PFL komandası futzal üzrə Azərbaycan Kubokunun qalibi olub. Onlar final matçında ölkə çempionu "Araz-Naxçıvan"a 7:1 hesabı ilə qalib gəliblər. Peşəkar Futbol Liqasının komandası tarixində ilk dəfə bu uğura nail olub.


Komandanın baş məşqçisi və Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov qələbə ilə bağlı hisslərini bölüşüb. O, "Araz" üzərindəki zəfəri belə şərh edib: "Həyatımın ən gözəl anlarından birini yaşayıram. Öncə də demişdim ki, “Araz Naxçıvan”la oynamaq artıq fəxrdi. Çox çalışmışdıq və bəxt də bizim tərəfimizdə oldu. "Araz-Naxçıvan"da legionerlərin olmaması və zədəlilərin çoxluğu qüvvələrin nisbətini bərabərləşdirdi. Yoxsa qalib gəlmək mümkün olmazdı. Həmişə demişəm ki, Azərbaycanda futzal çox sevilir. Burada da federasiya prezidenti Zaur Axundovun əməyi danılmazdır. Oynayan məşqçi olduğum BEGOC (Avropa Oyunları Əməliyyat Komitəsi) klubu 2015/2016 mövsümündə finala çıxmış və həlledici görüşdə EKOL-a uduzmuşduq. Bu dəfə səhhətimlə əlaqədar meydançada olmasam da, daim komanda ilə birlikdə idim. Futbol mənim tək işim deyil, həyatımdır. Bu gün çox xoşbəxtəm. Diqqət göstərən, təbrik edən hər kəsə həm öz, həm də komandam adından sonsuz təşəkkür edirəm”.