
"Ayə, bakavoy"dan başlayıb Qaraqayaya kimi uzanan təəssürat
- 17 Okt 2022 17:00
- 1437
16 illik jurnalist fəaliyyətim dövründə ilk dəfə idi Tovuzda, Tovuz stadionunda olurdum. Daha öncə Gürcüstana gedəndə bir-neçə dəfə bu rayonun ərazisindən keçmişdim. Amma özəl olaraq, səfərim olmamışdı. Debütün “Turan Tovuz” – “Səbail” matçına təsadüf etdi
İş tərsə düşəndə
Oyun günü evdən çıxanda və Sumqayıt avtovoğzalında Gəncə-Tovuz-Qazax avtobusuna minəndə hər şey yaxşı idi. Hətta sürücüyə “saat 2-ə kimi Tovuza çatarıq?” sualını verəndə, “İnşAllah” cavabını da eşitdim. Amma deyir sən saydığını say, gör “Azərsu” nə sayır. Bakı-Qazax yolunun Qaradağ-Ələt hissəsinə çatanda böyük bir tıxac quyruğu bizi qarşıladı. 10-15 dəqiqəyə açılar dedik, amma get-gedə məlum oldu ki, həna o hənadan deyil.Sən demə, sözügedən ərazidən keçən içməli su borusunun partlaması nəticəsində bütün yolu su basıb. Hardasa 1 saat və daha çox müddətdə ləngidik və “probka”dan çıxandan sonra saat 2-də Tovuza çatacağıma şübhə yarandı. Şübhəmdə yanılmadım və mən Tovuz voğzalında avtobusdan düşəndə qolumdakı saat 15:35-i göstərirdi. Yəni ilk hissəsnin başa çatmasına 10 dəqiqə qalılr.
“Ayə, bakavoy”...
Tovuz stadionunun bir şeyi yaxşıdır ki, arena rayon avtovoğzalına bitişik yerləşir. Yəni ilk dəfə Tovuza gələn adam avtobusdan düşüb stadion axtarmır, elə addım atıb içəri daxil olur. Amma təbii ki, bunun üçün öncə 2 manatından keçməlisən. Çünki əksər klublarımız kimi, “Turan Tovuz” da bilet satışı təşkil edib. Düzdür, 1 manata da bilet ala bilərsən. Lakin 1 manatlıq biletlərlə mərkəzi yox, əks tribunada oyuna baxa bilərsən. Həmin tribunada isə sektor və oturacaqlar əlverişsizdir. Əyləşən adam demək olar ki, meydançanı görmür. Azarkeş üçün isə bu, münasib sayıla bilməz. Azarkeşdən söz düşmüşkən, oyuna maraq böyük idi. 5 min azarkeş tutumu olan mərkəzi tribunanın bütün sektorları tam dolmuşdu. Bakıdakı boş tribunalarla müqayisədə sözün əsl mənasında futbol ab-havası yaşanırdı. Hətta bir anlıq uşaq olduğum 90-cı illərə qayıtdım. Çünki həmin dövrün dolu tribunalı çempionat oyunlarında azarkeşlərin xüsusi səs tonu ilə “ayə sudya sənin...”, “ayə bakaboy, o bayrağı sənə niyə veriblər?” və s. tipli etrazlarını eşitmək olardı.
İki fərqli hissə
Oyuna gəlincə, qısaca deyim ki, iki fərqli hiss izlədik. Dediyim kimi, ilk hissəsinin son 10 dəqiqəsinə baxdığım üçün yalnız bu zaman əhatəsində gördüyümü deyə bilərəm ki, “Turan Tovuz” daha üstün idi. Oyunu startdan izləyən həmkarlarım da bildirdi ki, ilk hissədə meydança sahibləri daha üstün oynayırdı. Bu üstünlük hesabda da əksini tapdı və tovuzlular fasiləyə 2:1 üstün yollandı. Fasilədən sonra isə meydançadakı rollar dəyişdi. Oyun və ərazi üstünlüyü tamamilə “Səbail” tərəfə keçdi və nəticədə onlar hesabı bərabərləşdirdilər. Hətta 3-cü qolu da vura bilərdilər. Lakin öncə “Turan Tovuz”un qapısına penalti təyin edən Kamal Umudlu, VAR-ın müdaxiləsi ilə qərarını dəyişib penaltini “Səbail”in əlehinə cərimə zərbəsi ilə əvəzlədi. Ümumiyyətlə, hakimlik haqqında qısaca deyim ki, Kamal oyunu o qədər də yüksək səviyyədə idarə etmədi. Bir epizodda isə “Səbail”in futbolçusu Mazurekin tovuzlu futbolçuya qarşı aşkar kobdluğuna heç bir reaksiya vermədi. Hansı ki, həmin hərəkətinə görə, Mazurek meydançadan qovulmalı idi. Ümumi götürdükdə nəticəni ədalətli saymaq olar. Amma “Turan Tovuz”un ardıcıl olaraq 4 oyundur ki, qələbə qazana bilməməsi də diqqət çəkməyə bilməz. Görünür Ayxan Abbasov turlar irəlilədikcə, mübarizə qızışdıqca heyətin kasadlığının yaratdığı problemləri hiss edir. Hər halda, ümid edək ki, bacarıqlı məşqçi bu sıxıntını da dəf edə biləcək.
PFL və “Turan Tovuz”un təşəkkür borcu
Bu arada Tovuza xeyli sayda jurnalistin ezam olunması da əlamətdar hadisə sayıla bilər. Təsadüfi deyil ki, “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov xat itkisinə baxmayaraq konfrans zalında xeyli sayda jurnalisti görəndə üzü güldü və görüntüdən şad olduğunu dilə gətirdi. Çünki bu oyuna qədər Tovuzdakı matçlardan sonra konfrans zalı boş olurdu. Təbii ki, bu məsələyə görə çempionatın təşkilatçısı Peşəkar Futbol Liqasının böyük rolu var. Maddi durumu yaxşı olmayan idman mediasının bölgə oyunlarına gedişini təmin edən, bu məsələdə jurnalistlərə maddi dəstək göstərən, onların səfər xərcini qarşılayan PFL-ə bu nəcib işinə görə ancaq təşəkkür düşür. Təşəkkürdən söz düşmüşkən, matçdan sonra media işçilərinə xüsusi diqqət, qayğı və qonaqpərvərlik göstərən “Turan Tovuz” klubuna da təşəkkür etmək lazımdır. Klubun idman direktoru Nadir Nəbyev, baş məşqçi Ayxan Abbasov və mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev jurnalistlərə xüsusi qayğı göstərdi. Onları klubun futbol akademiyasında şam yeməyinə dəvət edən adıçəkilən şəxslər hətta təmənnasız gecələmək üçün yer də təklif etdilər. Onların bu cür qonaqpərvərliyi yalnız alqışa layiqdir. Ümumiyyətlə, klub rəhbərliyi oyunları qüsusrsuz keçirmək üçün maksimum güc sərf edir. Təbii, elə şeylər var ki, onların səlahiyyəti xaricindədir. Məsələn, çox istərdim ki, Tovuz stadionunun təbii ot örtüyü, işıqlandırma sistemi, elektron tablosu olsun. Əks tribuna elə qurulsun ki, azarkeşlər oradan da rahat şəkildə oyunları izləyə bilsinlər. Amma təbii ki, bunlar böyük maliyyə tələb edir və klub idarəçilərinin imkanları xaricindədir. İrad, narazılıq kimi yox, qısaca dost tövsiyyəsi edərdim ki, heç olmasa jurnalistlərin oyunu daha yaxşı işıqlandırması üçün media sektoruna əncam çəksinlər. Çünki hazırkı durumda media sektordan heç cürə oyun izləmək olmur. Qələm əhlinin düz gözü önündə oyunu çəkən kamera və operatorlar yerləşdirildiyi üçün bizim üçün oyunu izləmək demək olar mümkünsüz olur. Media sektorunu ya bir az yuxarı qaldırmaq, ya da yerini kameralar qoyulan məkanla dəyişmək mümkündür.
Tovuzun mərd insanları, qəhrəmanlıq simvolu Ağdam və Qaraqaya
Səfərim zamanı xüsusi yadda qalan təəssüratlarımdan biri də şübhəsiz ki, 2020-ci il Tovuz döyüşlərinin baş verdiyi Ağdam kəndi və Qaraqaya yüksəkliyi ilə bağlı oldu. Buna görə isə şübəhiz, dostumuz Fikrət Məmmədova minnətdar olmalıyam. Fikrət müəllim sözün əsl mənasında Tovuz futbolunun fədaisidir. Onunla daha çox sosial şəbəkədə ünsiyyətdə olsaq da, bir mütləq Tovuza gələcəyimi və görüşəcəyimizə dair söz vermişdim. O da tez-tez bu sözümü mənə xatırladırdı. Təsadüfi deyil ki, stadiona daxil olanda da gözümün axtardığı ilk şəxslərdən biri Fikrət müəllim oldu. Sağ olsun, avtovoğzaldan yola düşənə kimi, məni müşayət elədi, tək qoymadı. Elə Ağdama, Qaraqayaya getməyi də o təklif etdi və təbii ki, mən də bu şansı əldən buraxa bilməzdim. Tovuz futbolunun başqa bir fədaisi Rasim Əliyev də bizimıə idi. Yeri gəlmişkən, Tovuz futbolunun 100 illiyinə həsr olunmuş kitabını xüsusi imza ilə məmə təqdim etdiyi üçün Rasim müəllimə də öz təşəkkürümü bildirirəm. Əslində Ağdam kəndinə və Qaraqaya yüksəkliyi istiqamətinə hər adamı buraxmırlar. Ağdam kəndinin girişinə polis postu quraşdırılıb və bu kəndə daxil olmaq üçün ciddi səbəbin olmalıdır. Yalnız kənd sakinlərinə sərbəst giriş-çıxış icazəsi verilir. Təbii, jurnalist vəsiqəm üzərimdə idi. Lakin Fikrət müəllimin məhz Ağdam kəndindən olması vəsiqəyə ehtiyac yaratmadı. Düşmənlə üz-üzə, göz-gözə dayana mərd insanları görmək qürurverici idi. Sözügedən əraziləri tanıyan şəxslər gözəl bilir ki, həmin ərazilər Ermənistana həmsərhəddi, hətta elə nöqtələri var ki, burdam baxanda erməni evləri, ordan baxanda isə bizim evlər görülür. Amma qəhrəman tovuzlular qətiyyən bundan çəkinmir və narahat deyil. Hətta Qaraqayaya yaxın ərazidə bir tikilini mənə göstərən Fikrət müəllim bildirdi ki, evin sahibi evi Tovuz döyüşləri zamanı atışma gedə-gedə tikib. Qaraqaya isə öz əzməti ilə insana xüsusi qürur verir, Azərbaycan xalqının, Azərbaycan ordusunun, Azərbaycan dövlətinin gücünü təcəssüm edirdi. Ağdam kəndindən ayrılıb Tovuzun mərkəzinə qayıdanda hava artıq qaralırdı. Bununla da mənim ilk Tovuz səfərim də yekunlaşırdı. Tovuzdan xoş xatirələr, gözəl təəssüratarla ayrılırdım. Ümid edirəm ki, ən qısa zamanda yenidən bu gözəl məkanın və gözəl insanların qonağı olacam!
Anar XANLAROV