"Şəfa" üzərində 2:0-lıq səfər qələbəsi qazanan "Qəbələ"nin  futbolçusu Şahin Şahniyarov Rekord.az-a müsahibə verib:



- Öncə bugünkü oyundan başlayaq. Vacib qələbə qazandınız və turnir cədvəlində bir pillə irəlilədiniz. Bu qələbə yəqin ki, növbəti oyunlar üçün böyük stimul olacaq?

- Əlbəttə, oyuna yaxşı hazırlaşmışdıq, bilirdik ki, bu oyun bizim üçün vacib oyundu, 3 xallıq yox, 6 xallıq oyun idi. Çünki bu oyunu uduzsaydıq "Şəfa" bizə çatacaqdı və bu da bizim üçün əlavə təzyiq olacaqdı. Hər qələbə də gələcək oyunlar üçün stimuldu.

- Hədəfiniz nədir, qarşınıza hansı tapşırıq qoyulub?

- Artıq birinci dövrə başa çatıb və bütün rəqiblərlə qarşılaşmışıq. Başa düşürük ki, bütün rəqiblərə qarşı oynamaq olar. Hamısına da baş ağrısı ola bilmişik. Hər oyuna maksimum hazırlaşırıq və çalışırıq ki, bacardığımız qədər maksimum yüksək nəticə qazanaq. 

- "Şəfa" bu mövsüm yeganə qələbəsini sizin üzərinizdə qazanmışdı. Bu amilin bugünkü oyuna təsiri oldu? Revanş almaq baxımından.

- Əlbəttə. "Şəfa"nın 5 xalı var idi, bir qələbəsi, iki heç-heçəsi və həmin qələbəni də bizim üzərimizdə qazanmışdılar. Buna görə də bu oyuna ikiqat motivasiya ilə hazırlaşmışdıq. 

- Bu mövsüm həm daha çox oynamaq şansı qazanan, həm də özünü yaxşı tərəfdən göstərən yerli gənclərdənsən. Legioner limitin olmadığı bir vaxtda nəyin hesabına buna nail olursan?

- "Qəbələ" Futbol Akademiyasının yetirmsiyəm. Gəncəli olsam da, 12 yaşımdan Qəbələdəyəm. "Qəbələ" də hər zaman öz yetirmələrinə üstünlük verən komanda olub. Baxmayaraq ki, mövqeyimdə legioner futbolçular var, çalışıram öz üzərimdə daim işləyim ki, onlara rəqabətdə uduzmayım.  Futbolda yerli-əcnəbi deyə bir fərq yoxdur, kim güclüdür, o da oynamalıdır.

- Komanda yoldaşın Eşqin Quliyev milli komandada debüt elədi və qol da vurdu. Necə düşünürsən, sənə nə qədər vaxt lazımdı millidə davamlı oynamaq üçün?

- Hər bir futbolçu istəyər ki, milli komandada forma geyinsin. Eşqin mənim ən yaxın dostlarımdan biridir, onun adına çox sevinirəm, qol vuranda da çox sevindim. Əlbəttə, özüm də istəyirəm milli komandaya dəvət alım. Əvvəl almışdım, Santuşun vaxtında. Amma istəyirəm ki, bu dəvət davamlı olsun. Qərar məşqçilər heyətinindir, onlar nə zaman ehtiyac görsələr hər an milli formanı geyinməyə hazıram. 

- Ayxan Abbasovla bu haqda hansısa söhbətin olmayıb ki?

- Xeyr. Ayxan müəllim hələ ki, məni çağırmayıbsa, deməli üzərində işləməli olduğum məqamlar var.

- Yəni ruhdan düşmürsən...

- Əlbəttə ki, həvəsdən düşmürəm. Milli elə yerdi ki, hamı ora düşmək üçün çalışmalıdır.

- Bir də bizim gənc futbolçularda bir az tanınan kimi, ulduz xəstəliyi olur, xarakterlə bağlı problem yaşayırlar. Səni belə təhlükə gözləmir ki, nə düşünürsən?

- Hər zaman pis günlərimi düşünən adam olmuşam. Pis günlərində telefonlar həmişə səssiz qalır. Bu mənada uğur gəlsə belə, həmin günlər hər zaman mənim yadımda olacaq. 

- Vaxtı ilə bizim futbolda Elxan Şahniyarov adlı futbolçu olub, yeri gəlmişkən, o da "Kəpəz"də oynayıb. Sən də gəncəlisən. Bir qohumluq, bağlılıq yoxdur?

- Bu söhbət bir dəfə də açılmışdı xeyr, heç bir qohumluq əlaqəmiz yoxdur. 

- Yeri gəlmişkən, gəncəli olaraq, "Kəpəz"i izləyirsən?

- Əlbəttə, Premyer Liqadakı bütün oyunlarını izləyirəm, doğma şəhərimin komandasıdır. Amma bu gün "Qəbələ"də oynadığım üçün "Kəpəz" haqqında danışmağım düzgün olmaz. 

- "Qarabağ"la oyun haqda nə deyə bilərsən?

- Bilirəm ki, azarkeşlər yenə stadionu dolduracaq. Mən özüm də istirahət vaxtımda Gəncədə olanda "Kəpəz"in oyunlarına gedirəm. Həqiqətən, atmosfer çox xoşuma gəlir.

- Özün o atmosferdə oynamısan?

- Bəli, oynamışam, 0:1 uduzmuşuq, amma atmosfer gözəl idi.

- Sabah (bugün) istirahət gününüzdü, "Kəpəz" - "Qarabağ" oyununa gedib baxacaqsan?

- (Gülür) Biletlərin hamısı artıq satılıb.


Anar XANLAROV