Ümumrespublika seminarına Naxçıvanda start verilib
- 06 Noy 2024 13:45
- 207
Azərbaycan Güləş Federasiyası (AGF) məşqçilər üçün təşkil etdiyi ümumrespublika seminarına Naxçıvan şəhərində start verib.
Rekord.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, AGF və Naxçıvan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən seminarın nəzəri hissəsi nazirlikdə, praktiki mərhələ isə Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbində reallaşıb.
AGF Hakimlər Kollegiyasının sədri Qərib Əliyev, sərbəst güləş üzrə U-17 millisinin böyük məşqçisi Əsgərxan Novruzov və I-S dərəcəli beynəlxalq hakim Sədi Quliyev tərəfindən keçirilən seminarda mütəxəssislər təcrübələrini məşqçilərlə bölüşüb, məşqlərin keçirilməsi, güləş qaydalarının ətraflı izahı və başqa mövzularda geniş məlumat veriblər. Seminarda muxtar respublikada fəaliyyət göstərən 28 güləş məşqçisi və 50-dən çox idmançı iştirak edib.
Ümumrespublika seminarının məqsədi ölkənin müxtəlif bölgələrinin idman məktəblərində, cəmiyyət və təşkilatlarda işləyən güləş məşqçilərinin bilik və bacarığını daha da təkmilləşdirməkdir.
Qeyd edək ki, gənclər və idman naziri səlahiyyətlərinin icraçısı, nazir müavini Məcid Seyidovla AGF nümayəndə heyəti arasında görüş də keçirilib. Naxçıvanda güləşin inkişafı, əməkdaşlıq əlaqələrinin gücləndirilməsi və gələcək perspektivlərlə bağlı müzakirələr aparılıb.