxarıb klubdan uzaqlaşdırdılar. İndi də növbə Tərlan Əhmədovundu. Yaşarın vaxtında “Kəpəz”in büdcəsi 300 min, indi 3 milyon manatdı. Nə faydası var? Büdcəni dağıdırlar. İndiki rəhbərliyin işi pul saymaq, pul “qırmaqdı”. Futbol onlar üçün ciblərini doldurmaq üçün bir vasitədi. Bunlar varlanır, Gəncənin veteranları isə acından ölürlər. Mehman Allahverdiyev kimi canavar qalıb kənarda. Onunla hesablaşan yoxdu. Bunun sonu olmayacaq. Bir gün həm İlqardan, həm də onun ətrafından sorğu-sual edən olacaq. Mən “Kəpəz”in Müşahidə Şurasının sədri olmaq istəyirdim. Bu məsələ ilə bağlı Elxan müəllimlə də görüşüb danışmışdım. 6 aya yaxın smeta tutdum, sənədləri hazırladım. Sonda heç nə olmadı. Klubun idarəçiliyini Nadiriyə tapşırdılar. AFFA-nın indiki baş katibi Sərxan Hacıyevlə söhbətdə gəncəli, bu şəhərin komandası üçün əlimdən gələni etməyə hazır olduğumu bildirdim. Mənə “Kəpəz”lə bağlı şəhərin icra başçısı ilə danışmalı olduğumu bildirdi. Niyazi müəllimlə görüşdə “futbolla bağlı məsələlərə AFFA cavabdehlik daşıyır” söylədi. Bu onun üstünə atır, o bunun. Yaşıl meydanlarda ayağımız qırılan, başı yarılan biz olmuşuq. Az qala ot yemişik, ancaq bizə bu gün qiymət verən yoxdu".



- Maşallah bəy, yetərincə ciddi ittihamlar səsləndirdiz...
- Hər sözümün arxasındayam və haqlı olduğumu istənilən vaxt istənilən adama sübut edə bilərəm. Mən “Kəpəz”in Müşahidə Şurasının sədri olmaq istəyəndə dedilər ki, bu vəzifəyə İsgəndər Cavadov təyin olunacaq. İsgəndərlə dost olduğumdan kənara çəkildim. Sonradan bəlli oldu ki, Cavadov sadəcə, kuratordu. O onsuz da Regional Futbol Federasiyaları İçtimai Birliyinin prezidenti kimi bölgə futboluna nəzarət edir. İsgəndərə hörmət edirdilərsə, Oqtay Abdullayevi “Turan Tovuz”un prezidenti təyin etdiklıəri kimi, Cavadovu da “Kəpəz”in prezidenti qoyardılar. Ancaq nə oldu? İlqarı əvvəl icraçı direktor, sonra isə Müşahidə Şurasının sədri təyin etdilər. O da bundan istifadə edərək öz maraqları üçün çalışır. Baş məşqçi kimi Tərlanın məvacibi 6 min, bunun isə 12 min manatdı. Bu nə dərəcədə ədalətlidi? Hələ əzizlərini də klubda işlə təmin edib. ("Futbol plus")