Sevinək, yoxsa üzülək? - YAZI
- 11:00
- 39
4 günlük Litva səfəri başa çatdı. Litva çoxdan olmaq arzusunda olduğum ölkə idi. Hələ yeniyetməlik dövründə tv-də Vilnyusu görmüşdüm və çox bəyənmişdim. Özümüzdən böyüklər də həmişə SSRİ haqda danışanda Pribaltika ölkələrini xüsusi fərqləndirərdi. Düzdür, Vilnyusda yox, Kaunasda oldum. Əslində Vilnyusa getmək imkanım da var idi. Sadəcə, Polşaya getməyi seçdim. Orda da başıma gəlməyən qalmadı və yəqin ki, Polşa səfəri ömür boyu mənim yadımdan çıxmayacaq. Ümumiyyətlə, böyük təəssüratlarım var, kifayət qədər maraqlı hadisələrlə rastlaşdım. Hamısı haqda hissə-hissə yazacam. Amma ilk olaraq elə futboldan başlamaq istərdim. Millimizin Litva ilə 1:1 başa çatan matçı haqda hələ orda olarkən qısa yazmışdım. Amma bu dəfə bir qədər geniş yazacam.
Oyundan sonra sosial şəbəkələrə göz gəzdirəndə ənənəvi narazılıqlar gözdən qaçmadı. Davamlı müzakirə apardığım dost-tanış da mesaj yazıb fikirlərini bölüşdü. Hər kəs qələbə istəyirdi və gözləyirdi. Bütün bu cür düşünənlərin hamısını normal qəbul edirəm, haqqları da var. Sən bu gün dünya reytinqində özündən 20 pillə geridə olan milli ilə oynayırsansa onu məğlub etməyə borclusan. Biz özümüz də milli komandadan qələbə gözləyirdik. Və deyim ki, qələbə qazanmaq imkanlarımız da oldu. Təsadüfi deyil ki, oyundan sonra hamımız əldən çıxan 2 xala üzüldük. Amma keçən statusumda da yazmışdım, qələbə qazan bilməsək də, ən azı 1 xal da qənimət hesab olunmalıdır. Məğlubiyyət olsa nə olacaqdı? Özü də 27 sentyabr kimi bir gündə. Bu tarixdə oyuna çıxmaq hər nə qədər məsuliyyətli olsa da, bir o qədər də həyəcan, stress yaradır. Düzdür, əksər futbolçularda bu, olmaya bilər. Xüsusilə də legioner futbolçularda. Amma buna kifayət qədər ciddi yanaşan yerlilər də var idi. Xüsusilə məşqçilər korpusu. Özümü qoyuram Ayxan Abbasovun yerinə. 27 sentyabr günü Litvaya uduzsam məni ölkədə hansı təzyiq gözləyirdi. Bu gün hamı deyir e qorxaq futbol oynadılar, nə bilim hücum etmək, irəli atılmaq lazım idi, niyə sona yaxın müdafiəçi buraxdı, 1 xalın nəyi uğurdu filan. Allah eləməmiş, Litvaya məğlubiyyət olsaydı, təzyiq altında əziləcək, söyüləcək şəxs bunu yazablar yox, məhz Ayxan Abbasov olacaq. Çətindi. Yerli bir məşqçinin millidə işləməsi kənardan göründüyü qədər də asan deyil. Ayxan Abbasov bu gün de Byazinin, Santuşun aldığı maaşın yarısının, yarısını ala, ya almaya. Amma onların heç vaxt yaşamağıdı təzyiqi, basqını, hər an, hər saniyə öz üzərində hiss edir, bu stressi yaşayır. Gələk işin futbol tərəfinə.
Bəli, Litva millisi dünya reytinq sıralamasında 147-ci yerdə qərarlaşıb, bizdən 22 pillə geridədir. Amma gəlin məsələyə başqa tərəfdən baxaq. Onsuz da 120-ci pillədən sonra gələn komandaların böyük əksəriyyəti aşağı-yuxarı eyni səviyyədə, eyni gücdə olan komandalardı. Kiminsə kimisə 15-20 pillə üstələməsi böyük bir üstünlük, göstərici sayılmır. İlk "100-lüy"-ə düşsən hə, bu artıq səni ikinci "100-lük"dəki komandalardan ciddi şəkildə fərqləndirə bilər. Biz bu gün dünya reytinqində Litvadan 22 pillə öndə olsaq da, hazırkı futbolçu potensialımız onlardan geridir. Heyətlərinə baxın, neçə futbolçusu Avropada oynayır. Oyun öncəsi start heyətinə baxdım, Almaniyada, İsveçrədə oynayan futbolçuları ehtiyatda qalmışdı. Gineitis kimi futbolçuları bu gün "Torino"da oynayır. Xorvatiyada, Sloveniyada, Macarıstanda, İsraildə, Slovakiyada futbolçuları oynayır. Bunlar sizə zarafat gəlməsin. Adrian Likunasın 20 yaşı var, "Kremonese"nin üzvüdür. Bizim kimimiz var? Bir Mahir Əmrəlimiz var yazığı bütün günü söyürük. Halbuki elə ən yaxşımız da odur. Adam Litvadan xalı demək olar ki, tək aldı. Rüfət Abdullazadəmiz var, hələ bir yerdə möhkəmlənə bilmir. Toralımız var, Türkiyə I Liqasında əsas heyətə düşə bilmir. Bu gün Ayxan Abbasov Vüsal İsgəndərlini Kosovadan milliyə dəvət edir. Renat Dadaşov yox kimi bir şeydi. Kimimiz var, hansı futbolçu potensialına malikik ki, Litva ilə səfər heç-heçəsini az qala faciəyə çeviririk. Bəli, Azərbaycan futboluna illərdi yatırılan milyonların qabağında bizim bu gün D qrupunda yer almağımız, basketbol ölkəsi Litva ilə 1:1 oynamağımız faciə sayıla bilər. Amma bunlar günlərlə danışılacaq başqa söhbətin mövzusudur. Mənim danışdığım bugündür ki, bu günə görə 1 xala ağız büzüb Ayxan Abbasovun üstünə getməyək. Saşa Yunisoğlunun bir açıqlamasını oxudum deyir ki, bu gün millidə Ayxan Abbasov günahkar sayılacaq ən sonuncu adamdı. Bəli, tamamilə razıyam.
Deyirlər qorxaq futbol oynadıq. Bununla qəti razı deyiləm. Oyunu canlı izləyən biri kimi deyərdim ki, əksinə, milli komanda bacardığı qədər döyüşdü. Hətta hesabda önə keçmək üçün iki real imkanımız da oldu. O başqa məsələ ki, potensial, ustalıq budur, bəzən yersiz geri ötürmələr, iki metrdən auta vurulan toplar, rəqibin boyu 190 sm-dən yuxarı futbolçuları ilə hava mübarizələrində, xüsusilə ikinci toplarda uğursuzluqları danmaq olmaz. Amma bunun günahları Ayxan Abbasov deyil axı. Ayxan Abbasov bu yaşdan sonra 25-26 yaşlı kişilərə pas vermək öyrədəcək? Qapımıza təyin olunan penalti epizoduna baxın. Rahil Məmmədovla Emil Səfərov özlərindən Amerika açır. Rahil topu qabağa vurmaq əvəzinə üzü öz qapımıza tərəf, özü də litvalı futbolçuların əhatəsində olan Emil Səfərova top "soxur". Emil də ötürmədə səhv edir və rəqib topu ələ keçirib penalti qazanır. Düzdür, epizodun özü kifayət qədər mübahisəli idi. Amma deyək ki, heç penalti olmasa belə, cərimə meydançası daxilində o nə hoqqa idi? Buna Ayxan neyləsin? Millinin əsas qapıçısı Emil Balayev dünənə kimi "Neftçi"də 3-cü qapıçı idi, milli üçün siyahıdan silinmişdi. Rahil Məmmədov "Araz Naxçıvan"dan gəlib "Turan Tovuz"da ehtiyatda oturur. Bədavinin 35-36 yaşı var, adamı məcbur saxlayıblar. Rüfət keçən il "Şamaxı"da oynayırdı. Bu sadaladıqlarım Litva ilə oyunun start heyətində yer alan qapı və müdafiə xəttimiz id. Bunlarla qələbə, parlaq oyun, yüksək nəticələr gözləyirsiniz? Qolu kim vuracaq, meydanda özünü idarə edə bilməyən Renat Dadaşov, yoxsa onu əvəzləyən "Qarabağ"ın ehtiyatında qalan Musa Qurbanlı? Çempionatın bombardirlər siyahısında bir nəfər azərbaycanlı yoxdur, ölkədə stopper, sağ cinah müdafiəçisi, pleymeker, hücumçu yoxdur, yetişmir, yetişdirilmir, uşaq liqaları, oyun və məşq meydançaları bərbad gündə, bütün uşaq komandaları yararsız süni örtükdə məşq edib süni örtükdə oynayır, uşaq məşqçilərinin böyük əksəriyyəti tapşırıqla, tanışlıqla işləyir, məşqçilikdən xəbərləri yoxdur. Bu cür acı reallıqlar olduğu halda biz millidən, onun baş məşqçisindən hansı uğuru gözləyirik? Kaunas Litvanın ikinci şəhəridi, Sumqayıt da Azərbaycanın. Kaunasın 15 minlik yeni stadionunu da gördüm, Sumqayıtın 9 minlik yeni stadionunu da görmüşəm. Bu iki stadionun tikintisi, tikinti zamanı işə yanaşmada və yekunda ortaya qoyulan işlər arasındakı keyfiyyət fərqi bizim futbola yanaşmamızla, litvalıların futbola yanaşmasındakı fərqi göstərdi mənə. Özümüzü aldatmayaq. Bu potensialla biz bu qrupdan lider çıxsaq, şəxsən mənim üçün uğur olacaq!
Anar XANLAROV
Səfər AFFA-nın təşkilatçılığı və "Misli"nin dəstəyi ilə həyata keçirilib.