"Bakı Futbol Federasiyası"nın təşkilatçılığı, AFFA-nın dəstəyi ilə keçirilən "Sabahın ulduzları" turnirində çıxış edən "Zirə"nin U-14 komandası son turda "Dostluq" komandasına 3:1 hesabı ilə qalib gəldi.

Komandanın baş məşqçisi Tamerlan Bürcəliyev oyundan sonra Rekord.az-a turnirlə bağlı təəsüratlarını bölüşdü: "Əlbəttə inkişafımız üçün çox vacib turnirdi. Xüsusilə atmosferi qeyd edərdim, əsl Premyer Liqa ab-havasıdı. Uşaqlar da bu ab-havanı hiss edir. Projektorlar, 4 hakim, ümumi turnirə yanaşma şübhəsiz ki, uşaqların oyuna olan həvəsini daha da artırır. Bu mənada bu turnirə qatılmaq bizim üçün çox xoşdur. Biz də uşaqların inkişafı üçün əlimizdən gələni edirik. Təşkilatçılara "sağ ol" deyirəm, turnirin davamlı olmasını istərdik. Çünki biri var adi yoldaşlıq görüşü keçirib yeni mövsümə hazırlaşasan, biri də var bu cür turnirdə oynayıb hazırlaşasan. Təbii ki, bizim kimi gənc məşqçilərin inkişafı üçün də mühüm əhəmiyyət daşıyır. Oyunlara ciddi yanaşırıq və biz məşqçilər ciddi yanaşdığımız üçün uşaqlar da bizə baxıb eyni ciddiyyətlə yanaşır".


Qeyd edək ki, Tamerlan Bürcəliyev Vətən müharibəsində şəhid olan, "Zirə"nin U-17 komandasının üzvü olmuş İlqar Bürcəliyevin qardaşıdır.