İllərdi mənə qaranlıq qalan bir məsələ də budur ki, niyə millinin oyunları olan ərəfələrdə I Diviziona da fasilə verilir. Premyer Liqanı başa düşdük, hər yerdə belədi. Amma I Divizionun millinin oyunlarına nə dəxli? Bizim I Diviziondan milli bir yana, heç U-21-ə də futbolçu çağırılmır. U-20-ə də tək-tük. Bu gün diviziondan U-21-ə, U-20-ə, U-19-a çağırılan futbolçuların hamısını bir yerə yığıb özümüzü öldürək eləsin 15, lap dirəşək 20 futbolçu. Halbuki I Divizionda 400-ə yaxın futbolçunun adı PFL-in sifariş ərizəsindədir. Hər klub minimum 24 nəfər futbolçu sifariş verib. Elə klub var 27-28 futbolçu sifariş verib. Hər klub milliyə versin 2-3 futbolçu. Misal olaraq deyirəm, çünki elə klub var cəmi bir futbolçu verir, eləsi var, heç futbolçu vermir. Yaxşı 15-20 futbolçuya görə 350-ə yaxın futbolçu niyə 2 həftə boş yerə dincəlməlidir?

 

Əksər ölkələrdə milliyə görə aşağı divizion oyunları təxirə salınmır. İspaniya kimi ölkədə bu gün II liqada oyunlar davam edir. Mən hələ Bolqarıstan, Hollandiya, Xorvatiya, Yunanıstan, Serbiya, Şotlandiya, Slovakiya, Türkiyə, Rusiya və s. demirəm. Bunlar futbol ölkələri sayılır, II liqaları bizim Premyer Liqadan da səviyyəlidir. Əksinə, bizdə də I Divizion oynanılmalıdır ki, maraq çəkə bilsin. Ola bilər hansısa qatı futbol azarkeşi, futbol xəstəsi durub oyuna getsin ki, gedim görüm, I Divizion nə mənədi, burda oyunlar necə gedir və s. Yəni biz Premyer Liqada yaranan boşluqdan I Divizionun xeyrinə, təbliğatına istifadə edə bilərik. Yenə deyirəm, Premyer Liqa olmadığı üçün azarkeşlər arasında I Diviziona baxmaq istəyənlər ola bilər. Məsələn, dünən təxirə salınan "Şamaxı-2" - "Mingəçevir" matçına xeyli azarkeş gəlib. Protikola da baxdım 750 nəfər yazılıb. Etiraf edək ki, I Divizion üçün heç də pis rəqəm deyil.

 

Bundan başqa, Premyer Liqa hakimlərini I Divizion oyunlarına göndərmək olar. Deyək ki, Əliyar Ağayev kimi FİFA referisinin hansısa divizion komandalarının oyununu idarə etməsi o komandanın futbolçuları üçün əlavə motivasiya ola bilər. Eyni zamanda hakimlər də işsiz, oyun praktikasız qalmır, ən əsası, maddi baxımından itirmirlər. Həmçinin, divizionun mərkəzi oyununun canlı yayımlanması da komandalara, futbolçulara bir başqa məsuliyyət, motivasiya verəcək ki, onlara bütün ölkə canlı baxır. Yəni hardan baxsan işin xeyirinə görünür.

 

Anar XANLAROV