Koqnitiv dissonans vəziyyəti - yazı
- 16:12
- 34
Azərbaycan millisinin baş məşqçisi olmaq xarab maşını mənzil başına sürməyə bənzəyir.
Dəfələrlə "vurulmuş" maşındır, matoru "yağ yeyir", təkərləri boşdur, faralar həvəsi olanda işləyir, nə "dalni" görünür, nə "blizki", arxa pəncərələri qırıqdır, qapıları yaxşı bağlanmır, "patpres"də də "daş izi" var. "Rul"u sözə qulaq asmır, işə salmaq üçün də hər dəfə yeni bir açar düzəltməlisən. "Skorus" 2-dən o tərəfə keçmir, çox qaz verəndə də "nakladka"sı sıradan çıxır.
Radiosunda ancaq köhnə mahnılar verilir, arada da himn çalınır.
Və sən bu maşını sürüb harasa çatdırmalısan.
İllərdir bu "ölüxana"lıq maşına bahalı, xarici sürücülər gətirib möcüzə istəmişik. Bəziləri "bir-iki kruq" sürüb, çıxıb-gedib, bəziləri çox sürətli sürüb divara vurub, bəziləri də ümumiyyətlə işə sala bilməyiblər. Nəhayət, ötən il başa düşmüşük ki, problem sürücüdə yox, maşındadır. Ona görə də özümüzünkünə tapşırmışıq.
Düz də eləmişik. Bu "maşın"ın öhdəsindən ancaq bizim qəzalı maşınlarla işləməyə öyrəşmiş, hansı "datçik" yananda nə etməyin lazım olduğunu, qeyri-adi durumlarla üzləşib, məsələn, "bak"a 95 yox, 92, hətta səhvən dizel tökəndə nələr etmək gərəkdiyini bilən, başına min cür iş gəlmiş biri gələ bilər. Hazır maşını sürməyə nə var ki?
Hə, Ayxanı da tənqid edirik. "Niyə yavaş sürürsən bu maşını", "niyə çox ehtiyatlanırsan" kimi iradlar bildiririk. Prinsipcə, onu da düz edirik, çünki yarışdığımız maşınlar da bizimkindən çox fərqlənmir. Bəlkə bir az riskə getsək, türkün məsəli "qaza bassaq" daha yaxşı olar, ünvana tez çatarıq.
Amma bu da dəqiq deyil. Çox sürətlə gedərik, maşın yolda xarab olar, ya da trasdan çıxıb dərəyə düşə də bilər. Digər tərəfdən, onsuz da dibdəyik, elə həmin dərədən çıxmağa çalışırıq...
Konkret bir fikir yoxdur, qalmışıq xarab maşınla iki fikir arasında. O fikir də düzdür, bu fikir də. Koqnitiv dissonans vəziyyətidir.
Bir şey dəqiqdir ki, bu yolun, bu maşının problemi sürücü (məşqçi) deyil.