Çempionlar Liqasının IV turunun "Qarabağ" – "Çelsi" oyunundan (2:2) sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı. Rekord.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…



 

– Azarkeşlərə təşəkkür edirəm. Qarşıdan "Zəfər Günü"müz gəlir. Oyunçularımın bu gün mübarizə aparması məni çox sevindirdi. Sona kimi bərk durmağı bacardılar. Baxmayaraq ki, Avropanın ən güclü klublarından birinə qarşı oynayırdıq. Çəkinmədilər, azərbaycanlıya xas xarakter göstərdilər. Bu gün bir xal qazandıq. İngilis klublarına qarşı ilk xalımız oldu. Bu cür oyunlar, nəticələr bizə böyük inam verir. Ən vacibi də futbolu ölkəmizə, azarkeşlərimizə, rəhbərliyə sevindirir. Qarşıda "Napoli", "Ayaks"a qarşı oyunlar var. Bəlkə də, gözləyirlər ki, bizimlə oyun olsun, üç xal qazansınlar.

 

– Kadi Borgesin sağ cinahda oyuna başlaması nə ilə bağlı idi?


– Rəqibin oyununa görə. Onların üslubuna görə belə addım atdıq.

 

– İki xal itirdiniz, ya bir xal qazandınız?


– Xallarımızın üstünə xal gəlibsə, deməli, qazanmışıq. 0 da ola bilərdi. Xalımız 7 oldu.

 

– Kənarda bu qədər soyuqqanlı olmağı necə bacardınız?


– Bəlkə, xarakterimlə bağlıdır. Belə deyək, nə var, odur.

 

– "Çelsi"yə qolu 10 nəfərlə olanda vurdunuz…


– Bəli, azlıqda olanda qol vurduq. Ola bilər, rəqib həmin dəqiqələrdə bir az diqqətsiz oldu. Çünki onların da 10 nəfərlə qaldığı anlar var idi. Həmin an ehtiyat etdik. Şansımız düşən kimi istifadə etməyə çalışdıq. Belə hallar olur. Bəzən bir komanda 60-70 dəqiqə azlıqda oynayıb qol vurur. Bunlar futbolun düşünülməyən tərəflərindən idi.

 

– Pley-off mərhələsinin hesabları gedir. "Qarabağ"ın turnirlə bağlı xəyalları nədir?


– İlk gündən fikirlərimi söyləmişdim. 2017-ci ildəki vaxtdakı komandadan indiki fərqlənir. Daha böyümüşük. Heyətdə elə oyunçular var ki, bizə gələnə qədər böyük turnir görməmişdi. Düzü, rəqiblər bilinəndə narahatlığım var idi. Bəzi futbolçuların həyəcanı məni narahat edirdi. Şükürlər olsun, bir-birimizə güvənimizdən, kollektivi ələ almağımızdan mübariz komanda yarandı. Qrup mərhələsinin oyunlarına kimi inanırdım ki, bura düşəcəyik. İlk turdan məqsədimiz bu idi və buna nail olduq. Şansımız varsa, maksimum istifadə etməyə çalışacağıq. Məşqdən, xallardan doymamalıyıq. Daha çox məşq edib, uğurun dalıyca qaçmalıyıq.

 

– "Çelsi"nin start heyətini görəndə onların bizə yuxarıdan aşağı baxdıqlarını düşünmədiniz?


– Belə böyük komandalarda ehtiyat heyət anlayışı yoxdur. İlk dəfə deyil ki, bu heyətlə oynayırlar. Həm Çempionlar Liqasında, həm Premyer Liqada, həm Kubokda mübarizə aparırlar və rotasiyalar etmək məcburiyyətindədirlər. Hər oyun eyni heyətlə oynamaq asan deyil. Belə klublar inanmıram ki, hansısa kollektivə yuxarıdan aşağı baxsın.

 

– 2017-ci ildə burda məğlub olmuşdunuz. Həmin vaxt müsahibənizdə demişdiniz ki, bu cür matçlar sizi gücləndirir. Bəs siz özünüz bu müddətdə necə inkişaf etmisiniz?


– Bu oyunlarda biz qazanırıq. Böyük klubların ölkəyə gəlməsi bizim üçün uğurdur. Uğur qazanmaq üçün böyük sınaqlardan keçmək lazımdır. 2017-ci ildəki heyət ayrılıqda daha güclü ola bilər, amma bizim təcrübəmiz daha artıb. 2017-də ilk dəfə bu turnirdə oynamışdıq. İndi isə ikincidir, avrokuboklarda daha çox oyun keçirmişik.

 

– Bu gün meydana üç xal üçün çıxmışdınız?


– Oyunu müdafiədən qurmamışdım. Rəqib nə qədər şərait yaradırsa, hücumda oynamalıydıq. Risklərə gedəcəyimi də demişdim. Bu gün risklər də etdik. Bu cür rəqiblərə qarşı risk etmək lazımdır ki, inamı tapasan. İlk dəqiqələrdən müdafiədə qalsaq, qorxaqlıq hissi yarana bilərdi. Hər şeyə real baxmalıyıq. 90 dəqiqə hücum futbolu oynamağımız da mümkün deyil.

 

– Kadi Borgesin durumu necədir?


– Dəqiq nəsə deyə bilməyəcəyəm. Ciddiyə oxşayır. Ayaq hisəsində kiçik sümüklərdən birinin qırıldığı ehtimal edilir. Sabah dəqiq bilinəcək.

 

– Qarşıda "Liverpul"la oyun olacaq…


– "Liverpul" dünən "Real"ı məğlub etdi (gülür). Oyun onların meydanında olacaq. O cür azarkeşlərin qarşısında oynamaq asan deyil. Yenə də sağlam oynamağa çalışacağıq.

 

– Mareska oyunsonrası sanki qəzəbli idi. Qələbə qazana bilmədikləri üçün belə olduğunu düşünürsünüz?


– Xeyr. Ola bilsin, məyusluğu var. Pozitiv məşqçidir. Oyundan əvvəl dialoqumuz oldu. Çox xoş, alicənab insandır.

 

– Rəqib ikinci hissəyə üç dəyişikliklə başladı. Sizcə, Mareska "Qarabağ"ın əsl gücünü görüb belə addım atdı?


– Deməzdim. İlk hissədən sonra məğlub idi. Oyunu sürətləndirmək istədiyi üçün bu dəyişiklikləri etdi. Bu, bizə ciddi yanaşdıqlarını göstərir. Bəlkə də, əvvəlcə planı həmin oyunçuları 15-20 dəqiqə oynatmaq fikri var idi. Amma gedişat ona bunu etdirdi.

 

– Rəqib müdafiəsində Hatonun oynaması sizin Kamilo Durana əlavə tapşırıqlar verməyinizə səbəb oldu?


– Bəzi detalları açıqlamağım düzgün olmaz. Oyuna dünəndən hazırlaşmışdıq. Öz hücumlarımız var idi. Xeyli sayda onları edə bildik. Rəqibdə adlar dəyişir, sistem eynidir.

 

– Leandro Andrade demək olar, hər oyun 60-cı dəqiqələrdə əvəzlənir. Bu, nə ilə bağlıdır?


– Andrade sürətli futbolçudur. O, hər oyun digər futbolçulara nisbətən maksimal sürəti çox olur. Belə matçlarda yorğunluğu hiss olunur. Ona görə əvəzləmişik.

 

– Qazandığınız nəticə sizə əlavə yük olmur?


– Ən böyük uğuru qazanmaq ən yaxşı baş məşqçi deməkdirmi, bilmirəm. Ən yaxşı nəticə verən məşqçi desəniz, daha uyğun olar. Avropada tək "Qarabağ" olanda mənimçün əlavə motivasiya yaranır. Çünki məğlub olsaq, heç kim qalmış olmur.

 

– 30 ildir, Çempionlar Liqası oyunlarına baxıram. "Qarabağ"ın Aleks Ferqyusonu olmaq, ya "Qarabağ"dan ayrılıb, Qvardiola, Mourinyo kimi olmaq istərdiniz?


– Anam məni dünyaya Qurban Qurbanov kimi gətirib və belə qalmaq istərdim. Məncə, suallar bitdi, gedək, "Qalatasaray"ın oyununa baxaq (gülür).