
Azərbaycan futbolunun “Ziko”su əsri yarıladı: “Ağlıma gəlməzdi ki, futbolçu olacam”
- 15:00
- 316
Sumqayıt futbolunun tanınan simalarından olan Zahir Əsgərov bu yaxınlarda 50 illik yubileyini qeyd etdi. Onu hər kəs “Ziko” kimi tanıyır. Xarici görünüşü məhşur braziliyalı Zikoya oxşadığı üçün uşaqlıqdan ona bu ləqəbi qoyublar. Dediyinə görə, ilk vaxtlar xoşu gəlməsə də, sonradan öyrəşib. Hətta indi adı ilə çağıranda qəribə olur. Biz də əsri yarılayan “Ziko” ilə görüşüb geridə qalan illəri vərəqləmək qərarına gəldik.
- - “Ziko” özünü 50 yaşında necə hiss edir?
-
- Əslində 50 il az müddət deyil. Amma mən özümü 50 yaşında hiss etmirəm.
Hətta deyərdim ki, bu dəqiqə çıxıb futbol da oynayaram. Demirəm 90 dəqiqə, amma
20 dəqiqə oynayaram.
- - Futbolu seçdiyinizə görə peşman deyilsiniz ki?
- - Futbolu hər birimiz uşaqlıqdan sevmişik. Günümüz məhlədə futbol oynamaqla keçirdi. İlk vaxtlar futbola sırf əyləncə kimi baxırdım. Ağlıma gəlməzdi ki, gələcəkdə futbolçu olacam. Sonradan futbol məhlədən yaşıl meydanlara keçdi. Gördüm ki, oynadıqca daha yaxşı alınır və beləliklə futbolçu olmağa qərar verdim.
- - Yönləndirən şəxs oldu?
-
- Biz ailədə 3 qardaş olmuşuq. Məndən böyük qardaşlarım futbolla məşğul
olub. Böyük qardaşım hətta o vaxt ittifaq miqyaslı yarışlarda da çıxış edib.
İlk olaraq həfəs ordan yarandı. Bundan başqa, məktəbdən çıxıb Sumqayıt "Xəzər”nin
oyunlarına baxırdıq. Həmin anlarda beynimdən keçirdi ki, bu meydançada kaş ki,
mən də oynayardm, hamı məni də alqışlayardı. Əslində futbola gec gəldim, 14
yaşında. Düzdür, 12 yaşında ilk dəfə futbol bölməsinə yazıldım. Lakin qısa müddət
sonra ara verdim və 14 yaşında yenidən başladım. Baxmayaraq ki, futbola gec
başladım, 2-3 ildən sonra “Xəzər” komandasına cəlb olundum.
- - Bu, necə baş verdi?
- Rəhmətlik Sabir Əliyev həmişə cavanlara üstünlük verirdi. Cavanlarla işləməyi sevirdi. Məni də məşqlərdən görüb, bəyənib əsas komandaya cəlb etmişdi. 1992-93-cü illərdəki heyətə nəzər salsanız xeyli cavan futbolçu görəcəksiniz. Məndən başqa Seymur Rəhimov, Mübariz Orucov, Aqil Məmmədov, Kamal Quliyev, İsmayıl Məmmədov kimi 16-17 yaşlı gənclər var idi. Özü də Sabir müəllim hamıya oynamaq şansı verirdi. O vaxt çempionluğa 7-8 komanda oynayırdı. “Neftçi”, “Qarabağ”, “Kəpəz”, “Turan”, “İnşaatçı” Bakı, “Kür Nur”, “Bakı fəhləsi”, bu komandalar hamısı güclü komandalar idi. Həmin dönəm gənc heyətlə iki il ardıcıl olaraq gümüş medal qazandıq.
- - Çempionatda ilk rəsmi oyununuzu xatırlayırsınız?
- Bəli, Sumqayıtda Lənkəran “Xəzər”inə qarşı oynayırdıq. İlk dəfə idi ehtiyat oyunçular skamyasında əyləşmişdim. Sona 20 dəqiqə qalmış Sabir müəllim məni oyuna buraxdı. Debütüm uğurlu oldu və iki məsuldar ötürmə ilə yadda qaldım. Hər iki ötürməni də Nazim Əliyev qola çevirmişdi. Oyunun gedişində 1-2 fint də göstərincə, özümü azarkeşlərə sevdirə bildim. Hamı başladı “Ziko”, “Ziko” deyib alqışılamağa. Oyundan sonra mənə gül də hədiyyə etmişdilər. Oyunu da 5:0 hesabı ilə qalib gəlmişdik.
- - Bəs ilk qolunuzu kimə vurmuşdunuz?
- - “Xəzri” Buzovnaya. Hesab 1:1 olanda oyuna daxil olub başla “doqquzluğ”a qol vurdum. Əksər hallarda oyuna daxil olanda ya qolla, ya da məsuldar ötürmə ilə yadda qalırdım. Sonradan tədricən əsas heyətdə də yer almağa başladım.
- - Fiziki göstəriciləriniz o qədər də yüksək deyildi. Belə başa düşdüm ki, daha çox texnikanın hesabına oynayırdınız...
- - Əsas texnikanın hesabına, amma həm də qaçırdım, işləyirdim. Amma boşu boşuna qaçmırdım, lazım olan anlarda qaçırdım. Ehtiyac olmadan qaçıb özümü yormurdum. Hansısa futbolçu zədələnəndə həmin an oyunun dayanmasından istifadə edib dincəlirdim.
- - “Xəzər” 90-cı illərin əvvəlində iddialı komandalardan idi. İlk iki mövsüm 2-ci, üçüncü mövsüm isə 4-cü pilləni tutdunuz. Lakin 1995-ci ildə komanda yüksək liqanı tərk etdi, sonradan isə, ümumiyyətlə, dağıldı. Nə baş verdi, “Xəzər” niyə dağıldı?
- - O vaxt komandaya zavodlar sponsorluq edirdi. Ona görə də vəziyyət yaxşı idi. 90-cı illərin əvvəllərində 200 rubl maaş alırdıq. Maaşdan başqa hər qələbəyə görə mükafat da verilirdi. Biz də tez-tez qələbə qazandığımıza görə, tez-tez mükafat alırdıq. Mənim də 17 yaşım var idi, orta məktəbdə oxuyurdum. Gəlirdim, mükafat alırdım, 2-3 gündən sonra gəlirdim ki, yenə mükafat verirlər. Heç maaş yada düşmürdü (gülür). Bundan başqa, hər futbolçuya talon verirdilər və o talonla mağazalardan ərzaq alırdıq. İlk iki mövsümdəki günüş medaldan sonra bir çox futbolçularımıza digər klublardan təklflər gəlməyə başladı. Nəticədə 1994-cü ildə daha çox cavanların ümidinə qaldıq. Ona görə medalçılar sırasına düşə bilmədik və 4-cü pilləni tutduq. 1995-ci ildə isə artıq maddi durum ağırlaşdı, bütün aparıcı futbolçular komandanı tərk etdi və yekunda da komanda dağıldı.
- - Az öncə maaşdan, mükafatdan bəhs etdiniz. Maraqlıdır, ilk maaşınız nə qədər olub?
- - İlk maaşım 176 rubl olub. Stadiona gəldim, dedilər ki, qalx yuxarı, maaş verirlər. Amma dediyim kimi, bizim əsas gəlirimiz mükafatlar idi.
- - Aldığınız pulu hara xərcləyirdiniz?
- - Evə xərcləyirdik. 1992-93-cü illər müharibə dövrü idi, zavodlar işləmirdi, evdə yeganə işləyən mən idim. Ona görə də bütün pulumu evə verirdim.
- - “Xəzər” dağılandan sonra “Dinamo”ya keçdiniz...
- - Həmin illərdə həm də universitetdə oxuyurdum. Universiteti bitirəndən sonra əsgərlik vaxtı çatdı və həmin vaxtda da həm “Dinamo”dan, həm də MOİK-dən təklif gəldi. Mən üstünlüyü “Dinamo”ya verdim. Gördüm ki, bu komandanın daha ciddi hədəfləri var. Həqiqətən də elə həmin il gümüş medal alaraq UEFA kubokuna vəsiqə qazandıq. Həm əsgərliyimi çəkdim, həm də Avropaya vəsiqə qazandıq. Düzdür, maaş alırdım, amma mükafat olurdu.
- - UEFA kubokunda Rumıniyanın “Arceşt” klubuna qarşı oynadınız və hər iki oyunda məğlub oldunuz (0:5, 0:2). Həmin oyunları necə xatırlayırsınız?
- - O dövr təbii ki, indiki şərait yox idi. Yalnız Bakıda toplanış keçib Rumıniyaya yollanmışdıq. Amma deyim ki, Rumıniyada ən yaxşı otellərin birində qalmışdıq. Həmin dönəmdə də “Arceşt”də Adrian Mutu oynayırdı, 19 yaşı var idi, bizə qol da vurmuşdu. Təbii ki, ilk dəfə avrokuboklarda oynayırdıq, təcrübəmiz yox idi. Artıq 10-cu dəqiqədə iki top buraxmışdıq. Amma orda özümlə bağlı maraqlı bir epizod oldu ki, rəqib hücuma çıxan zaman uzun hava ötürməsi verdilər və top başımın üstündən keçsə də, ayağımı uzadıb dabanla topu geri qaytardım. O hərəkətimə görə, bütün stadion ayağa qalxıb məni alqışlamışdı.
- - “Dinamo”dan sonra “Viləş”ə keçdiniz və orada da iki il ardıcıl olaraq, avrokuboklara yollandınız.
- - Məndə bir xasiyyət var idi ki, dərhal qərar vermirdim, oturub təhlil edirdim, götür-qoy edib sonra qərar verirdim. “Viləş”dən də dəvət gələndə götür-qoy etdim, komandanın hədəfləri ilə tanış oldum və gördüm ki, hədəf avrokuboklardı. Rəhmətlik Qəhrəman Əliyev yaxşı komanda yığmışdı. Bunun nəticəsində iki il ard-arda avrokuboklara vəsiqə qazandıq.
- - “Viləş”in avrokubok səfərləri ilə bağlı maraqlı məlumatlar yayılmışdı. Xüsusilə İslandiyada futbolçuların kolbasa-çörək yeməsi ilə bağlı. Sizin yadınızda necə qalıb?
- - Düzü, zədəli olduğum üçün İslandiyaya getməmişdim, ona görə kolbasa-çörək məsələsindən xəbərim yox idi. Amma Polşa səfərində olduğum üçün yadımdadır ki, ora çox bahaçılıq idi. Təsəvvür edin, adi kola 4-5 dollar idi. Bizim də o qədər pulumuz yox idi axı adi balaca kolaya 5 dollar verək, ayda 20 “şirvan” maaş alırdıq (gülür). Amma yemək baxımında sıxıntımız olmamışdı, çünki oteledə gündə 3 dəfə yemək verirdilər.
- - Mərhələ keçmək şansınız var idi, yoxsa...
- - Əslində oyun olaraq, pis oynamdıq. Polşadakı oyunun əvvəlində 3 real imkanımız da olmuşdu. Sadəcə, təcrübəmiz yox idi. Həm də rəqib atletik cəhətdən bizdən üstün idi, demək olar, bütün qolları başla vururdular. Bizim qapıçımız Tomis Əsədovun da boyu balaca idi, tuta bilmirdi. Mənə bir oyunçu tapşırmışdılar ki, künc zərbəsi zamanı onu tutub. Top gələndə tullandım hiss elədim ki, başla nə isə vurdum. Sevindim ki, topu vurub çıxarmışam. Sonra baxıram ki, rəqib futbolçunun qarnına vurmuşam (ucadan gülür).
- - Masallıda bildiyim qədəri ilə sizi çox istəyirdilər...
- - Masallıda futbolu sevirlər. Həm də oranın camaatı qonaqpərvər idi, sənə hörmətlə yanaşırdılar. Amma bir məsələ də var idi, o hörməti sən öz oyunula qazanmalı idin. Rayonlarda yanaşma belə idi ki, kənardan gələn futbolçu yerllərdən iki baş üstün olmalı idi. Mən də öz oyunumla bu hörməti qazanmışdım, ona görə məni çox istəyirdilər. Deyim ki, tək Masallıda yox, Qazaxda oynayanda da eyni hörməti qazanmışdım, orda da mənə hörmətlə yanaşırdılar. Belə deyim, “Ziko”luğumu sübut edirdim.
- - “Ziko” ləqəbindən söz düşmüşkən, bu ləqəbi sizə kim qoymuşdu?
- - Uşaq futbolunda olanda Nasir müəllim var idi, o qoymuşdu. İlk vaxtlar xoşum gəlmirdi ki, mənə niyə belə deyirlər, öz adımla tanınmaq istəyirəm. Amma sonradan tədricən öyrəşdim. Braziliyalı məhşur futbolçu Zikoya oxşadığım üçün belə ləqəb qoymuşdular. İndi də hamı məni öz adımdan daha çox “Ziko” kimi tanıyır.
- - 2004-cü ildə futbolumuza böyük maliyyə yatırımı qoyulmağa başladığı dönəm idi və siz də həmin vaxt “Xəzər Universitet”ində idiniz. Sonradan o komanda “İnter”ə çevirilsə də, siz Sumqayıta qayıtdınız...
- - Əslində heç “Xəzər Universiteti”nə də getmək istəmirdim. Sadəcə, iddialı klub olacaqlarını dedikləri üçün sonda təklifi qəbul elədim. Çünki heç vaxt iddiası olmayan komandaya getmirdim və getdiyim komandaların da demək olar hamısı avrokuboklarda oynayıb. “Xəzər Universiteti” də o cümlədən, İntertoto kubokuna vəsiqə qazandı. Avrokuboklar bitəndən sonra isə komanda “İnter” adlanmağa başladı. Mənə də “İnter”də oynamaq təklif olundu, çünki həmin vaxt komandanın aparıcı futbolçularından idim. Lakin “Gənclərbirliyi”nə söz verdiyim üçün Sumqayıta qayıtdım.
- - Futbolu “Bakılı”da bitirdiniz...
- - “Bakılı”dan öncə “Şahdağ”da da oynadım. Sabir müəllim orda da yaxşı komanda formalaşdırmışdı. Əhməd Ticcani, Rahid Əmirquliyev, Arif Daşdəmirov kimi futbolçular oynayırdı. Səfərdə “Xəzər Lənkəran”, “Bakı”, “Qarabağ” kimi komandaları məğlub etmişdik. İntertoto kubokuna getməyə çox yaxın idik, son anda vəsiqəni əldən verdik. “Şahdağ”dan sonra futbolu bitirmək istəyirdim. I Liqa təmsilçisi “Bakılı”dan təklif gəldi ki, yüksək liqaya vəsiqə qazanmaq istəyirik, gəl, bizə kömək elə. Ondan sonra “Bakılı”ya getdim, həqiqətən də mövsümün sonunda komanda yüksək liqaya vəsiqə qazandı, son turda MOİK-ə qələbə qolunu da mən vurmuşdum. Yüksək Liqada oynamağı təklif etsələr də, qəbul etmədim. Düzdür, 2010-cu ildə yeni yaranan “Sumqayıt”da qısa müddət oyandım, amma aktiv futbolu “Bakılı” ilə başa vurmuşdum.
- - Amma məşqçiliyə dərhal başlamadınız...
- - -Futbolu qurtarandan sonra bir müddət dincəldim. 2013-cü ildən isə məşqçiliyə başladım. O vaxt AFFA-nın təşəbbüsü ilə “Bakcell” futbol məktəbi” yaradılmışdı, mən də orada məşqçiliyə başladım. Maaşı, icarə pulunu federasiya döəyirdi, biz isə daha çox küçədə futbol oynayan, aztəminatlı ailələrin uşaqlarını futbola cəlb edirdik. Hazırda “Sumqayıt”da forma geyinən Xəyal Fərzullayev ilk olaraq bizdə futbola başlayıb. Yeni gələndə oyunçu kimi gəlmişdi, gördüm oyunçu kimi elə də güclü deyil, qapıda yoxladım və orada özünü doğurultduğu üçün qapıçı kimi də davam etdi. Daha sonra “Sumqayıt” Futbol Akademiyasında işə düzələndən sonra Xəyal da daxil olmaqla “Bakcell”dən bir sıra uşaqları ora apardım. İlk olaraq “Sumqayıt” U-14 komandasında işə başladım. Həmin vaxt Səbuhi Abdullazadə, Rüfət Abdullazadə də mənim komandamda idi. Mənim mövqeyimdə oynadıqları üçün onlara da lazımı tövsiyyələrimi verirdim ki, bu cür oynamaq lazımdı.
- - Bildiyim qədəri ilə “Sumayıt”ın o vaxtkı prezidenti Kamran Quliyevlə yerlisiniz...
- - Bəli. Eyni kənddənik, o da mənim kimi, Cəbrayılın Daşkəsən kəndindəndir. Mərhum aktyorumuz Şahmar Ələkbərov da həmin kənddəndi və mənim atamın dayısı oğludu. Həmçinin Kamran müəllimin də qohumu idi. Çox maraqlıdır ki, Kamran Quliyevlə eyni kənddən olduğumuzu mən akademiyada işləməyə başladıqdan 5 il sonra bilmişdim.
- - Niyə məhz uşaq futbolunu seçdiniz?
- - Burda işləmək hələ ki, daha rahatdı. Həm də bizim əsas problemimiz uşaqlıqdan düzgün təməlin qoyulmamasıdır. Təəssüf ki, əksər sabiq futbolçularımız uşaq futbolunda işləmək istəmir, hamı istəyir ki, böyüklərlə işləsin. Hamı da yuxarı qaçanda aşağıda kim işləyəcək? Futbol oynayanlar yuxarı qaçanda aşağıda da futbolu dərindən bilməyənlər işləyir, nəticədə təməl düzgün qoyulmur, yekunda da yaxşı futbolçu yetişmir. Adi misal çəkim də, binanln bünövrəsi düzgün qoyulmçayanda nə olur, bina çat verir. Futbol da eyni şeydi.
- - Zahir Əsgərovun uşaq futboluna əsas yanaşması necədi?
- - Uşaq futbolunda əsas olan texnikadı, mən futbolçunu ilk növbədə buna görə seçirəm. Uşağa nə fizika verəcəksən? Fiziki hazırlıq elədir ki, tədricən böyüdükcə uşaq onu yığacaq. Boyu artacaq, fiziki göstəriciləri yaxşılaşacaq. Sən onun ilk növbədə təməl texnikasını düzgün qoymalısan. Bundan başqa, məşqçi psixoloq olmalıdır. Uşaq futbolunda işləmək çox çətindir. Hər uşağa fərqli yanaşmalısan. Elə uşaq var üstünə qışqıranda daha yaxşı oynayır, eləsi var onu tumarlaya-tumarlaya oynatmalısan. Qışqırmaq deyəndə uşağı söyməyi, təhqir etməyi nəzərə tutmuram. Sadəcə, görürsən ki, oyun gedir, uşaq sanki hələ ayılmayıb. Futbol yönündə qışqırdıb bir növü onu ayıldırsan. Bundan başqa, məşqçi eyni zamanda uşağın meydançadakı yerini düzgün seçməlidir. Bir neçə məşqdən sonra sən təxmin edirsən ki, o, harada daha yaxşı oynaya bilər, hansı mövqeydə özünü daha yaxşı göstərə bilər. Mənim əsas prinsiplərimdən biri də ilk növbədə nəticəni yox, uşaqları düşünməyimdi. Yaxşı ki, uşaq futbolunda nəticələri ləğv elədilər. Buna baxmayaraq yenə də əksər məşqçilər öz kitabçasında cədvəl qurur, nəticələri qeydə alır. Məşqçi var ki, sırf nəticəyə görə yarışa apardığı uşaqların çoxunu oynatmır. Bu isə uşaqğq mənəvi cəhətdən çox pis təsir edir. Uşaq evə gedib ağlayır, yemək uemir, futboldan küsür. Məşqçinin vecinə deyil, amma uşaqlar mənəvi zərbə alır axı. Mən hazırda “Sumqayıt”ın U-10 komandasında işləyirəm. 14-15 uşağı oyuna aparıramsa, hamısını oynadıram. Olur ki, ilk “altılıq” girir hesabda 2:0 önə keçirik, sonra o “altılığ”ı başqa “altılıq”la əvəzləyirəm hesab 2:2 olur. Olsun. Əsas odur ki, bütün uşaqlar oynasın.
- - Uşaq futboluda mövcud olan başqa hansı problemi xüsusi qeyd edərdiniz?
- - Bizdə 14 yaşına qədər oyunlar kiçik meydançalarda oynanılır. Yalnız 14 yaşından sonra uşaqlar standard meydançalarda yarışlara çıxırlar. Mənə görə çox gecdi. Biz 12 yaşından böyük meydançalarda 11/11-ə oynayırdıq. Düşünürəm ki, indi də uşaqları daha aşağı yaşlardan böyük meydançalarda 11/11-ə oynataq lazımdı. Uşaq 14 yaşına kimi 7/7-ə oynayır, gəlib 14 yaşında 11/11-ə oynayanda uğunlaşa bilmir. Ona görə böyük futbola keçiddə də problem yaşayırlar.
- - Ailənizdə yolunuzu davam edən var?
- - Böyük oğlum Rəvan Əsgərzadə 6 yaşından futbolla məşğul olub, 10 yaşından “Sumqayıt” Futbol Akademiyasına gəlib. “Sumqayıt”ın U-19 komandasının üzvü idi. Sadəcə, təhsili ilə əlaqədər olaraq Türkiyəyə yollanmalı oldu, amma hazırda da orda “Fənərbağça”nın universitet komandasında forma geyinir. Kiçik oğlum isə hazırda hərbi xidmətdədir. Qızım isə 6-cı sinifdə oxuyur və o da “Sumqayıt”ın qızlardan ibarət komadasında futbolla məşğul olur.
- - Sonda yeni açdığınız “Ziko” Futbol Məktəbi haqda da fikirlərinizi də öyrənmək istərdik.
- Bir il olar ki, bu klubu təsis etmişik. Tanıyan, bilən çox insan olurdu ki, övladını, yaxınını futbola yazdırmaq istəyirdi, məndən məsləhət alırdı mən də yönləndirirdim. Sonra dedilər ki, elə özün bir məktəb aç, uşaqları sənin yanına gətirək. Bu ideya da ağlıma batdı və "Ziko" Futbol Məktəbini açmaq qərarına gəldim. Hazırda beş yaş qrupundan ibarət komandalarımız var və AFFA-nın bayrağı altında keçirilən yarışda iştirak edirlər. Günü gündən də məktəbə gələn uşaqların sayı artır. Bundan başqa, akademiyada A komandaya düşə bilməyən uşaqları da bura cəlb edirik ki, öz üzərlərində işləyib artırsınlar. Həmçinin, "Ziko" məktəbində seçilən uşaqları da akademiyanın məşqlərinə cəlv edirik. Məqsədimiz ölkə futboluna xidmt etmək, milli komandalarımız üçün futbolçu yetişdirməkdi.
Anar XANLAROV
-