Hövsan Yarış Kompleksinə mediatur təşkil olunub
- 15:50
- 47
Hövsan Yarış Kompleksində jurnalistlər üçün mediatur təşkil olunub.
"Rekord.az" xəbər verir ki, SOCAR "Neftqaztikinti"nin NQTT direktoru jurnalistlərə aparılan işlər və tikintinin tempi barədə məlumat verib. Bildirilib ki, 66 gün ərzində görülən işlər nəticəsində obyektin tikintisi artıq yekunlaşmaq üzrədir. Bütün futbol meydançaları FIFA-nın ciddi standartlarına uyğun şəkildə inşa edilib.
Jurnalistlərə həmçinin meydançalarda quraşdırılan drenaj sistemi barədə məlumat verilib. Qeyd olunub ki, hər bir meydançada drenaj sistemi mövcuddur. Meydançaya daxil olan su qısa müddət ərzində drenaj sistemi vasitəsilə uzaqlaşdırılacaq və xüsusi kanallar vasitəsilə kanalizasiya sisteminə yönləndiriləcək.
Bildirilib ki, jurnalistlərin rahat fəaliyyəti və qidalanması üçün xüsusi çadırlar quraşdırılacaq.
Futbolçular üçün nəzərdə tutulan bütün zəruri infrastruktur isə Atletlər kəndində yerləşəcək. Oyunlardan sonra futbolçular birbaşa Atletlər kəndinə yollana biləcəklər.
Daha sonra AFFA baş katibinin müşaviri Ramazan Səmədov çıxışına salamlaşma ilə başlayaraq bildirib ki, jurnalistlər 66 gün əvvəl bu əraziyə gəlsəydilər, burada yalnız boş meydança görəcəkdilər.
O həmçinin qeyd edib ki, bütün meydançalar FIFA-nın ciddi standartlarına uyğun inşa olunub. Meydançaların ölçüləri və süni örtüyünün keyfiyyəti eynidir.
Onun sözlərinə görə, kompleksdə mövcud olan ən keyfiyyətli süni örtüklərdən biri istifadə olunub.
Meydançaların ölçüsü 8×8-dir.
Tikintinin 60-cı günündə obyektə FIFA prezidenti Canni İnfantino da baş çəkib. O görülən işlər barədə məlumatlandırılıb və nəticədən çox razı qalıb. Canni İnfantino belə sürətli və intensiv tikinti tempini daha əvvəl heç vaxt görmədiyini bildirib. Onun sözlərinə görə, bu nəticənin arxasında bütün səviyyələrdə koordinasiyalı iş və layihənin həyata keçirilməsində iştirak edən hər bir şəxsin əməyi dayanır.
İki meydançada 150-dək azarkeş üçün nəzərdə tutulmuş tribunalar quraşdırılacaq. Digər meydançalarda isə tribunaların tutumu 50 nəfərədək olacaq.
Sonda Ramazan Səmədov jurnalistlərin suallarını cavablandırıb və bütün iştirakçılara təşəkkür edərək mediaturu yekunlaşdırıb.
Elşən Əskərov, "Rekord.az"