Zaur Həşimov: "Bəzi mövqelərə ümumiyyətlə yerli futbolçu yox idi" - MÜSAHİBƏ
- 11:00
- 36
"Şəfa"nın baş məşqçisi Zaur Həşimov Rekord.az-a müsahibə verib:
- Zaur müəllim, hazırlıq necə gedir?
- İyulun 2-dən hazırlıqlara başlamışıq. İlk məşqimizdə 15-16 futbolçu var idi. Artıq tam heyətlə məşq edirik. Məlum məsələdir, yeni legionerlərlə danışıqlar, onların gəlişi... Ümumilikdə hazırlıq yaxşı gedir. İki yoldaşlıq görüşü oynamışıq, baxmayaraq ki, bu oyunlarda tam heyətlə oynamamışıq, amma ümumilikdə hazırlığın gedişindən razıyam.
- Planınızda Qəbələ toplanışı olsa da, sonradan ləğv olundu...
- Bəli, Qəbələ toplanışı ləğv olundu, amma bu, ümumi planımızı pozmadı. Orda da ayın 20-də toplanışa başlayacaqdıq, həmin tarixdə burda başladıq. Orda da yoldaşlıq görüşü keçirəcəkdik, burda da keçirdik. Qəbələyə getməməyimizin səbəbi də meydança amili ilə bağlı oldu. Meydançanın bizə verilmə saatı bizim planlarımıza uyğun deyildi. Məsələn, bir məqamı da deyim, ayın 25-də Qəbələdə "Qəbələ" ilə yoldaşlıq görüşü keçirdik və deyim ki hava da çox əlverişsiz idi, bürkü idi. Yəni Qəbələ toplanışının ləğvində hava faktoru da rol oynadı.
- Yəni maddiyatla bağlı məsələ olmayıb...
- Yox-yox, maddiyatla bağlı olmayıb.
- Hazırlığın bundan sonrakı mərhələsi nədən ibarət olacaq?
- Əsasən yoldaşlıq görüşləri. Ümumi planımızda dörd yoldaşlıq görüşü var idi. Bunlardan "Qəbələ" və "İmişli" ilə oynamışıq. Avqustun 31-də "Araz Naxçıvan"la oynayacayıq. Avqustun 7-də isə iki oyun planalşdırmışıq. Biri "Qarabağ"ın, digəri isə "Neftçi"nin əvəzedici komandası ilə. Elə edəcəyik ki, çempionatın startına kimi bütün futbolçularımız 90 dəqiqə meydançada olsun.
- "Şəfa" uzun müddətli fasilədən sonra yenidən yüksək liqyaa qayıtdı. Sizin dövrünüzün "Şəfa"sının əsas məqsədi yerli futbolçu yetişdirmək idi. İndiki "Şəfa"nın hədəfi, məqsədi nə olacaq?
- O çempionatla indiki çempionat arasında böyük fərq var. Həm səviyyə baxımından, həm legioner limiti baxımından, həm də maddi baxımdan tam başqa-başqa çempionatlardı. Əsas məqsədimiz Premyer Liqada möhkəmlənmək və təcrübə toplamaqdı. İnanıram ki, bunun da öhdəsindən gələcəyik.
- Komanda Premyer Liqaya yeni gələndə belə açıqlandı ki, strategiya yerli futbolçularla oynamaq olacaq. Lakin sonradan strategiya tədricən dəyişdi və "Şəfa" da legionerlər gətirməyə başladı. Bu isə müxtəlif söhbətlərə yol açdı. Yerli futbolçularla hədəfə çatmağın çətin olduğunu düşündünüz, yerli futbolçu tapmaq çətin idi, yoxsa yerli futbolçular dəyərindən qat-qat çox maaş tələb edirdi? Strategiyanın dəyişməsinin səbəbi nə oldu?
- Bütün səbəbləri saydınız (gülür). Həqiqətən də ilkin hədəf yerlilərlə oynamaq idi, mənim də razılığım belə olmuşdu. Amma tədricən, işin gedişində gördük ki, həm yerlilərlə oynamaq çətin olacaq, həm də yerli tapmaq çətin olacaq. Həmçinin, bəzi yerli futbolçularla danışıqlardan sonra da gördük ki, legionersiz alınmayacaq. İlkin mərhələdə qərar verdik ki, altı legioner gətirək. Lakin işin gedişində baxdıq ki, bu da kifayət eləmir. Məsələ tək o deyildi ki, bəzi yerlilər yüksək maaş tələb edirdi. Məsələ həm də o idi ki, bəzi mövqelərə ümumiyyətlə yerli futbolçu yox idi. Bu, heç kimə sirr deyil, milli komanda belə, bundan əziyyət çəkir. Buna görə klub rəhbərliyi legioner limitini 10-a qədər qaldırmağa qərar verdi.
- Hazırda neçə legionerlər rəsmi müqavilə bağlamısınız?
- Doqquz legionerlə müqavilə bağlamışız, daha birinin də yolunu gözləyirik.
- İlk turda "Zirə" ilə üz-üzə gələcəksiniz. Amma bir məsələ var ki, "Zirə" Konfrans Liqasında uğurlu çıxış eləsə, sizinlə oyunun təxirə salınması variantı da ortaya çıxa bilər. Buna hazırsınız?
- Təki "Zirə" uğurlu çıxış etsin, qalan məsələlər haqda sonra da qərar vermək olar. Prinsipcə bir tur gözləmək ciddi problem yaratmaz.
- Ev oyunlarınızı Sumqayıtda keçirəcəksiniz. Seçimdə bir sumqayıtlı olaraq, Zaur Həşimovun da rolu oldu?
- Açığı məndən əvvəl bu razılaşma artıq olmuşdu, amma mənə də deyiləndə etiraz etmədim. Hətta deyərdim bu gün üçün ən ideal variant Sumqayıtdı.
- Baş məşqçinin sumqayıtlı olması "Şəfa"nın ev oyunlarında müəyyən azarkeş kütləsinin toplaşmasına səbəb ola bilər?
- Yəqin ki, böyük kütlə olmayacaq (gülür). Amma inanıram ki, köhnə dostlar, tanışlar, məhlə uşaqları, onların övladları stadiona gəlib bizi dəstəkləyəcək.
Anar XANLAROV