Sizə təqdim edəcəyimiz bu yazı həm futbolumuzun tarixindən bir nümunə olacaq, həm də uzun illərdi bizə düşmən münasibəti bəsləyən, uzun illər torpaqlarımızı işğal altında saxlayan ermənilərin iç üzünü növbəti dəfə açacaq. Bəlkə də nisbətən yaşlı azarkeşlər bu haqda məlumatlıdırlar. Ancaq əminik ki, gənc nəslin çoxunun indi sizə təqdim edəcəyimiz faktlardan xəbəri yoxdur.

 

Heç kimə sirr deyil ki, zaman-zaman Azərbaycan futbolunda erməni imzaları olub. Söhbət tək “Neftçi”dən getmir. Digər bölgə komandalarımızda da erməni futbolçular çıxış ediblər ki, bu da təbii hal sayılırdı. Çünki sovet vaxtı Azərbaycanın iri şəhərlərində kifayət qədər erməni yaşayıb. Təbii ki, SSRİ vaxtı ölkənin əsas komandası “Neftçi” olduğundan bu komandada top qovan üzdəniraqlar daha çox yaddaşlarda qalıb. Ümumiyyətlə, zaman zaman özümüzü unutqanlıqda qınamışıq. Ermənilər hər zaman bizə düşmən gözü ilə baxıb altdan-altdan öz çirkin siyasətlərini yeritdikləri halda biz olanları tez unudub sonradan bunun acısını çəkmişik. Bir vaxtlar “Neftçi”nin formasını geyinən bir sıra ermənilər olub ki, burada oynayıb pul qazananda, özünə şərait quranda səsini çıxarmayıb. Elə ki,  Bakıdan ayrılıb, futbolçu karyerasını qurtarıb, sonradan ölkəmiz haqqında xoşagəlməz fikirlər söyləməklə iç üzünü açıb ortaya qoyub. İndi sizə təqdim edəcəyimiz yazıda, “Neftçi”nin tarixinə düşmüş erməni futbolçularla bağlı çox maraqlı faktlarla tanış olacaqsınız.

 

SSRİ çempionatının güclülər dəstəsində “Neftçi”nin formasını 20-ə yaxın erməni geyib. Bəli, məhz formanı geyib. Şərəfini qoruyub demək çətindir. Çünki bu ifadənin arxasında tam başqa mətləblər dayanır ki, aşağıda sadalayacaqlarımız faktlar  ermənilər haqqında bunu deməyə imkan vermir. Təsəvvür edin ki, komanda hər dəfə güclülər dəstəsi ilə vidalaşanda erməni futbolçular “Neftçi”dən qaçırdı. Təsadüfi deyil ki, bakılılar SSRİ çempionatının birinci dəstəsində 4 mövsüm keçirəndən sonra 1976-cı ildə istisnasız olaraq, azərbaycanlı uşaqların hesabına elitaya qayıtmışdı. Bakı futbol məktəbinin yetişdirdiyi ən məşhur erməni futbolçulardan biri Aleksandr Mirzoyanın qaçış  tarixçəsi bu mənada “parlaq” nümunədir. Hələ 2001-ci ildə Rusiyanın “Sport Ekspress” qəzetinə verdiyi müsahibədə “1972-ci ildə “Neftçi” birinci dəstəyə düşdü. Düzünü desəm, orada oynamaq maraqsız idi. Həm də komandada qeyri-sağlam mühit yaranmışdı” deyən Mirzoyan əslində Bakıdan qaçmasına haqq qazandırmaqla yanaşı, təbii ki, özünün həmin o “qeyri-sağlam mühit”in yaradıcısı olduğunu gizlətmirdi. Mərhum Əli Rəhmanov Mirzoyana cavab verərkən onun 70-ci illərdə özünü ulduz futbolçu kimi apardığını, məşqlərə o qədər də ciddi yanaşmadığını, həmin vaxt komandanın rəisi olmuş Gülbala Allahverdiyev isə erməni futbolçunun tez-tez Sergey Kramarenko, Rafiq Quliyevlə dava saldığını bildirmişdi. Belə davranış manerası Mirzoyanın “Neftçi”dən “Ararat”a qaçmasına xidmət edir. O, sadəcə, özünü əziyyətə salıb komandanın elitaya qayıtmasına töhfə vermək, bir Azərbaycan klubunun uğurunda səbəbkar olmaq istəmirdi.

 İki respublikanın futbol uğurlarından söz düşəndə erməni müəlliflər adətən “Ararat”ı önə çəkərək bu komandanın SSRİ dövründə çempion olmasından, iki dəfə gümüş medal qazanmasından dəm vurur. Həqiqəti etiraf etmək gərəkirsə bəli, ermənilər SSRİ çempionatında daha böyük uğurlar qazanıblar. Amma bir faktı da unutmayaq ki, onların sovet futbolunda sözü keçən, əli ən yüksək təbəqələrə çatan  Nikita Simonyan kimi nümayəndələri olub. Təəssüf ki, bizim eyni nüfuza malik futbol adamımız olmayıb. Ancaq bir maraqlı fakt var ki, onunla tanış olarkən təəccüblənməmək olmur. Belə ki, XXI əsrin ilk ilində Ermənistanda XX əsrin rəmzi yığması müəyyəndirilərkən siyahıda yer alan 11 futbolçudan dördü-Sergey Zatikyan, Arkadi Andreasyan, Eduard Markarov və Nikolay Kazaryan Bakı futbolunun yetirməsi olub.

 Azərbaycan ermənilərə səxavətlə qucaq açır, onlara əsas komandasında yer verir, Ermənistan isə bu respublikada yaşayan çoxsayılı azərbaycanlını təcrid vəziyyətində saxlayırdı. Qonşu respublikanın idman rəhbərliyi bilərəkdən elə mühit yaratmışdı ki, hansısan azərbaycanlının “Ararat”da görünməsi sadəcə, mümkünsüz idi. Yox, bir yol görünürdü: ad və soyadı dəyişib erməniləşmək lazım idi ki, buna da heç bir qeyrətli azərbaycanlı getməzdi. Bax, budur erməni xisləti. Başqalarından tolerantlıq, dostluq tələb edib, özünün monoetnik dövlət  qurmasına xidmət edən xislət. Erməni millətçiliyi, şovinizmi o həddə çatmışdı ki, Azərbaycanın ayrılmaz hissəsi olan Xankəndini təmsil edən “Qarabağ”da belə, soydaşlarımız bir əlin barmaqları ilə sayılacaq qədər az idi. Bütün bu məqamların fonunda Bakı ermənisi Aleksandr Qriqoryanın müxtəlif kitablarında azərbaycanlı müəllifləri qeyri-obyektivlikdə suçlamacı gülüş doğurur. Azərbaycan futbol ictimaiyyəti qeyri-obyektiv olsaydı, 1981-ci ildə-ölkəmizdə futbolun təşəkkül tapmasının 70 illiyi qeyd olunarkən Artaşes Əmircanov, Suren Petrosyan və Eduard Markarovun adını 33 yaxşı oyunçu siyahısına salmazdı.

 “Neftçi”nin erməniləri” mövzusunda yazırıqsa, Eduard Markarovu mütləq xatırlamaq lazımdır. 60-cı illər SSRİ futbolunun ən texnikalı oyunçularından birinin-karyerasının 10 ilini “Neftçi”yə, 5 ilini isə “Ararat”a həsr etmiş Markarovun belə uzun müddət Bakıda oynamasının, hətta “ağ-qaralar”ın SSRİ çempionatında ən çox qol vuran oyunçusu adını daşımasının da özəl səbəbi var. Belə “bağlılıq” birmənalı şəkildə onun atası Artyom Markarovun soydaşlarına- ermənilərə bəslədiyi nifrətdən irəli gəlirdi. İş ondadır ki, daim oyunu ilə seçilən Bakı ermənilərini bütün vasitələrlə İrəvana qaçırmaq yolunu tutan Ermənistanın futbol rəhbərliyi 1946-cı il mövsümü ərəfəsində ata Markarovu da dilə tuta bilmişdi. Lakin o,  iki il “Dinamo”da oynadıqdan sonra komanda dağıldı, 40 yaşlı futbolçunu isə faktiki küçəyə atdılar. Çörak almağa pulu, qalmağa evi olmayan Artyom yenidən Bakıya pənah gətirdi. Soydaşlarının hərəkəti necə ona yer etmişdisə, ömürboyu ermənilərə nifrəti qəlbində daşıdı. Elə bu hissin təsiri altında da oğlunun “Ararat”da və ya bir başqa erməni komandasında yox, məhz “Neftçi”də oynamasına qərar verdi.

 Erməni müəlliflərindən fərqli biz azərbaycanlılar obyektivlik hissini itirməməli və tarixin gözünə dik baxmalıyıq. Bu mənada “Markarov “Neftçi”yə hansı dərəcədə bağlı idi” sualını da cavablandırmaq lazım gəlir. Əlbəttə, o, “Neftçi”nin heyətində bir çox parlaq oyunlar keçirib, Bakı klubunun bir çox önəmli qollarına imza atıb, 1965-68-ci illər aralığında bütün SSRİ-ni heyran edən məşhur “BMT” üçlüyünün bir hissəsi olub (Banişevski-Markarov-Tuayev-red). Təbii ki, çəkdiyi əziyyətin də əvəzini görüb. Bakının ən məşhur küçələrində iki mənzili olub, “Neftçi”dəki karyerası əzrində üç maşın dəyişib. Ortaya təbii sual çıxır: həmin dövrdə ermənilərə, konkret “Neftçi”nin əbədi rəqibi “Ararat”a münasibət necə olub? Bu auala cavab vermək üçün veteran həmkarımız Şakir Yaqubovun “Banişevski olduğu kimi” kitabında yer alan, Adil Qaçayoğlunun Banişevski ilə 1991-ci ildəki müsahibəsindən bir hissəni nəzərinizə çatdırmaqdan yaxşı yol görmürük:

-          Londondan sözün həqiqi mənasında söhrətin zirvəsində qayıtdınız və “Neftçi”nin heyətində elə ilk oyundaca “Ararat”ın qapısına (söhbət 1966-cı il avqustun 15-də keçirilən “Neftçi”-“Ararat” matçından gedir-red) onbirmetrlik cərimə zərbəsini vura bilmədiniz..

-          Bilirsiniz hər şey necə olub?

-          Eşidirəm.

-          Oyundan əvvəl razılaşmışdıq ki, 11 metrlik olsa, Markarov vuracaq. Lakin həmin an o qəti surətdə bunu boynundan atdı.

-          Niyə?

-          Istəyirsiniz inanın, istəyirsiniz yox, qayıtdı ki: “Mən vurmayacağam! Keçməsə, deyəcəklər ermənidir, özü bilərəkdən vurmadı. Sən vura bilməsən, bağışlayarlar”.

Müsahibənin bu hissəsindən sonra Şakir Yaqubovun zərusi əlavəsini də oxuyaq: “müxtəlif vaxtlarda Markarovun özünün Yerevan komandasının belini qıran qollar vurmasına baxmayaraq, “erməninin erməniyə qol vurmaq istəməməsi” də həmin vaxt istisnalıq təşkil etmirdi”.

   Markarovun “Neftçi”dən “Ararat”a qaçış  tarixçəsi də yetərincə maraqlı, amma həm də riyakarlıqlarla zəngindir.  1964-cü ildə atasını, 1970-ci ildə isə anasını itirən Eduardı Bakıda saxlayacaq heç bir qüvvə yox idi. Artıq “kəşfiyyatçılar”ın çxosaylı təkliflərini cavablandırmaq olardı. Düzdür, buna qədər Markarovun “Neftçi”dəki çıxışına təsir edən bəzi başqa olaylar da yaşanmışdı. Belə ki, o, əvvəlcə milislərlə toqquşma, ardından Rostov OİK-inin müdafiəçisi Viktor Getmanovun kobud oyunu üzündən uzun müddət xəstəxanada yatmış, bu da istər-istəməz idman formasına təsir göstərmişdi. Bir neçə il sonra futbolçu karyerasının həmin dönəmi haqqında belə deyəcəkdi: “Neftyanik”dəki son iki mövsümdə (1969, 1970-ci il mövsümlərini nəzərdə turur-red) zədələr məni izlədi, praktiki olaraq bu illər mənim üçün itirildi. Ətrafda belə söhbətlər eşitməyə başladım: “Markarov zəifdi, qocalıb”. Anladım ki, nəyisə dəyişmək lazımdır. Ya  tam qurtarmaq, ya da artıq başqa komandada “barıtımın hələ qaldığını” göstərmək”.

 Bu qaçşda Azərbaycanın futbol rəhbərliyini qəzəbləndirən yeganə məqam o idi ki, kapitan “Ararat”a keçidinə bir neçə gün qalmış “İdman”ın səhifələrində komandanı heç kimin tərk etməyəcəyini bildirirdi. Eduardın illər uzunu xidmət etdiyi komandaya növbəti xəyanəti isə “Ararat”la işləri yoluna qoyandan sonra Bakıya-“Neftçi” rəhbərliyinə zəng edib onları məlumatlandırması idi.

 Yuxarıda adlarını çəkdiyimiz Qriqoryanın “Markarovı. Brazilçı armyanskoqo futbola” kitabında daha bir cəlbedici, həm də açıq-aşkar yekəxana iddia var: “Haçansa Ermənistan komandaları Azərbaycan komandalarına uduzurdusa da, bu yalnız o səbəbdən olurdu ki, sonuncuların heyətində ermənilər oynayırdı”.

Əlahəzrət zaman Qriqoryanın bu iddiasını da yerlə yeksan edir. Özü də “qapazlama”nın önündə bir başqa komanda yox, məhz “Neftçi” gedir. “Ağ-qaralar” dalbadal iki il “Birlik kuboku”nda ermənilərə yerini göstərməklə Qriqoryanın iddiasının əksinə, bu ölkənin ermənilərsiz də çox şeyi bacardığını göstərdi.  2005-ci ildə “Neftçi” “Pünik”i 2:0 hesabıyla məğlub edərək tarixi nəticəyə imza atdı. Püşk bir il sonra, eyni turnirdə yenə bu komandaları bir-birinə rəqib etdi. Lakin bu dəfə ermənilər heç meydançaya da çıxmadılar. Qorxularından Moskvadan birbaşa İrəvana qaçdılar.


Anar XANLAROV