"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev "Şamaxı" ilə oyundan sonra jurnalistlər üçün mətbuat konfransı keçirdib.

Rekord.az xəbər verir ki, o, öncə oyunla bağlı fikirlərini bölüşüb: "Bilirdik ki, bizi ağır səfər gözləyir. Çünki "Şamaxı" intizamlı komandadır. Üstəlik süni meydança amili də var idi. Buna baxmayaraq, çoxsaylı imkanar əldə etdik, hesabı açdıq, təəssüf ki, sonradan qol buraxdıq"

- Felipe ilk hissədə 1 metrdən boş qapıya vura bilmədi. Sizcə, həmin epizod qırılma nöqtəsi sayıla bilər?

- Yox, elə deməzdim. Çünki Feipedən başqa Maçado və Utrixin də qaçırılan real epizodları oldu. Yəni futboldu, futbolda belə şeylər olur.

- Son dəqiqələrdə penalti epizodu oldu və köməkçiləriniz epizoda baxıb penal tələb etdi. Amma hakim fərqli qərar verdi...

- Yəqin hakimlər epizodu daha yaxşı dəyərləndirir. Amma top qapı istiqamətinə gedir və qarşısı əllə kəsilirsə, buna görə penalti təyin edilməlidir. 

- Utrix əvəzlənəndə sanki narazı idi, heç sizinlə görüşmədi də...

- Bunu da normal qarşılayırıq. Utruxə inandığım futbolçudur, oyunu alınmayanda özünə də pis təsir edir. Bunlar da futbolun içində olan şeylərdi.

- Ümumiyyətlə, legionerlərinizin zəif oyununu nə ilə bağlayardınız?

- Həm ağır qrafik, ümumi yorğunluq və bir də süni meydanşa amili. Futbolçular təbii örtükdən birdən birə süni örtüyə keçəndə istər-istəməz oyunlarına təsir edir.

- Amma sizin bazada da süni örtüklü meydança var, nə əcəb bu cür oyunlar öncəsi orada hazırlıq keçmirsiniz?

- Çünki heyətimiz kasaddı, olan-qalanını da süni örtükdə zədələmək istəmirik.