“Allah onun bəlasını versin, bizi niyə odun içinə atıb, hələ də başa düşmürəm”
- 2020-01-04 12:00
- 1516
Nəticəsi öncədən razılaşdırılan oyunlarda iştiraka görə futboldan uzaqlaşdırılan futbolçuların, klub rəsmilərinin siyahısı gündən-günə genişlənir.
Rekord.az xəbər verir ki, ötən həftənin cümə günü AFFA xoşagəlməz olaylarda şübhəli bilinən daha 10 nəfərin “qələmini qırdı”.
Siyahıda yer alanlar arasında karyerasını davam etdirənlər də var, butslarını mıxdan asanlar da. Emin Cəfərquliyev də məhz belələrindəndi. Artıq xeyli vaxtdı yaşıl meydanlarda görünməyən Cəfərquliyev hazırda başqa sahədə çalışsa da, assosiasiya rəhbərliyi onun adını da “qara siyahı”ya salıb.
Yaşananlara münasibət bildirməsi üçün Eminlə əlaqə saxladıq. Verilən qərardan məyusluğunu gizlətməyən Cəfərquliyev günahsız olduğunu söylədi: “Mən artıq səhv etmirəmsə, 2 ildi karyeramı başa vurmuşam. Futboldan uzaq düşdüyüm halda adımın oyun alğı-satqısında hallanması özümə də qəribə gəldi. Məsələ ilə bağlı məni AFFA-ya dəvət edib izahat aldılar. Orda da bildirdim ki, “Binə” də çıxış etdiyim zaman ola bilsin, kimlərsə belə işlərlə məşğul olub. Ancaq mən heç vaxt oyun alğı-satqısında, nəticənin əvvəlcədən razılaşdırılmasında iştirak etməmişəm. Günahım olmadan ömürlük futboldan uzaqlaşdırılmağım haqsızlıqdı. Hələ ki araşdırmalar davam edir. İnanıram ki, günahsız olduğum üçün bu qadağa üzərimdən götürüləcək”.
Cəfərquliyevdən fərqli Orxan Həsənov cari mövsümdə də çıxış edib, futbolçu uzun müddətdi MOİK-in kapitan sarğısını daşıyır. O da qərardan narazı qaldığını dedi: “AFFA-nın məlum qərarı ilə bağlı məhkəməyə apellyasiya şikayəti vermişəm. Bu üzdən çempion olmuşuq və bütün görüşləri qalib kimi başa vurmuşuq. İzahatı alınanlardan biri bizə uduzduqları matçla bağlı nəsə deyib. Özləri aləmi qatıblar bir-birinə, istəyirlər ki, bizə də çamur atsınlar. Mən qalib gələn komandanın üzvüyəmsə, nəyə görə istəmirəm geniş açıqlama verim. Məhkəmə qərarını verəndən sonra fikirlərimi bölüşəcəm. Hər şey ötən mövsümlə bağlıdı. Biz adım belə xoşagəlməz olayda hallanmalıdı? Allah onun bəlasını versin. Ad çəkmək istəmirəm. Sadəcə, bizi niyə odun içinə atıb, hələ də başa düşmürəm. Qurunun oduna yaş da yanır. İnşallah, inanıram ki, məhkəmə haqq-ədaləti bərpa edəcək və mənim günahsız olduğumu təsdiqləyəcək”. ("Futbol plus" qəzeti)