"Futbol oynaya-oynaya hər gün ölüm xəbərlərinə üzüləcəyikcə, istəmirəm o futbolu" SORĞU
- 19 Mar 2020 16:00
- 701
Rekord.az xəbər verir ki, böyük əks-səda doğuran, dünyanın bir nömrəli müzakirə mövzusuna çevrilən koronavirus öz təsirini idmana da göstərdi.
İnsanların sağlamlığını hər şeydən üstün tutan ölkə futbolunun rəhbərləri çempionat və məşqlərin dayandırılmasına dair qərar verdi ki, anlayışla qarşılamaqdan başqa çıxış yolumuz yoxdu. Nə yolla olur-olsun, xəstəlikdən və ölümdən uzaq durmalıyıq.
Lakin işin maraqlı və sual doğuran tərəfi var: komandaların gələcək durumu necə olacaq? Qarşıdakı iki ay üçün təqvim necə qurulacaq? Avrokubok iştirakçılarını qısa zamanda müəyyənləşdirmək mümkün olacaqmı?
Belə məqamda baş məşqçilərin düşüncələri də vacibdi. Hazırda istirahətə buraxılan premyer-liqa təmsilçilərinin çalışdırıcılarıyla söhbət etməkdə məqsədimiz də onların bu duruma münasibətini öyrənmək idi. Hər birinə 3 sualla müraciət edib, ümumi mənzərəni ortaya qoymağa çalışdıq (Futbol).
Suallar belə idi:
1. Çempionatda fasilə yaranmasına münasibətiniz necədi? Oyunların azarkeşsiz keçirilməsi daha uyğun olmazdımı?
2. Yaranmış fasilə komandaların gələcək durumuna necə təsir edəcək?
3. Çempionat bu durumda dayansa və avrokuboklara vəsiqə turnir cədvəlindəki indiki duruma görə verilsə, münasibətiniz necə olacaq?
Qurban Qurbanov, “Qarabağ”
1. Çempionatın dayanmasına münasibətim normaldı və bunu doğru qərar sayıram. Azarkeşli, yaxud azarkeşsiz – fərq etmir. Hər bir halda dövlətimizin verdiyi qərardı, buna hörmətlə yanaşmalıyıq. Hörmətlə yanaşmaqla bərabər həm də əməl etməliyik.
2. Fasilənin nə qədər sürəcəyi bəlli deyil. Amma istənilən halda futbolsuzluq bütün komandalara eyni dərəcədə təsir edəcək. Komandalar yaxşı formada idi, idman formasını tapmışdılar. Belə vəziyyətdə fasilənin yaranması öz təsirini göstərəcək. Yenə deyirəm, qərara hörmətlə yanaşırıq.
3. Çempionata bu yerdə son veriləcəyinə inanmıram. UEFA-nın sabahkı müzakirə və qərarlarından çox şey asılıdı. Birlikdə gözləyək, hansı qərar veriləcəksə, ona uyğun addım atacağıq. İstənilən halda məlum xəsətlikdən qorunmalı, çıxış yolları tapmalıyıq. Ümid edirəm ki, aprelin ortalarında çempionat bərpa olunacaq və mayın sonunda başa çatacaq.
Füzuli Məmmədov, “Neftçi”
1. Çempionat oyunlarının təxirə salınmasına münasibətim normaldı. İnsanların, xalqın sağlamlığını düşünərək dövlət tərəfindən verilən qərardı. Həyatda ən vacib fakt can sağlığımızdı. Ona görə də təxirəsalmaya müsbət yanaşıram. Oyunların azarkeşsiz keçirilməsindənsə, təxirəsalma daha yaxşıdı.
2. İstəsək də, istəməsək də, futbolçuların fiziki hazırlığına müəyyən mənada təsir edəcək. Biz məşqçilərin işi bu yöndə onlara kömək etmək, məşqlər bərpa olunandan sonra çatışmazlığı aradan qaldırmaqdı.
3. Bu yöndə hələ ki qərar qəbul olunmayıb. Çempionata qaldığı yerdə son vurulacaq, qaldığı yerdən davam edəcək, yoxsa bir müddət fasilə yaranacaq – aidiyyatı qurumların bununla bağlı yekun qərarı yoxdu. Ona görə də bu yöndə nəsə deməyim düzgün olmaz. Qərar veriləndən sonra münasibət bildirməyim mümkündü.
Tərlan Əhmədov, “Keşlə”
1. Razılaşaq ki, insanların sağlamlığı hər şeydən önəmlidi. Gördüyümüz və bildiyimiz kimi, bütün dünyada liqalar dayanıb. Ona görə də anlayışla qarşılamaq lazımdı. Qərar verilibsə, mütləq ki, bir xeyir var. Bununla razılaşmalıyıq.
2. İndiki durumda fasilənin nə qədər davam edəcəyini bilmirik. Ona görə də futbolçuların gələcək durumu ilə bağlı nəsə demək çətindi. Edəcəyimiz bir şey yoxdu. Uzun müddət məşq etməmək futbolçuları tonusdan salır. Lakin onların sağlamlığı daha vacibdi. Bu dəqiqə əsasən sağlamlığımız haqda düşünməliyik.
3. Yekun qərar nə olacaqsa, ona uyğun hərəkət edəcəyik. Biz də hamı kimi yekun qərarı gözləyirik. Fasilənin nə qədər davam edəcəyini, çempionatın bərpa olunacağı tarixi və ya elə burda da dayanacağını biz bilmirik. Bilmədiyim bir şey haqda fikir bildirməyim doğru olmaz. Görək sonu necə olacaq, ondan sonra danışarıq.
Ayxan Abbasov, “Sumqayıt”
1. Bu vəziyyət tək bizdə deyil. Bir çox ölkələrdə fasilə yaranıb, ya da oyunlar azarkeşsiz keçirilir. Dünyanı bürüyən virusdan qorunmaq üçün verilən ən doğru qərar elə çempionatın dayandırılması idi. Hörmətlə yanaşırıq, başqa cür ola bilməz.
2. Mövsümün sonuna yaxınlaşırdıq və bilirdik ki, 22-ci turdan sonra yığmaların oyunlarına görə çempionatda fasilə yaranacaq. Planlarımızı həmin fasilənin üzərində qurmuşduq ki, çatışmazlıqları aradan qaldıraq, nələrisə düzəldək. Məcburi fasilə komandaların hazırlığına birbaşa təsir edəcək. Üstəlik, nə qədər futbolsuz qalacağımızı da bilmirik. Bu durumda hətta yoldaşlıq görüşləri də keçirə bilmirik. Fasilə başa çatandan sonra belə, futbolçular istədiyimiz formada olmayacaqlar.
3. Bu suala cavab verməyim doğru olmaz. Aidiyyatı qurumlar müzakirələrdən sonra qərar verəcək. Hətta çempionatın indiki vəziyyətdə başa çatmasına dair qərar verilərsə də, buna heç nə edə bilmərik. İndi bizim üçün futboldan da vacib virusdan və insan itkisindən uzaq düşməkdi.
Zaur Həşimov, “Zirə”
1. Açığı, mövsümün bu, yəni qızğın vaxtında çempionatda fasilə yaranmasını istəməzdik. Özünüz də görürsüz ki, tək biz yox, bütün komandalar mövsümün bəlkə də ən yaxşı formasında idi. Belə deyim, çempionat indi-indi qızışırdı. Açığı, oyunların azarkeşsiz keçirilməsinə dair qərar veriləndə özümüzü buna kökləmişdik. Son anda çempionatın dayandırılması qərarı verildi. Qərara etiraz edə bilmərik. Çünki insanların sağlamlığı hər şeydən önəmlidi.
2. Yaranmış fasilə komandamıza təsir edəcək, bu birmənalıdı. Həm psixoloji, həm də fiziki cəhətdən qalan oyunlara hazırlaşmaq heç də asan olmayacaq. Amma nə etməli? Tək bizim yox, hamının başına gələn işdi. Çıxış yolları tapmalıyıq.
3. Çempionatın bu yerdə dayandırılacağına və avrokubok iştirakçılarının turnir cədvəlindəki hazırkı mövqeyinə görə məlum olacağına inanmıram. Məncə, heç bir qurum bu cür qərar verməz. Çünki mövsümün başa çatmasına 8 tur qalıb və qarşıdakı görüşlərdəki nəticələr dəyişikliklərə səbəb olacaq.
Jelko Sopiç, “Sabah”
1. PFL-in çempionat oyunları ilə çıxardığı məlum qərar başadüşüləndi. Bu dəqiqə tək Azərbaycanda yox, bütün dunyada fasilədi. Kimsə futbolun can sağlığından önəmli olduğunu düşünə bilər. Mənim, düşünürəm ki, sizin üçün də əksinədi. Ona görə də qərara hörmətlə yanaşmaqdan başqa çarəmiz yoxdu. Eybi yox, dünya futbolsuz qalsın, amma insanlar ölməsinlər, xəstəlikdən əziyyət çəkməsinlər. Biz futbol oynaya-oynaya hər gün ölüm xəbərlərinə üzüləcəyikcə, istəmirəm o futbolu.
2. Futbolçulara fərdi qaydada məşq etmək üçün xüsusi proqram paylayacağıq. Ümid edirəm ki, hər biri fərdi məşq etmək üçün imkan tapacaq. Çünki hazırda fitnes zalları bağlanıb, qrup məşqlərinə icazə yoxdu. Məşqləri insanların sıx olmadığı yerlərdə etmələri vacibdi. Verdiyimiz proqram üzrə məşq edə bilsələr, işimiz nisbətən asanlaşacaq. Hələ ki, gözləyirik, görək növbəti qərar nə olacaq.
3. UEFA-nın çempionatlarla bağlı hansı qərar verəcəyini bilmirik. Qərarı bilmədən nəyisə müzakirə etmk düzgün olmaz. Bu dəqiqə avrokubok haqda yox, insan ölümlərinin qarşısını almaq haqda düşünməli, özümüzü və ətrafımızdakıları qorumalıyıq.
Aftandil Hacıyev, “Səbail”
1. Məlum qərar tək Azərbaycan çempionatı ilə bağlı deyil. Dünyanın əksər ölkələrində çempionatlar dayanıbsa, edə biləcəyimiz bir şey yoxdu. Səbəb məlumdu: xəstəliyin kütləvi hal almasından qorunmaq, belə deyim, insan sağlamlığı. Ona görə də qərara hörmətlə yanaşırıq. Azarkeşsiz oynamaq, yoxsa fasilənin yaranması? Fikrimcə, bu gün üçün fasilə daha uyğundu.
2. İstər-istəməz öz təsirini göstərəcək. Mövsümün gərgin vaxtı idi, komandalar formasının zirvəsindəydi. Ona görə də oyunların təxirə salınması həm fiziki, həm də psixoloji baxımdan təsirini göstərəcək. Sadəcə, fasilənin nə qədər davam edəcəyini bilmirik deyə, nə dərəcədə təsir edəcəyi haqda nəsə demək çətindi. Hər şey müddətdən asılı olacaq. Futbolçu 3-5 gün məşqsiz qalanda təsirini göstərir, o ki qalmışdı 15 gün, yaxud 1 ay futbolsuz qalmaq.
3. Bundan sonrakı vəziyyətlə bağlı qərarı futbol başbilənləri verəcəklər. Yəqin ki, gələcək təqvimə baxıb, nəsə düşünəcəklər. Geniş mövzudu, bizim istəyimizlə olmayacaq. Hətta çempionat bu yerdə dayansa belə, bu bizi narahat etməyəcək. Çünki qarşımıza avorkuboklara vəsiqə qazanmaq hədəfi qoyulmamışdı. Bu gün avrokuboklarda çıxış etməyi haqq edən daha hazırlıqlı komandalar var. Ona görə də dediyiniz kimi olsa belə, etiraz etməyəcəyik.
Elmar Baxşıyev, “Qəbələ”
1. Bu dəqiqə bütün dünya koronavirusdan danışır. Hamı qorunur, ehtiyatlanır. Tək bizdə yox, Avropanın bir çox ölkələrində çempionatlar dayandırılıb. Ona görə də PFL-in verdiyi qərara hörmətlə yanaşmalıyıq. Hamımıza vacib olan canımızın sağlam olmasıdı. Oyunların azarkeşsiz keçirilməsindənsə, təxirə salınması daha yaxşıdı. Çünki azarkeşsiz futbol futbol deyil.
2. Bu dəqiqə bütün komandalar məcburi istirahətə buraxılıb. Gözlənilmədən yaranmış fasilənin futbolçulara təsir edəcəyi şübhə doğurmur. Oyunla kollektiv məşq olmadan yaxşı mənada nəyəsə ümid etmək olmaz. Lakin məlum çətinliyi hamı yaşayacaq, tək biz yox.
3. Çempionatın 20-ci turda dayanması xoş olmazdı. Premyer-liqanın davam etməsini istərdik. Çünki mübarizə qızışıb, son turlarda azarkeşlər maraqlı oyunlar izləyirdilər. Əminəm ki, bundan sonra daha gərgin olacaq. Mövsüm başa çatsın, hansı komanda öz oyunu və nəticələri ilə avrokuboklara layiqdisə, onlar da vəsiqə qazansınlar.