Bizim veteranların ən böyük arzusu
- 2020-12-25 11:00
- 1604
Şota Arveladzeni tanıyırsız? Gürcü futbolunun fəxri simalarından biridi. Ola bilsin ki, nisbətən gənc yaşda olan futbolsevərlər onun oyununu görməyib, karyerasından xəbərsizdi. Şota qardaşı Arçillə birlikdə 90-cı illərin ortasında adından söz etdirirdi. Hətta bu əkiz qardaşlarla bağlı rəvayətlər, əfsanələr dolaşırdı, bəzən bu rəvayətlər lətifəyə də çevrilirdi. Arveladze qardaşları bir-birinə o qədər bənzəyir ki, onları ayırd etmək çox çətindi. “Trabzonspor”da birlikdə çıxış edərkən Qara dəniz bölgəsinin baməzə insanları onların barəsində xeyli lətifə danışırdılar.
Tbilisi “Dinamo”sunda məşhurlaşan Şota 1993-cü ildə “Trabzonspor”a yollandı. Həmin vaxt bizim də Vəli Qasımovumuz, Nazim Süleymanovumuz, Şahin Diniyevimiz müxtəlif klublarda legioner həyatı yaşayırdılar. Amma gürcü balası bizimkilərdən daha uzağa getməyi bacardı. “Qara dəniz fırtınası”nda 90 oyuna 61 qol vuran Şota orda Avropanın qərbinə yollandı. Əfsanəvi “Ayaks”da onun üçün hər şey əla alındı, qısa müddətdə daha da məşhurlaşdı. “Ayaks”ın formasında 96 oyun keçirmək, 55 dəfə qol müəllifi olmaq böyük uğurdu. Arveladze “Reyncers”də də itib-batmadı. Baxmayaraq ki, Şotlandiya çempionatı Hollandiyadakından daha çətin keçir. “Reyncers”də 95 oyun keçirən Şota orda 44 dəfə fərqləndi. Yenidən Hollandiyaya qayıdan Şota orda daha 36 dəfə qol vurdu. 2008-ci ildə 35 yaşını qeyd edən gürcü hücumçu karyerasını “Levante”də bitirdi.
Onun məşqçilik karyerasına da həsəd aparmaq olar. Türkiyə Super Liqasında çıxış edən üç fərqli komandada da beş il baş məşqçi kimi çalışmaq elə də asan deyil. Özü də bu komandalardan biri “Trabzonspor” idi. Bir müddət əvvəl Şotanın adı “Neftçi” ilə yanaşı hallanırdı. Hətta onun danışıqlar aparmaq üçün Bakıya gəldiyi də çoxumuza məlumdu. Amma Arveladze Türkiyədən sonra İsraildə çalışdı, bizə də yaxşı tanış olan Tel-Əviv “Makkabi”sinin “sükanı” arxasına keçdi. Ordan da Özbəkistana yollandı. Özbəkistan futbolunun “flaqmanı” sayılan “Paxtakor” Arveladzenin rəhbərliyi altında bürünc və gümüş medal qazandıqdan sonra ardıcıl iki il ölkə çempionu oldu. Bundan sonra da Şota Arveladze sosial şəbəkədəki hesabından “Paxtakor” rəhbərliyinə minnətdarlıq etdi, klubdan ayrıldığını açıqladı.
Bütün bunları niyə açıqlayıram? Ona görə ki, gürcü Şota ölkəsindən uzaqlarda həm futbolçu, həm də məşqçi kimi zirvələr fəth edir, mükafatlar qazanır. Özü də aza qane olmur, Özbəkistanda ardıcıl iki dəfə çempion olduqdan sonra daha böyük hədəflərə çatmaq üçün işindən ayrılır. Bəs bizimkilər nə edir? AFFA Məşqçilər Komitəsi adlı kooperativ yaradır və özünə mütəxəssis deyən azərbaycanlı futbol veteranlarının ən böyük arzusu adını ora saldırıb, bir maaş kartına sahiblənmək olur. 3-4 nəfər ora adını yazdırır, olur dünyanın ən xoşbəxti. Yerdə qalanları da gözləyir ki, Məşqçilər Komitəsindən maaş alanlardan hansınınsa başına bir iş gələcək, onun yerinə dəvət alacaq. Ya da aşağı yaş qruplarında hansısa əcnəbinin köməkçisi kimi gün keçirəcəklər. Onların həyatının mənası budu. Vəssalam!