UEFA 2022/23 mövsümündə avrokuboklarda klublara veriləcək pul mükafatlarının məbləğini açıqlayıb.

Rekord.az xəbər verir ki, avrokubok iştirakçıları turnirlərdə qazandıqları uğurlara görə aşağıdakı mükafatları alacaqlar:

Çempionlar Liqası
Çempionlar Liqasında qrup mərhələsində iştirak edən hər bir klub 15,64 milyon avro qazanacaq. Komandalar bu mərhələdə hər qələbəyə görə 2,8 milyon, heç-heçəyə görə 930 min avro alacaqlar. 1/16 finala yüksələnlər 9,6 milyon, 1/4 finala çıxanlar 10,6 milyon, yarımfinalda iştirak edənlər 12,5 milyon, finalçılar isə 15,5 milyon avro mükafat əldə edəcəklər. Qrupa gedən yolda pley-off mərhələsində mübarizəni dayandıranlara təsəlli mükafatı olaraq 5 milyon avro veriləcək.

Avropa Liqası
Avropa Liqasının qrup mərhələsində mübarizə aparanlar 3,63 milyon avro alacaqlar. Yarışda hər qələbənin dəyəri 630 min avrodur.

Konfrans Liqası
Konfrans Liqasında qrup mərhələsinin iştirakçıları 2,94 milyon avro qazanacaqlar. Turnirdəki hər qələbənin dəyəri 500 min avrodur.

Azərbaycanı bu mövsüm UEFA Çempionlar Liqasında “Qarabağ”, Konfrans Liqasında isə “Neftçi”, “Zirə” və “Qəbələ” təmsil edəcək.