9-cu tura baxış
- 11:10
- 52
Premyer Liqada 9-cu tur geridə qaldı. Öyrəndik ki...
- "İmişli" bu liqanın lakmus kağızıdı. Kim onları ciddiyə almırsa, onlarla matça lazımi hazırlıqla çıxmırsa, cəzasını alır. Klub olaraq yüngül desək, idealdan uzaqdırlar, amma komanda olaraq bütün proqnozları artıq alt-üst edə biliblər. Jorj Kaşkilyanın yetirmələri nəsə xüsusi, ekstraordinar futbol oynamırlar. Amma bu dəqiqə onlardan tələb olunan da bu deyil. Yeri-yurdu olmayan, bütün matçlarını konkret səfərdə keçirən bir heyətlə bu qədər xal yığmaq az iş deyil və hörməti haqq edir. "İmişli"nin burayaqədərki performansına "5" düşür.
- "Bir futbolçu bir matçda cəmi 2 toxunuşla necə fərq yarada bilər" sualının cavabı Vensan Abubakardı. Faktiki yeriyə-yeriyə matçın taleyini həll edən kamerunlu forvardın bu turdakı çıxışı barədə ancaq heyrət dolu sözlər səsləndirmək olar. Açıq görünür ki, tam formasından uzaqdı, hələ ki, yetəri qədər hazır deyil. Qarşıdakı 3-4 matçda daha çox oynayıb lazımi duruma gəlsə, fərq yaradacaq gücdədi. "Neftçi" üçün, xüsusilə də Samir Abasov üçün göydəndüşmə transferdi Abubakar. Sambu-Salyanski cütlüyünün qaçırdığı epizodların yarısını belə vursa, "ağ-qaralar"ın avrokubok yayı hazırdı.
- Liqanın ən yaxşı futbol oynayan komandalarından biri, bəlkə də birincisi "Qəbələ"di. Az qala hər toxunuş, hər epizodda dəqiq və düzgün oynayan "qara-qırmızılılar" yalnız təcrübə azlığı və heyət keyfiyyətin aşağı olmasının qurbanı olurlar.
- Lider "Turan"dı və gələn həftə komanda doğma rayona qayıdır. Əminliklə söyləyə bilərik ki, Kurban Berdıyevin yetirmələri təxminən 3 aylıq qəriblik dövrünü yaxşı keçirdilər, yetərincə xal ehtiyatı toplaya bildilər. Tovuzlular yaxşı temp yığıblar və bu tempin qorunması lazımdı. Heyətin keyfiyyəti buna imkan verir. Qalır təməli qoyulan işi başlandığı kimi davam etdirmək.
- Qurban Qurbanovun futbolçuların oyun ərzində dəfələrlə yersiz vaxt aparmaları, ilk imkandaca yerə yıxılıb oyunun tempini öldürmələrinə olan etirazını ciddiyə almaq lazımdı. "Atletik"lə oyundan sonra bu barədə yazmış, çempionumuzun, elə digər təmsilçilərimizin də Avropada istədiyimiz kimi mübarizə apara bilməmələrinin, rəqiblərin verdiyi tempə, pressinqə dözə bilməməyimizin səbəbini məhz bunda gördüyümü qeyd etmişdim. Hər hücumda, yanından yel keçən kimi güllə dəymiş kimi yıxılan futbolçuların bu şousunu bitirmədikcə, Biləcəridən o tərəfdə davamlı uğur barədə danışmağa dəyməz.