Azərbaycanda əksər idman jurnalistləri və mütəxəssisləri ölkə futbolunun flaqmanı kimi "Neftçi"ni nəzərə alır. Bəli, bu bədbəxt klub (pulun bolluğundan bədbəxt olan klub) bizim tariximizin bir hissəsidir. Amma Tovuzun "Turan" klubunu da bu tarixdən ayırmaq olmaz. 

 

Bu klub uzun müddət Premyer Liqa həsrətindən sonra yenidən səhnəyə çıxdı və meydana qayıtdı. İnsafla qeyd edək ki, Tovuzda olan azarkeş dəstəyi heç Bakıda yoxdur. "Qarabağ"ın belə oyunlarına bu qədər azarkeş gəlmir. Mən hətta əminəm ki, Tovuzda 20 minlik stadion olsa, məsələn, "Kəpəz"lə oyuna ən az 15 min azarkeş gələr. Tovuzlu həmvətənlərimiz təkcə çox yeyib-içməklə deyil, idmana və xüsusən də, futbola marağı ilə tanınırlar. Həm də, bu rayonda bir futbol ənənəsi var. Çempion olan, çempionatda gümüş və bürünc medallar alan bir klubun təmsil etdiyi rayondur. Niyə olmasın?!

 

"Zirə" ilə son oyundan sonra, sosial şəbəkələrdə Ayxan Abbasova birbaşa "get, burda qalma" sözləri yazılan şərhlər gördüm. Bəzi tovuzlu futbol azarkeşləri Ayxan Abbasovun istefasını tələb edir. Onları anlayıram, amma haqq qazandırmıram.

 

Ayxan Abbasov hər hansı region klubunun tapacağı ən yaxşı yerli məşqçilərdən biridir. Tovuz azarkeşlərini anlayıram. Amma zaman o zaman deyil. Ölkəniz ya vəlvələdən ya zəlzələdən futbolçu yetişdirmir. Rayonlara da hər futbolçu və ya məşqçi gəlmir. İnfrastruktur önəmli amildir. Tovuzda bu hələ yoxdur. Təkcə kluba aid deyil, xarici futbolçunun uşağı harda məktəbə (və ya bağçaya) gedəcək? Azacıq realist olun!

 

Problem təkcə klublarla və ya AFFA ilə bağlı deyil. Rayonlarımızda olan şərait hələ o səviyyədə deyil ki, hətta pulumuz çatsa belə, istədiyimiz futbolçunu gətirə bilək.

 

Ümumiyyələ, region klubunu himayəyə götürmək Azərbaycanda riskli bir işdir. Ehtiram Quliyevə də hörmətim var, hərçənd, bir məsələdə dəstəyimi və jurnalist kimi əməkdaşlıq təklifimi bildirmişdim, geri dönüş etmədi. Əsgərlik yaşına çatan gənclərin klubda qalması ilə bağlı mövzunu daha geniş işləmək istəyirdim.

 

Quliyev kluba qoyduğu sərmayənin boşa getməsini də istəmir. Bu, normal biznesmen marağıdır.

 

Tovuzlu azarkeşlərə də təklfiim odur ki, bir az təmkinli olsunlar. Klub rəhbərliyinə təzyiq edərək, səhv qərarlar verməyə sövq etməsinlər. Mənim fikrimcə, "Turan" bu il olmasa da, yaxın 2-3 ildə avrokuboklara çıxacaq, həm də səviyyəli şəkildə çıxacaq…

 

Necə deyərlər, seyrə davam.

 

Rüfət Əhmədzadə