“Azarkeşlər hər məğlubiyyətdən sonra məni istefaya çağırmaq hüququna malikdirlər”
- 21:55
- 44
"Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze Premyer Liqanın 2-ci turu çərçivəsində “Şəfa”ya qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 0:1 hesablı məğlubiyəti belə şərh edib:
“Nəticə çox pis oldu. Öz azarkeşlərimiz önündə məğlubiyyətlə üzləşdik və təbii ki, bunda hər birimizin günahı var. Düşünürəm ki, rəqib yeganə ciddi qol imkanından istifadə etdi. Bizim də imkanlarımız oldu, amma onlardan yararlana bilmədik.
Oyun keyfiyyəti baxımdan da istədiyimiz səviyyədə deyildik. Bəzən mərkəzdə çox top itirirdik, ötürmələrdə isə ləng hərəkət edirdik. Bu top itkilərindən sonra rəqib 15-20 dəqiqə ərzində qapımız önündə əks-hücumlar yaradırdı. Görünür, bəzi futbolçular hələ də onlardan nə tələb etdiyimizi tam başa düşmür. Bəziləri isə, görünür, hansı səviyyəli çempionatda çıxış etdiklərini hələ dərk etmirlər. Halbuki Azərbaycan Premyer Liqası xeyli inkişaf edib.
Qələbə qazanmaq üçün kifayət qədər qol epizodu yaratdıq, amma onlardan istifadə edə bilmədik. Keyfiyyətimizi artırmalıyıq. Ötən mövsümdəki kombinasiya futbolumuz hazırda yoxdur. İndiki halda daha çox cinah ötürmələri hesabına təhlükəli olmağa çalışırıq.
Oyunu elə qurmuşduq ki, cinahlardan iki mərkəz hücumçusuna ötürmələr gəlsin və onlar bu imkanlardan yararlansınlar. Təəssüf ki, istədiyimiz alınmadı. Komandada potensial var. Futbolçuların indiyədək göstərdiklərinə əsasən bunu deyə bilərəm. Kombinasiya oyunumuzu itirmişik və bu baxımdan daha yaxşı ola bilərik. Əlbəttə, nəticənin pis olması ilə razıyam. Amma rəqib demək olar ki, yeganə ciddi qol imkanından istifadə etdi. Bizim isə, məsələn, dirəkdən qayıdan toplarımız oldu və digər imkanlardan da yararlana bilmədik. Azarkeşlər hər məğlubiyyətdən sonra məni istefaya çağırmaq hüququna malikdirlər”.