Klublar Komitəsi danışılmış oyunları müzakirə etdi
- 29 Dek 2019 16:00
- 787
Bu gün AFFA-nın inzibati binasında Klublar Komitəsinin növbəti iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli, Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Aslan Şahgəldiyev, PFL-in Texniki İdman şöbəsinin rəisi Elgiz Abbasov, Premyer Liqada mübarizə aparan “Qarabağ”, “Qəbələ”, “Neftçi”, “Keşlə”, “Sumqayıt”, “Zirə”, “Səbail” və “Sabah” klublarının nümayəndələri iştirak ediblər.
Toplantıda ölkə futbolu ilə bağlı bir sıra məsələlər müzakirə olunub.
Toplantının ardından KK sədri və "Sumqayıt"ın prezidenti Riad Rəfiyev jurnalistlərə açıqlamasında bildirib ki, AFFA nümayəndəsi Seymur Səlimli son zamanlar I Divizionda yaşanan arzuolunmaz olaylarla əlaqədar ətraflı məlumat verib:
"Söhbət yalnız I Diviziondan gedir. Premyer Liqada da danışılmış oyunların olub-olmadığına dair bir söz deyilmədi. Bildirildi ki, müəyyən klublarda bu cür hadisələr baş verir, uşaqları aldadır, səhv yola çəkirlər. Hazırda araşdırmalar davam edir, nəticələr də var. Bu barədə hüquq-mühafizə orqanları daha məlumatlıdırlar. Onlar öz işlərini ən yüksək səviyyədə aparırlar".
Eyni zamanda 2019-cu ilin yekunları müzakirə olunub. KK sədri vəzifəsinə seçkinin isə 2020-ci ilin martında keçirilməsi qərara alınıb.