Zubirin qardaşının Azərbaycana gətirdiyi futbolçu: "Bu dərəcədə təsəvvür etməzdim" - MÜSAHİBƏ
- 12:00
- 45
“Şəfa”nın qvineya əsilli fransalı futbolçusu Bafode Dansoko Rekord.az-a müsahibə verib:
- Öncə ondan başlayaq ki, necə oldu Azərbaycana gəldin?
- Təklif menecerim, Abdulla Zubirin qardaşı Tarix Zubirdən gəldi. O, mənə "Şəfa" klubu, onun strategiyası, hədəfləri haqda məlumat verdi və birlikdə məsləhətləşib qərar verdik.
- Daha öncədən Azərbaycan, onun futbolu haqda məlumatın var idi, yoxsa təklif alandan sonra maraqlanmağa başladın?
- Ölkə haqqında məlumatım yox idi. Amma Zubir dostum olduğu üçün "Qarabağ"ın avrokuboklardakı oyunlarına baxırdım. Ölkə haqqında əsas məlumatları bura gələndən sonra topladım.
- Təəssüratların necədi?
- Gözəl ölkədi, Bakı da gözəl şəhərdi, bu qədər gözəl olacağını təsəvvür etməzdim. Ötən gün vaxtımız oldu, şəhəri gəzdik.
- "Şəfa"da özünü necə hiss edirsən, komandaya tam uyğunlaşa bilmisən?
- Özümü yaxşı hiss edirəm, günü gündən komandaya daha da çox uyğunlaşıram. Komanda yoldaşlarımla münasibətim də yaxşıdı və inanıram ki, bu mövsüm yaxşı nəticələrimiz olacaq.
- Azərbaycan çempionatında çıxış edən hansısa futbolçu ilə tanışlığın, dostluğun var?
- Azərbaycanda oynamış futbolçular olub ki, vaxtı ilə rəqib kimi üz-üzə gəlmişik. Amma adlarını xatırlaya bilmirəm. Düşünürəm ki, ildən ilə Azərbaycana gələn futbolçuların sayı artacaq. Ölkə gözəl ölkədi, şəhər gözəl şəhərdi, liqanın səviyyəsi də yaxşıdı.
- Bakıda tək yaşayırsan, yoxsa ailənlə?
- Hazırda təlim-məşq toplanışı olduğu üçün tək yaşayıram. Toplanış bitdikdən sonra ailəmi də bura gətirəcəm.
- Yeri gəlmişkən, ailənin Azərbaycanla bağlı fikirləri necədi?
- Onların da mənim kimi, məlumatı yox idi. Necə ki, mən araşdırdım, videolara, şəkillərə baxıb məlumat topladım, yəqin ki, onlar da bunu edəcək. Düşünürəm ki, Azərbaycan onların da xoşuna gələcək.
Anar XANLAROV