AFFA Xaqani Məmmədovla yolları ayıranda sevinənlər az deyildi. Çoxları elə düşünürdü ki, bununla da Azərbaycan futbolundakı hakimlik problemi kökündən həll olunacaq, çempionatımızda hakim səhvləri sıfıra enəcək, fit sahiblərimiz o qədər inkişaf edəcək ki, qısa zamanda Avropa və dünya çempionatlarının final mərhələsinə təyinat alacaqlar. Amma bunların heç biri olmadı və olmaması da şəxsən mənim üçün gözlənilməz deyildi. Çünki hazırkı AFFA rəhbərliyinin var olduğu dönəmdə futbolumuzun hansısa sferasında inkişaf gözləməyinə dəyməz. Məmmədovun istefaya gedişinin səhəri günü yazmışdım ki, yeni gələn Xaqani Məmmədovun atası İsmayıl kişiyə rəhmət oxutduracaq. Hələ onda Frits Ştuxlikin heç adı da çəkilmirdi. Düşünürəm ki, nədə də olmasa, sırf rəhmət oxutdurmaq məsələsində Məmmədov avstriyalıdan tam razı qala bilər. Çünki Azərbaycan hakimliyi Xaqani Məmmədovun dövründəki hakimliyi gün işığında çıraqla arayır.

 

Bəli əvvəllər də  nöqsanlar, hakim səhvləri var idi. Bunlar haqda zamanında da yazmışdıq, demişdik. Lakin bununla bərabər, görülən iş də var idi axı. Hakimlik Ramin Musayevin kurasiyasında olanda və Məmmədov da komitə sədri vəzifəsində çalışanda nə qədər yeni hakimlər üzə çıxmışdı: Əliyar Ağayev, Rauf Cabbarov, Rəhim Həsənov, Ömər Paşayev, Orxan Məmmədov, İnqilab Məmmədov, Rəvan Həmzəzadə və s. Hansı ki, həmin hakimlər FİFA refersi dərəcəsinə qədər yüksəldilər, tədricən mötəbər oyunlara təyinat almağa başladılar. Hakimlərin Antalya toplanışlarını (indi bunu heç yuxularında da görmürlər) dəfələrlə yaxından izləyən biri kimi əyani şahidi olmuşam ki, əcnəbi ölkələrin tanınmış klubları azərbaycanlı hakimlərin idarəçiliyindən necə razılıq edirdi. Bəs bu gün nələr baş verir? Məmmədovun yerinə gətirilən Ştuxlik nə ilə yadda qalır? Birmənalı şəkildə heç nə ilə. Düzdür, hakimlərin ölkə xaricində toplanış keçə bilməməsi birbaşa AFFA-nın günahıdır. Çünki kurasiyanı Musayevin əlindən alan Elxan Məmmədov hakimləri nəinki Antalya, Mingəçevirin də üzünə həsrət qoyub. Maksimum “Dalğa Arena”, o da 1 həftəlik toplanış. Əslində toplanış demək də tam yerinə düşmür. Əksər vaxtlarda ədalət təmsilçiləri nəzəri məşğələlər keçib evlərinə gedirlər. Praktiki toplanış yox səviyyəsindədir. Hansısa hakim yetişdirilməsindən isə danışmağına dəyməz. Perspektiv vəd edən 1-2  fit sahibinin adını çəkmək olar, amma ümumilikdə durum faciənin astanasındadır. Xaqani Məmmədovun dövründə yetişən hakimlərin böyük əksəriyyəti məqsədli şəkildə futboldan kənarlaşdırıldı. Yaxud, onları bu addımı atmağa məcbut etdilər. Öncə Ömər Paşayev səhhətində problem olduğunu bildirib karyerasını bitirdi. Halbuki Paşayev müalicədən sonra Premyer Liqaya qayıdıb yetərincə normal oyun da idarə etmişdi. Sadəcə, tam bərpa üçün zaman lazım idi. Ardınca Orxan Məmmədov müəmmalı şəkildə hakimlikdən getdiyini açıqladı. Ardınca ölkənin ən güclü hakimlərindən olan Rəhim Həsənov da sevimli peşəsi ilə vidalaşdı. Onun Ştuxlik haqqında söylədiyi kifayət qədər ciddi ittihamları isə heç araşdıran da olmadı. İnqilab Məmmədov, Rəvan Həmzəzadə açıq şəkildə sıxışdırılır. Əvəzində I Divizion səviyyəsində olan hakimlərə Premyer Liqada oyunlar verilir. Əslində bu da normaldı. Çünki köhnələri bilərəkdən “vurmaqda” məqsəd ictimaiyyətə, “əvvəlki rəhbərliyin yetişdirdiyi hakimlər bunlar idi” kimi bir mesaj ötürməkdi. Bütün bunların fonunda ən çox təəssüf doğuran isə Əliyar Ağayevin “vurulması”dır.

 

2011-ci ildən hələ 21-22 yaşı olan dönəmdən Premyer Liqa oyunlarına təyinat alan, illərlə püxtələşərək FİFA referisi dərəcəsinə qədər yüksələn, Avropa Liqasının qrup matçına təyinat alan Ağayev Ştuxlikin gəlişi ilə açıq şəkildə sıxışdırılmağa, gözüm çıxdıya salınmağa başladı. Son zamanlar isə onu nümayişkaranə şəkildə nüfuzdan salırlar. Verilən təyinatlardan da bunu açıq şəkildə görmək olur. Elə ölkə kubokunun ¼ final mərhələsinə təsadüf edən təyunatlardan bunu görmək mümkündür. Ölkənin ən güclü hakimini nəticəsi ilk oyundan sonra bilinən “Səbail” – “Zirə” matçına göndərməyə başqa ad tapmaq mümkün deyildi. Çempionat oyunlarında da Ağayev demək olar ki, mərkəzi oyunlara təyinat almır. Hətta bəzi oyunlara onu dördüncü hakim kimi göndərirlər. Təsadüfi deyil ki, daxildə Ağayevə qarşı aparılan qərəzli siyasət referinin beynəlxalq oyunlara təyinatına da təsir edib və ona demək olar ki, Avropadan təyinat gəlmir. Bununla da illərin zəhməti hesabına yetişdirilən FİFA referisi hansısa şəxsi-qərəzliyin, yersiz prinsipiallığın qurbanı olmaqdadır. Futbolumuz kimi...

 

Anar XANLAROV