2017-ci ildən “Paxtakor”un başında olan Şota Arveladze hazırda Türkiyədədir.

Rekord.az xəbər verir ki, 47 yaşlı gürcü mütəxəssis koronavirusla əlaqədar tətbiq olunan karantində gördüyü işlərlə bağlı aylıq “Vice” jurnalına açıqlamalar verib:

“Hələ “Kasımpaşa”da işlədiyim dönəmdə İstanbulda özümə ev almışdım. İndi ailəmlə birlikdə bu evdə qalıram. Astmadan əziyyət çəkdiyim üçün çox diqqətli davranmaq məcburiyyətindəyəm.

Bilet tapa bilmədiyimə görə Özbəkistandan bura şəxsi təyyarəylə gəldim. Çoxlu kitab oxuyaraq, uşaqlarımla əylənərək və filmlər izləyərək vaxt keçirirəm. Bu vəziyyət hər kəsdə dərin izlər buraxacaq.

İnsanların evdə oturması sayəsində təbiət də dincəlmək, özünü yeniləmək fürsəti əldə edib. İnsanlar özləri də bilmədən bir-birindən çox uzaqlaşmışdılar. Hamı yalnız özünü düşünürdü.

İndiki durumun həm yaxşı, həm də pis tərəfi var. 9 aydan sonra doğuş sayında inanılmaz artım yaşansa, təəccüblənmərəm. Digər tərəfdən karantin müddəti artsa, boşanmaların sayı da arta bilər.

“Paxtakor”a gələndə komanda əvvəlki mövsümü 13-cü pillədə başa vurmuşdu. Avropadan kənarda bir klub çalışdırmaq ideyası həmişə mənə maraqlı gəlirdi. 3 il ərzində ciddi inkişafa nail olmuşuq. Ötən mövsüm çempionluq, kubok və superkubok olmaqla 3 titul qazandıq.

Müqavilə müddətim mövsümün sonunda bitir. Amma işlərimiz qaydasında gedir. Özbəkistan futbolunda səviyyə və rəqabət ildən-ilə artır. Mənim ilk ilimdə işıqlandırma sistemi olmayan stadionlar var idi və ona görə də hədsiz isti havada günorta saatlarında oynamaq məcburiyyətində qalırdıq.

Indi bütün stadionlarda işıqlandırma sistemi var. Klubun maddi durumu yaxşıdı. Stadionumuz və bazamız yenilənib. Amma tanınmış oyunçuları bura gətirmək, demək olar, mümkün deyil. Hazırda “Paxtakor”da Avropada az-çox tanınan oyunçulardan yalnız Ərən Dərdiyok çıxış edir".