Millimizin hücumçusu Mahir Emreli formasını geyindiyi Zaqreb "Dinamo”sunda son günlər forma şansı qazanmaqda çətinlik çəkir. Futbolçu son bir neçə oyunu ehtiyatda keçirib. Bir qədər də konkretləşdirsək, sonuncu dəfə 10-cu tur çərçivəsində, sentyabrın 18-də "Lokomotiv”lə qarşılaşmada (Zaqreb) meydanda olub. Həmin vaxt isə 89-cu dəqiqədə Mislav Orşiçin əvəzinə meydana daxil olub. O cümlədən Çempionlar Liqasında da hələ ki, şans qazana bilməyib. Halbuki Millətlər Liqasında yığmanın heyətinə dəvət alan Emreli heç də pis formada deyildi. Bəs futbolçu niyə yetərincə şans qazanmır?

 

Rekord.az xəbər verir ki, qaynarinfo.az bu sualla Mahirin anası Elnurə Mədətovaya müraciət edib. 

 

Elnurə xanım hər gün onunla əlaqə saxladıqlarını, durumunun normal olduğunu bildirir: "Hər gün Mahirlə əlaqə saxlayıram. Hər şey normaldır, məşqlərini davam etdirir. Hələ ki, ehtiyatdadır. Bu, məşqçinin seçimidir. Baş məşqçi dəyişikiyindən sonra belə problemlər var. Hər məşqçinin özünün üsulu var. Ante Çaçiç yəqin ki, belə istəyir. Amma Mahir yaxşı formadadır, normaldır. Futbolda belə şeylər olur”.

 

Futbolçunun oynamaq şansı qazanmaq üçün klubunu dəyişmək istəməsi ilə bağlı söhbətlər də dolaşırdı. Hücumçunun anası bununla bağlı sualımızı belə cavablandırır: 

 

"Belə bir fikri, açıqlaması yoxdur. Mahir heç vaxt bir klubda olduğu zaman bu şəkildə açıqlama vermir. Onun hələ "Dinamo” ilə müqaviləsi var. Hazırda forması ilə bağlı hər şey qaydasındadır. Ola bilər məşqçi ona güvənmir, bəyənmir, xoşlamır. Ancaq bu Mahiri həvəsdən salmır. O, peşəkar futbolçudur. 18 yaşlı, yaxud iradəsi zəif futbolçu deyil ki, belə hallar onu həvəsdən salsın. Hər futbolçunun həyatında belə məqamlar olur. Məşqlərini vaxtında edir. Hətta daha artığına çalışır”.