"İlk növbədə "Neftçi"ni təbrik edirəm. Bu gün qələbəyə çox istəkli idilər, sonadək vuruşdular və yaxşı müdafiə olundular. Eyni zamanda öz futbolçularımdan da razı qaldım. Çünki yaxşı xarakter göstərdilər və məğlub durumda olmağımıza baxmayaraq daim rəqibin üzərinə getdilər".


Rekord.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 21-ci turundan təxirə salınmış "Neftçi" ilə matçdan (2:1) sonra təşkil olunan mətbuat konfransında deyib.


Baş məşqçi komandanın sıx qrafik səbəbindən ağır mövsüm keçirdiyini və futbolçuların həddindən artıq yorulduğunu diqqətə çatdıraraq məğlubiyyətə rəğmən onlara təşəkkürünü bildirib:


"Oyundan əvvəl futbolçularıma da bildirmişdim ki, bu matçda rəqib daha hazırlıqlı və aktiv olacaq. Ümumilikdə, meydanda çox yaxşı futbol ab-havası var idi. Hazırda bizə xeyli istirahət lazımdır, lakin cəmi 4 gündən sonra növbəti oyunumuz var. Çempionlar Liqasından uzaqlaşsaq da, hələ də sıx qrafiklə mübarizə aparırıq. Bu mövsüm həm futbolçularımız, həm də biz məşqçilər üçün böyük təcrübə oldu. Oyunçularımızın ümumi fiziki potensialını daha yaxından tanımaq imkanı əldə etdik. Onlar çox ağır mövsüm keçirərək həddindən artıq yoruldular. Ona görə də bugünkü məğlubiyyətə rəğmən, bütün futbolçularıma təşəkkür edirəm".


Mütəxəssis əvvəlki turda qazanılan 5:1 hesablı qələbənin "Neftçi"yə əlavə motivasiya verdiyini təsdiqləyib:


"Yüz faiz belədir. Onlar bu matç üçün yaxşı hazırlıq proqramı keçmişdilər. Gözləyirdim ki, bu gün "Neftçi"nin futbolçuları daha hazırlıqlı və əzmli olacaqlar. Əvvəlki matçdakı böyükhesablı qələbəmiz böyük ehtimalla rəqibə əlavə ciddiyyət və motivasiya vermişdi. Onlar bu gün qələbəyə tam layiq idilər".


Qurban Qurbanov həmin böyükhesablı qələbənin öz futbolçularında yaratdığı ehtimal olunan arxayınlıq hissindən də bəhs edib:


"İstər-istəməz müəyyən rahatlıq yaranır. Maksimum çalışdıq ki, futbolçular o nəticə barədə düşünməsinlər. Oyunçularımız kifayət qədər təcrübəlidirlər, "Neftçi"nin gücünü və fərdi ustalıq səviyyəsi yüksək olan futbolçulara sahib olduğunu yaxşı bilirlər. Buna rəğmən, nə qədər konsentrasiya olsalar da, daxilən rahatlıq hissi var idi. Bu, təbiidir, çünki hamısı insandır".


Baş məşqçi Montielin zədələnməsinin matçın gedişatına və taktiki planlara necə təsir etdiyini belə izah edib:


"Bəli, bu, bizim üçün gözlənilməz bir hal oldu. Matçdan öncə əvəzetmələrlə bağlı tamamilə fərqli planlarımız var idi. Məsələn, Pedro Bikalyo 9 oyun idi ki, fasiləsiz çıxış edirdi və onu meydana buraxmaqda ehtiyatlı davranırdıq. Montiel isə əvvəlki görüşdə oynamamışdı deyə ona şans vermişdik. Zədə səbəbindən məcburi dəyişikliklər etməli olduq və bu da düşünülmüş addımlarımızın pozulmasına gətirib çıxardı".


O, tarixində ilk dəfə çempionluq sevinci yaşayan "Sabah" komandasını təbrik edərək çempionatdakı rəqabətin artmasını müsbət qiymətləndirib:


"Mən onları bu münasibətlə təbrik edirəm. İstənilən komandamızın uğurunu təqdir etməli və onları təbrik etməyi bacarmalıyıq. Bu, futbolun yazılmamış qanunlarından biridir. Son bir-iki ay ərzində çempionatda çox gərgin oyunlar keçirdik. Qısa müddətdə "Sabah"la üç, "Neftçi" ilə iki dəfə üz-üzə gəldik. Həm azarkeş marağı, həm də oyunun tempi baxımından sanki tamamilə fərqli bir Azərbaycan çempionatının şahidi olduq. İlboyu davam edən psixoloji və fiziki yorğunluğa baxmayaraq futbolçularımız əsl xarakter göstərdilər. Düzdür, ümumi nəticələr bizim üçün o qədər də ürəkaçan olmaya bilər, lakin meydanda göstərilən dözümlülük təqdirəlayiqdir. Nəticələrin belə dəyişməsi və rəqabətin artması futbola olan marağı daha da çoxaldır. Azarkeş kütləsi artdıqca intriqa böyüyür, bu isə hər kəsin məsuliyyətini daha da artırır".


Məşqçi ikincilik şanslarının təhlükə altında olmasına toxunaraq qarşıdakı oyunlarda maksimum mübarizə aparacaqlarını bildirib:


"Sözsüz ki, bu vəziyyət bizi narahat edir. Qarşıda bizi çox yaxşı və hazırlıqlı "Turan Tovuz"la matç gözləyir. Onların özünəməxsus oyun üslubu var və rəqiblər üçün həmişə ciddi çətinliklər yaradırlar. Biz buna tam hazır olmalıyıq. Son oyunlara qədər mübarizəmizi davam etdirəcəyik. Bayaq da qeyd etdiyim kimi, futbolçularım bu il əlavə xarakter nümayiş etdirdilər. Sıx qrafikə baxmayaraq məqsədimizə çatmağa çalışacağıq. Öz komandama arxayınam və inanıram ki, qalan matçlarda meydanda maksimum güclərini qoyacaqlar".


Qurban Qurbanov "Qarabağ"ın bu mövsüm çempionluqdan uzaq düşməsinin əsas səbəblərini həm daxili amillər, həm də rəqiblərin gücü ilə izah edib:


"Bunun bir neçə səbəbi var. Bəlkə də, bu çempionata tam şəkildə hazırlaşa bilməmişdik. Əvvəlcədən daxili birinciliyin bu qədər gərgin keçəcəyini və rəqabətin gücünü tam proqnozlaşdırmamışdıq. Eyni zamanda Çempionlar Liqasındakı uzun marafon bizi çox yordu. Bundan əlavə, mövsüm ərzində futbolçularımıza gələn təkliflər və digər xırda detallar da ölkə çempionatına olan motivasiyaya müəyyən qədər təsir göstərdi. Digər tərəfdən, qarşımızda çox yaxşı formalaşmış "Sabah" komandası var idi. Onlar bütün diqqətlərini yalnız çempionata yönəltmişdilər və heç bir oyunda rəqiblərə boşluq vermədilər. Biz isə gücümüzü cəbhələr arasında düzgün bölüşdürə bilmədik. Həm də daim çempion olmalıyıq deyə qayda yoxdur. İstənilən ölkənin futbolunda belə hallara rast gəlinir. Güclü olsan belə, bəzən çempion ola bilmirsən. Burada müəyyən incə nüanslar var ki, onları normal analiz edib düzgün qəbul etməliyik. Daxilimizdə hansı çatışmazlıqların olduğunu da yaxşı bilirəm. Çempionatda "Sabah", "Neftçi", "Zirə" kimi çox istəkli komandalar var və onlar titul üçün böyük işlər görürlər. Sonda nəticə də belə oldu. Bütün bunlardan düzgün nəticə çıxararaq qarşıdakı illərə daha yaxşı hazırlaşacağıq. Bununla belə, komandamın ümumi gedişatından və futbolçularımın performansından tamamilə razıyam".


Təcrübəli mütəxəssis yay transfer pəncərəsində komandada gözlənilən dəyişikliklərə və yeni transferlərə də aydınlıq gətirib:


"Bəli, hazırda yeni oyunçularla bağlı danışıqlar gedir və belə görüşlər çoxdur. Bəlkə də, gündəlik işimizin 60-70 faizini məhz transfer məsələlərinə yönəltmişik. Bu, o demək deyil ki, hazırkı futbolçulardan narazıyam və kimlərisə mütləq göndərəcəyik. Sadəcə olaraq gələcək üçün daha geniş bir heyətə ehtiyacımız var. Çalışacağıq ki, yeni transferlər edək. Bəlkə 5-6 nəfər olacaq, dəqiq sayını hələ bilmirəm. Hər şey istədiyimiz kimi rəvan getsəydi, işləmək daha asan olardı, lakin bəzən son anda hansısa transfer baş tutmur. Komandada mütləq dəyişikliklər olacaq, lakin əsas məqsəd heyəti genişləndirmək və növbəti mövsümdəki gərgin qrafikə tam hazır olmaqdır".


Baş məşqçi mövsümün sonunda kimlərlə yolların ayrılacağı barədə verilən sualı cavablandırarkən komandadakı yorğunluq faktorunu ön plana çəkib:


"Hazırda heç bir futbolçunu qəti şəkildə göndərmək barədə düşünməmişəm. Çünki hələ ki, rəsmən komandaya qatılan yeni oyunçu yoxdur. Qərarlar mövsümün sonunda veriləcək. Marko Yankoviçə gəldikdə, o, həddindən artıq yorulmuşdu. Ümumiyyətlə, həm klubda, həm də milli komandada mütəmadi oynayan futbolçularımızda ciddi yorğunluq yaranır. Milliyə getməyənlər isə nisbətən dincəlmək fürsəti tapırlar. Biz Yankoviçə xüsusi istirahət verdik ki, fiziki formasını bərpa edə bilsin. Gələcəkdə bəlkə də bir neçə futbolçu ilə yollarımızı ayırmaq istədiyimizi bildirəcəyik, lakin bu da birbaşa yeni transferlərin reallaşmasından asılı olacaq. Bütün futbolçuların klubla qüvvədə olan müqavilələri var və istənilən ayrılıq qarşılıqlı razılaşma əsasında baş tutmalıdır. Böyük ehtimalla gedənlər də olacaq, amma eyni zamanda yeni gələnlər də olmalıdır".


Yekunda Qurban Qurbanov əsas komandadan uzaqlaşdırılan Elvin Cəfərquliyevin taleyi və əvəzedici heyətə göndərilən futbolçuların durumu ilə bağlı məsələlərə qısa münasibət bildirib:


"Elvinlə bağlı vəziyyət hələ ki, necə var, elə də qalır. Özü də mənimlə görüşmək üçün hər hansı bir cəhd etməyib. Gələn mövsüm üçün hazırlıq planını hələ tam dəqiqləşdirməmişəm, çünki qarşıda hələ bir neçə oyunumuz var. Əvəzedici heyətə göndərilən futbolçuların orada oynamamasına gəldikdə, mən onların meydana çıxmaması ilə bağlı heç bir xüsusi tapşırıq verməmişəm. Əgər istəsələr, çıxıb oynaya bilərlər".(sportal.az)