“Avrokuboklara vəsiqə qazanmağımız sensasiya olacaq” – Azər Məmmədov
- 20:00
- 22
“Kəpəz” bu gün Misli Premyer Liqasının 12-ci turunda “Qarabağ”ı qəbul edib.
Rekord.az xəbər verir ki, 0:0 hesabı ilə başa çatan matçdan sonra “sarı-göylər”in baş məşqçisi Azər Məmmədovun mətbuat konfransı keçirilib. Məmmədov ən yaxşı oyunlarından birini keçirdiklərini bildirib:
“Bilirdik ki, elə bir komandaya qarşı oynayırıq ki, Azərbaycan futboluna böyük töhfə veriblər. Bizim üçün çox çətin oyun oldu. Komandamız bu gün ən yaxşı oyunlarından birini keçirdi. İlk hissədəki epizodlardan yararlansaydıq, qələbə də qazana bilərdik. “Qarabağ”ın da şansları oldu. Düşünürəm ki, oyunun ədalətli nəticəsi heç-heçə idi.
Bu gün yaratmış olduğu atmosferə görə bütün azarkeşlərimizə təşəkkür edirəm. Onların da dəstəyi ilə çox yaxşı oyun keçirdik. Həmçinin, futbolçularıma təşəkkür edirəm. Çox yaxşı oyun keçirdilər.
“Qarabağ”la oyun üçün iki matçı analiz etmişdik. Məşqlərimizi beşli müdafiə sistemi ilə keçirirdik. Bu gün qol buraxmadıq. Məni sevindirən məqamlardandır. İlk hissədə yaxşı şanslarımız oldu. Hər bir şeyə rəğmən, rotasiyalar edirik. Amma onu da deyim ki, bizim elə geniş heyətimiz də yoxdur. 7-8 oyunçumuz var ki, daim oynayırlar. Çünki onları əvəz edəcək futbolçumuz yoxdur. Çalışırıq ki, əlimizdə olanlar tez bərpa olunsun.
İki aya yaxın evdə oyunumuz olmayacaq. Ağır bir period keçirəcəyik. Maksimum çalışacağıq ki, bu sıx qrafiki yaxşı vəziyyətdə geri qoyaq. Azarkeşlər həmişə “Kəpəz” üçün ən yaxşısını istəyir. Amma bəzi reallıqlar var ki, onlarla barışmalıyıq. Çünki bizim məlum bir büdcəmiz var. Bununla belə, ən yaxşısını etməyə çalışırıq. Bizim qarşımıza konkret məqsəd qoyulub. Çalışırıq ki, ilk olaraq onu yerinə yetirək, ondan sonra isə niyə də irəli getməyək. “Kəpəz” avrokuboklara vəsiqə qazansa, bu, bizim komanda üçün sensasiya olacaq”.